Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:37

İran İsrailin zərbələri nəticəsində iki əsgərinin həlak olduğunu bildirib


Tehranda partlayışlar
Tehranda partlayışlar

İsrail ordusu İranda hədəflərə “dəqiq” zərbələr endirməyə başladığını bildirib. Hücumun İranın bu ayın əvvəlindəki zərbələrinə cavab olaraq gerçəkləşdirildiyi açıqlanıb.

“İrandakı rejimin İsrail dövlətinə qarşı aylardır davam edən hücumlarına cavab olaraq, İsraili Müdafiə Qüvvələri hazırda İranda hərbi hədəflərə dəqiq zərbələr endirir”, – ordunun sözçüsü video bəyanatında deyib.

Bəyanatda həmçinin İranının və regiondakı proksilərinin ötən il oktyabrın 7-dən bəri İsrailə amansız hücum etdiyi, İran torpağından birbaşa hücumlar olduğu vurğulanır.

Tehranda partlayışlar

Bu açıqlamadan öncə İran paytaxtı Tehranda və yaxınlıqdakı Kərəc şəhərində bir neçə partlayış baş verib. Məlumatı yerli media oktyabrın 26-na keçən gecə yayıb.

Dövlət televiziyası, İslam İnqilab Keşikçiləri Korpusuna bağlı Fars xəbər agentliyi və CNN partlayışlar barədə xəbər yayıb.

İran İsrailin hücumunda iki əsgərinin öldürüldüyünü, Tehran ətrafında və ölkənin başqa yerlərində hərbi hədəflərin vurulduğunu, “məhdud ziyan” törədildiyini bildirib.

Yarırəsmi Tasnim agentliyi xəbər verir ki, qısa fasilədən sonra İran uçuşları bərpa edib.

İran bir neçə həftə idi İsrailin cavab hücumunu gözləyirdi, bir çox hökumət rəsmiləri və müşahidəçilər belə deyirdilər. İran ayın əvvəlində İsrailə kütləvi raket zərbəsi gerçəkləşdirmişdi, bunun İsrailin daha öncəki hücumuna cavab olduğunu deyirdi.

İsrailin zərbələrinin enerji, yaxud nüvə obyektlərini hədəfə almadığı bildirilir.

Bəzi media orqanları Şiraz şəhərinə də hücum olduğunu xəbərləsə də, dövlət televiziyası bunu təsdiqləməyib, İsrail də şərh etməyib.

ABŞ məlumatlandırılıb

Ağ evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet (Sean Savett) deyib ki, Vaşinqtona zərbələr barədə öncədən məlumat verilib. Sözçü bunu “özünümüdafiə məşqi və İranın oktyabrın 1-də İsrailə qarşı ballistik raket hücumuna cavab” adlandırıb.

Bu arada İsrail Suriyanın mərkəzində və cənub hissələrində də bəzi hərbi obyektləri hədəfə alıb.

İsrail Livanda Hizbullah silahlı qruplaşmasına hücumu da intensivləşdirir. Bu arada İranla ABŞ-ın regional müharibəyə cəlb olunacağı sarıdan narahatlıq artır.

ABŞ Hizbullahı terrorçu sayır, Aİ yalnız onun silahlı qanadını qara siyahıya salıb.

İndiki müharibəyə ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS qruplaşması səbəb olub. Qruplaşma 2023-cü il oktyabrın 7-də İsrailə girərək 1200 nəfəri qətlə yetirib, 251 nəfəri girov götürüb.

XS
SM
MD
LG