Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:53

Ekspertlər: İsrailin Livana zərbələri yeni müharibənin başlanğıcıdır


Sentyabrın 24-də Beyrutun mərkəzi küçələrindən biri hava zərbəsindən sonra
Sentyabrın 24-də Beyrutun mərkəzi küçələrindən biri hava zərbəsindən sonra

AzadlıqRadiosunun Yaxın Şərq üzrə təhlilçisi Kian Şərifi yazır ki, İsrail sentyabrın 23-də ABŞ və bir sıra ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan Hizbullahın mövqelərinə 2006-cı ildən bəri ən ölümcül zərbələrini endirib.

Məqalədə deyilir ki, yüzlərlə insanın həyatına son qoymuş bu zərbələr həm də İsraillə Hizbullah arasında yeni müharibənin başlanğıcı deməkdir.

İsrail oktyabr ayında Qəzza zolağında müharibəyə başlayandan bəri Hizbullah ABŞ və başqa ölkələr tərəfindən terrorçu təşkilat kimi tanınan HƏMAS-a dəstək olaraq İsrail üzərinə raket zərbələri endirib.

Amma Hizbullah üzvlərinin üstündə kütləvi şəkildə baş verən peycer partlayışlarının ardınca İsrailin Hizbullaha birbaşa raket zərbələri yeni münaqişənin başlanğıcına çevrilib. İsrail peycer əməliyyatı üçün məsuliyyətini nə təsdiq, nə də inkar edir.

Hizbullahı tam sıradan çıxarmaq mümkündürmü?

Bəhreyndəki Le Beck beynəlxalq konsaltinqinin kəşfiyyat bölümünün başçısı Maykl Horovits deyir ki, yeni münaqişəni zorakılığına görə 2006-ci il İkinci Livan Müharibəsi ilə müqayisə etmək olar.

Məqalədə deyilir ki, İran tərəfindən dəstəklənən Hizbullah son aylarda bir sıra uğursuzluqlarla üzləşib. İsrail Hizbullahın rəhbərliyinə və komandanlığına qarşı bir sıra sui-qəsdlər həyata keçirib.

Lakin bəzi ekspertlərin fikrincə bu uğursuzluqlara baxmayaraq Hizbullahı sıradan çıxarmaq mümkün olmayıb.

Horovits isə deyir ki, on minlərlə silahlıdan ibarət ordusu və böyük silah cəbbəxanası nəzərə alınarsa, Hizbullahı tamamilə oyundan çıxarmaq realist hədəf kimi görünmür.

Hizbullah hava bombardmanlarına cavab olaraq İsrailin şimalını raket atəşinə tutub. Amma qrup hələ ki, İsrail ərazisinin dərinlikləri vura bilən orta və uzaqmənzilli raketərindən və dronlardan istifadə etməyib.

Riskli strategiya

Hizbullah israr edir ki, Qəzza müharibəsinə son qoyacaq atəşkəs razılaşması əldə edilməyənədək İsrail ərazisini vurmaqda davam edəcək. İsrail isə bəyan edir ki, məqsədi şimal sərhədlərinə nəzarətini bərpa etmək və buradan didərgin düşmüş minlərlə israillini evlərinə qaytarmaqdır.

Horovitsin sözlərinə görə İsrail düşünür ki, səylərini artırmaqla Livan cəbhəsini Qəzza cəbhəsindən ayıra bilər. Hizbullah buna mane olmağa çalışarsa, elə ağır itkilər verəcək ki, 11 aydır İsrailə qarşı davam edən hücumlarını zəiflətməli olacaq.

Lakin ekspertlərin fikrincə İsrail Hizbullaha qarşı hücumlarını intensivləşdirməklə çox təhlükəli strategiya qəbul edib. Horovits bu barədə deyib:

“Nəticə bu ola bilər ki, İsrail Hizbullah hələ cəbbəxanasının əhəmiyyətli hissəsindən istifadəyə macal tapmamış onu neytrallaşdıra bilər. İran və Hizbullahı eskalasiyadan çəkindirmək də mümkündür. Amma bu riskli oyundur”.

Ekspert: İran bu dəfə də müdaxilə etməyəcək

Hizbullahın əsas dəstəkçisi İran hələ ki, bu münaqişəyə birbaşa müdaxilədən çəkinib.

Londonda mənzillənmiş politoloq Cəlali Haşemi AzadlıqRadiosuna deyib ki, Hizbullahın 23 sentyabr hücumuna zəif reaksiyası və İranın münaqişəyə müdaxilədən çəkinməsi baş nazir Benyamin Netanyahunu daha da ürəkləndirib.

İran və İsrail HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qətli də daxil son aylarda bir neçə dəfə müharibə vəziyyətinə çatıblar. Tehran bu qətlə görə İsraili ittiham etsə də, birbaşa hərbi cavaba əl atmayıb.

Britaniyada mənzillənmiş regional ekspert Əli Möhtadi deyir ki, İran 2006-cı il Hizbullah-İsrail müharibəsinə də birbaşa müdaxilədən çəkinmişdi və müttəfiqinə yalnız logistika və silah dəstəyi verirdi.

Ekspertin fikrincə, Tehran bu dəfə də yalnız bu qədər dəstəklə kifayətlənəcək.

XS
SM
MD
LG