Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:23

10-dək təşkilat Rusiyanı ‘xarici agent’ qanununu qəbul etməməyə çağırır


Amnesty International, Human Rights Watch, "Sərhədsiz müxbirlər” və Jurnalistləri Müdafiə Komitəsi də daxil 10-dək beynəlxalq jurnalist və insan haqları təşkilatı Rusiya hakimiyyət orqanlarını kütləvi informasiya vasitələri və xarici agentlər barədə qanuna dəyişiklik və əlavələrdən imtina etməyə çağırıb.

Bu qanun dəyişikliyinə görə fiziki şəxslər də xarici agent hesab oluna bilərlər.

Qanuna əlavələr Dövlət Duması və Federasiya Şurası tərəfindən qəbul edilib və hazırda prezident Vladimir Putin tərəfindən imzalanmasını gözləyir.

Jurnalist və insan haqları təşkilatlarının birgə bəyanatında deyilir ki, qanuna edilən bu əlavələr jurnalistlər üzərinə ağır cərimələr qoymaqla onsuz da özlüyündə sərt olan Rusiya media qanununu daha da ağırlaşdıracaq.

Bu da bildirilir ki, əlavələrdən məqsəd Rusiyada azad və müstəqil mediaların fəaliyyət meydanını daha da daraltmaqdır.

Qanun layihəsində deyilir ki, xarici agent sayılan kütləvi informasiya vasitələrinin materiallarını yayan jurnalistlər də xarici agent sayıla bilərlər.

Bu isə o deməkdir ki, nəzəri baxımdan bu qanun xarici medianın yaydığı materialları sosial mediada təkrar dərc edənlərə də şamil oluna bilər.

Söhbət həm də xaricdən hər hansı dəstək, yardım və qrant alan jurnalistlərdən gedir.

Bu qanun layihəsinə görə xarici agent sayılan medialarda çalışan və yaxud onların yaradılmasında iştirak edən şəxslər də xarici agent sayılacaq.

Qanuna dəyişikliklərin təşəbbüsçüləri deyirlər ki, bu akt ucdantutma tətbiq olunmayacaq, agentlərin siyahısı isə Ədliyyə və Xarici İşlər nazirlikləri tərəfindən birgə tərtib ediləcək.

AzadlıqRadiosunun prezidenti Jamie Fly bununla əlaqədar olaraq demişdi ki, Dövlət Duması tərəfindən qanuna edilən əlavələr “Azad Avropa/AzadlıqRadiosu və digər xarici kütləvi informasiya vasitələri jurnalistlərinin təqibinin gücləndirilməsinə yönəlmiş təhlükəli və getdikcə artmaqda olan səylərin təzahürüdür”.

Onun sözlərinə görə qanun dəyişikliyi ona gətirib çıxaracaq ki, Rusiya vətəndaşları yalnız Kreml tərəfindən icazəsi verilmiş informasiyanı ala biləcəklər.

Rusiyada 2017-ci ildə qəbul edilmiş qanuna görə xaricdən maliyyələşən kütləvi informasiya vasitələri “xarici agent” sayıla bilərlər.

Rusiya Ədliyyə Nazirliyi “Amerikanın səsi” radiosunu və AzadlıqRadiosunun Sibir.realii, Current Times, Idel.Realii layihələrini, Tatar-Başqırd və Şimali Qafqaz xidmətlərini, habelə Ukrayna xidmətinin Krım.realii layihəsini “xarici agent” kateqoriyasına daxil edib.

Bu reyestrə düşən təşkilatlar maliyyə fəaliyyətləri barədə vaxtaşırı hesabat verməli, habelə dərc etdikləri materiallara “xarici agent” qrifi qoymalıdırlar.

Bu qaydaların pozulması həmin mediaların ağır cərimələnməsi ilə nəticələnə bilər.

XS
SM
MD
LG