Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:52

'Kimin əli dövlət layihələrinə daha yaxındırsa,...'


Monopoliya
Monopoliya

Bu il bəzi tikinti materiallarının bahalaşdığı bildirilir.

Satış məntəqələrindən aldığımız məlumata görə, ötən il bir mişar daşının qiyməti 40-42 qəpik arasında dəyişib. Bu il isə mişar daşının təqribən 10 qəpik bahalaşdığı qeyd olunur. Satış məntəqələrindən verilən məlumata görə, son bir ildə qumun 1 kubmetrində də təqribən 10 manat bahalaşma baş verib. Daha çox bahalaşmanın isə taxtada olduğu deyilir. Sement və armaturun qiymətlərində bir elə dəyişikliyin olmadığı vurğulanır...

İşadamı Nazim Bəydəmirli AzadlıqRadiosuna deyib ki, Gürcüstanla müqayisədə Azərbaycanda evlər bahadır:

«Bakıda evlər bir neçə dəfə bahadır»

«Əksər çoxmərtəbəli binalar «pod mayak» adlandırılaraq alıcılara təklif edilir. Gürcüstanla müqayisədə Bakıda evlər bir neçə dəfə bahadır. Bahalığın səbəblərindən biri ondadır ki, tikintidə istifadə olunan bəzi materiallar tam inhisardadır. Qonşu ölkələrlə müqayisədə qiymət ciddi şəkildə fərqlənir».

N.Bəydəmirli deyir ki, nəticədə bütün bunlar mənzillərin qiymətlərinə təsir göstərir: «Nəticə etibarilə, mənzil ala bilməyən insanlar dövlətin müxtəlif sosial layihələrinə müraciət edirlər, amma Bakıda mənzil məsələsi yenə problem olaraq qalır».

İşadamı mənzil bazarında qiymətlərə təsir edən amilləri belə sadalayır: «Tikinti ilə bağlı müxtəlif qanunsuz ödəmələr, tikinti materialları bazarında qiymətlər, idxalla bağlı problemlərin hələ də qalması və bazarın inhisarlaşması».

N.Bəydəmirli
N.Bəydəmirli

N.Bəydəmirli deyir ki, kimin əli dövlət layihələrinə daha yaxındırsa, həmin layihələrə uyğun istehsal sahələri açırlar. İşadamının sözlərinə görə, bir müddət keçdikdən sonra isə o məmur işdən çıxarıldıqda, ya «vurulduqda», həmin sahələr də çökür.

N.Bəydəmirlinin deməsinə görə, məmur biznesi müstəqil biznesin inkişafında maraqlı olmur. Onun fikrincə, Azərbaycanda müstəqil iş adamlarının tenderlərdə qələbəsi qeyri-mümkündür.

N.Bəydəmirlinin bildirməsinə görə, Azərbaycanın tikinti materialları bazarında məhsulların 80 faizi idxal mallarıdır və çoxu Rusiyadan, Türkiyədən, Ukraynadan, Çindən gətirilir:

«Burada qorxulu olan inhisarın varlığıdır»

«Əslində normal ölkə idxaldan qorxmur, normal iqtisadi rəqabət olan ölkə idxalda müəyyən mənada maraqlı olmalıdır. İdxal özü ilk növbədə keyfiyyəti stimullaşdırmalıdır, həm də qiyməti optimallaşdırmalıdır. Burada qorxulu olan inhisarın varlığıdır ki, o da Azərbaycanda mövcuddur».

İşadamına görə, Azərbaycanda daxili sahibkarlığı qorumaq adı ilə əslində inhisarçılıq müdafiə edilir.

N.Bəydəmirli habelə deyir ki, tikinti bazarına təkanverici qüvvə dövlət investisiya layihələridir. Onun sözlərinə görə, 16 il ərzində dövlət investisiya layihələri əsasında tikinti sektoruna 100 milyard manatdan çox vəsait qoyulub: «Bu investisiyalar da dövlət satınalmaları haqqında qanuna əsasən tenderlə keçirilməlidir. Amma həmin tenderlər lazimı səviyyədə keçirilmir...».

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli də deyir ki, Azərbaycanda tikinti materialları bazarının vəziyyəti həmişə dövlət investisiyalarının həcmindən və əhalinin alıcılıq qabiliyyətindən asılı olub. O deyir ki, 2017-ci ildən etibarən tikinti bazarında növbəti canlanma müşahidə edilir: «Təməl tikinti materiallarından sement, armatur, şeben əsasən yerli istehsaldır. Tikintidən sonrakı dövrdə, yəni, təmir işlərində işlədilən materiallar əsasən xaricdən idxal olunur».

«Məmurların siyasi gücü hesabına...»

İqtisadçı bunu da təsadüf saymır. Onun fikrincə, ölkədə iqtisadi azadlıqlar genişlənmir, müstəqil biznesə dəstək yoxdur, biznesin uzunmüddətli və aşağı faizli kreditlərə çıxış imkanları azdır.

N.Cəfərliyə görə, əsas inhisarçılıq ölkəyə malların gətirilməsində və iri tikinti şirkətləri arasında rəqabətin olmamasında özünü göstərir.

Onun fikrincə, böyük şirkətlərin əksəriyyəti müxtəlif məmurlara bağlıdır: «Onlar məmurların siyasi gücü hesabına vergi, gömrüklə bağlı problemlərini həll edə bilirlər».

İqtisadçı hesab edir ki, dövlət büdcədən ayrılan vəsaitlərin xərclənməsində şəffaf tenderlər keçirə bilsə, bu, kiçik şirkətlərin də inkişafına səbəb olar.

Rəsmilər nə deyir

Azərbaycan Gömrük Komitəsindən isə inhisarla bağlı deyilənləri qəbul etmirlər. Amma Hesablama Palatasının illik hesabatlarında da, bir qayda olaraq, bir çox tenderlərin qanunauyğun keçirilmədiyi vurğulanır.

Prezident yanında Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc isə bu günlər oxşar məsələlərlə bağlı verilən suala cavab olaraq bunu demişdi: «Ümumiyyətlə, dövlət satınalmaları və tenderin həyata keçirilməsi ilə bağlı işlər istiqamətində də müəyyən addımlar atılıb. Bizdə olan məlumatlara görə, dövlət səviyyəsində bu yöndə daha yeni addımlar atılacaq...».

XS
SM
MD
LG