Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:33

Soyuq kosmosda 'soyuq müharibə'


Kosmosda silah yarışının kabus ssenarisi
Kosmosda silah yarışının kabus ssenarisi

Rusiya ordusu 2022-ci ilin fevralında Ukrayna sərhədini keçərkən daha gözədəyən başqa bir hücum da başlanmışdı. Söhbət interneti sıradan çıxaran peyk kommunikasiyaları şəbəkəsinə bağlı kiberhücumdan gedir.

Qərb hökumətləri bildirir ki, qurudan hücumdan bir saat öncə başlayan bu hücumun məqsədi müharibənin ilk anlarında Kiyevin əmr və nəzarət sistemini sıradan çıxarmaq olub.

CNN yazır ki, kommunikasiya peykinə bağlı modemləri vuran kiberhücumun təsirləri çox uzaqlara gedib çıxıb: Almaniyada külək turbinləri dayanıb, Avropanın bir çox yerində on minlərlə insan və şirkətin internet bağlantısı kəsilib. Hücumdan sonra Ukrayna yenidən onlayn olmaqdan ötrü başqa yollara əl atıb.

Peyklərin rolu get-gedə artır

Hökumətlərə və güvənlik təhlilçilərinə görə, bu kiberhücum savaş gedərkən peyklərin başlıca hədəf ola biləcəyini göstərir. Axı peyklər qoşunların yerləşdirilməsində, kommunikasiya işlərinin qurulmasında, silahların işə salınıb üzə çıxarılmasında get-gedə daha çox rol oynayır.

Ölkə və şirkətlər peyk şəbəkələri qurarkən getdikcə daha çox hökumət düşmənin təkcə yerdəki deyil, həm də kosmosdakı texnologiyasını sıradan çıxarmağın və hətta onu məhv etməyin yollarını axtarır.

Təhlilçilər deyirlər ki, ABŞ, Rusiya və Çin kimi güclü dövlətlər siqnalların qarışdırılması, görüntü sensorlarını korlaşdıran yüksək güclü lazerlərə, peyk əleyhinə raketlərə və orbitdəki digər kosmik gəmilərə müdaxilə edəcək kosmik qurğulardan bir-birinin peyklərini hədəfə almaq üçün yararlana bilər.

Bu il ABŞ kəşfiyyatı Rusiyanın kosmosda peyk əleyhinə nüvə silahı hazırlamağa çalışdığını bildirsə də, Moskva həmin iddianı rədd etmişdi.

Belə silahlar təkcə hərbi məqsədli peyklərə təsir göstərmir, onların dağıdıcı effekti də var. Məsələn, dünya hava proqnozları və fəlakətlərə reaksiya vermək üçün bəlli peyklərdən faydalanır. Hərbi amaclı peyklər onları sıradan çıxara, hətta bank işlərindən karqo daşımalarına, taksi çağırmaqdan təcili yardımadək bir çox sahəni yönəldən qlobal naviqasiya sistemlərinə təsir edə bilər.

Ötən həftə ABŞ Rusiyanı "Yerin aşağı orbitində digər peyklərə hücum etməyə qadir ola biləcək" peyk buraxmaqda suçlayıb. ABŞ rəsmiləri Rusiyanın 2019 və 2022-ci illərdə də belə antikosmos sistemləri buraxdığını deyirlər.

Ölkələrin antikosmos imkanlarını izləmək çətindir. Bu cür sistemlər daim yaxından qorunur və birdən artıq funksiyanı yerinə yetirir.

Ekspertlər deyir və açıq hesabatlarda bildirilir ki, istər Rusiya, istərsə Çin son illər belə məqsədlər üçün istifadə oluna biləcək texnologiyalarını xeyli gəlişdirib.

Antikosmos texnologiyalarının inkişafı ABŞ və Çinin Aya astronavt çıxarmaq və orada araşdırma bazaları yaratmaq yönündə yarışdığı yeni kosmik çağda baş verir. Peyk texnologiyalarının buraxılması sahəsindəki inkişaf bu sferada aktor sayının artması deməkdir. Artıq ABŞ-nin düşməni olan İran və Şimali Koreya da öz aktivlərini orbitə çıxarır.

Plesetsk kosmodromundan "Kosmos-2546" hərbi peyki ilə "Soyuz" raketinin buraxılması
Plesetsk kosmodromundan "Kosmos-2546" hərbi peyki ilə "Soyuz" raketinin buraxılması

Geosiyasi rəqabət güclənir

Ekspertlər deyirlər ki, Yerdə geosiyasi rəqabət gücləndikcə, Pekin və Moskva kosmosla bağlı imkanları hamıdan çox olan ABŞ-nin bu imkanlardan yararlanmasının önün kəsməyə çalışmaqda daha çox maraqlı olacaq.

Kosmik fəzanı hədəfə alan, yaxud kosmosda yerləşdirilən silahlar ideyası yeni və ziddiyyətli səslənə bilər, ancaq belə deyil.

Hələ onilliklər öncə ABŞ və SSRİ bir-birinin peyklərini sıradan çıxara bilən texnologiyalar uğrunda yarışırdı. Rusiya 1957-ci ildə dünyanın ilk süni peykini – "Sputnik"i buraxıb. Çox keçmədən ABŞ də özünün antikosmos sınaqlarına başlayıb.

Sovet İttifaqının çöküşündən bəri ABŞ hərbi əməliyyatlar aparmaqda kosmik imkanlar baxımından ən böyük gücə çevrilib. Təhlilçilər deyirlər ki, bundan sonra Çin ilə Rusiya durumu bərabərləşdirməyə ümid bəsləyib.

Bu məqsədlə Rusiyanın soyuq savaş dönəminə aid peyk əleyhinə tədqiqat proqramlarının tozunu təmizləyib, onları dirçəltməyə çalışdığı düşünülür. ABŞ-də fəaliyyət göstərən Güvənli Dünya Fondunun (Secure World Foundation, qısaca SWF) martda dərc etdiyi hesabatda deyilir ki, belə layihələrdən biri də hava gəmisindən yönəldilən lazer sistemidir.

Hesabatda bildirilir ki, yeni dəlillər Rusiyanın orbitdə peyk siqnallarını qarışdıran kosmik texnologiyadan faydalanıb yerdəki elektron hərbi imkanlarını gücləndirməyə çalışdığını göstərir. Hesabatda ictimaiyyətə açıq kəşfiyyat bilgilərindən istifadə edilib.

Rusiya son illər xarici peykləri izləməyə qadir olduğu düşünülən kosmik gəmilər də buraxıb. SWF-in hesabatında deyilir ki, onlardan ikisinin yüksək sürəti, digərlərininsə aerozol buraxmağa qadir olması bunların silah sınağı ola biləcəyini düşünməyə əsas verir.

Antikosmos iddiaları

Çin 2007-ci ildə özünün hava proqnozları üçün istifadə edilən köhnəlmiş peyklərindən birini sıradan çıxarmaq məqsədilə kosmosun təxminən 800 kilometr dərinliyinə raket buraxmış, öz antikosmos iddiasını ortaya qoymuşdu. Belə davranış peyk əleyhinə raket sınaqları sahəsində soyuq savaş bitəndən bəri on illərlə davam edən sükutu pozub. Bu addımın ardınca ABŞ, Hindistan və Rusiya da bənzər əməliyyatlar gerçəkləşdirib.

Təhlilçilər Çinin o zamandan bəri çox sayda dağıdıcı olmayan raket sınaqları apardığını və, beləcə, özünün peykləri hədəfə almaq qabiliyyətini gəlişdirdiyini düşünürlər. SWF-ə görə, bu cür sınaqların ən sonuncusu apreldə gerçəkləşdirilib. Pekin, öncəki sınaqlar kimi, bu sınağı da raketlərin qarşısının alınması sınağı kimi qələmə verib.

Rusiyanın orbitdəki özəl "Tabletsat-Avrora" peyki
Rusiyanın orbitdəki özəl "Tabletsat-Avrora" peyki

ABŞ Kosmik Qüvvələri Çinin çox sayda peyk kommunikasiyalarını qarışdıra bilən texnologiyalar işləyib hazırladığını və yerdən yönəldilən çox sayda lazer sistemlərinə sahib olduğunu da düşünür.

Ekspertlər deyirlər ki, Çinin kosmosdakı bəzi digər əməliyyatlarını "silah araşdırmaları" kimi təsnif etmək çətin olsa da, onlar hərbi məqsəd daşıya bilər. Bura dəstək və təmir məqsədilə orbitdə digər peyklərə yanaşa, yaxud onlar ilə görüşə bilən və böyük ehtimalla robotik qolla təchiz edilən peyklər də daxildir. 2013-cü ildə buraxılan "Şiyan-7" belə peyklərdən biridir.

Pekin kosmosda güvənlik maraqlarının qorunmasını 2019-cu ildə dərc etdiyi dövlət sənədində öz milli müdafiə məqsədlərindən biri kimi göstərib. Ancaq Çin uzun zamandır kosmosdan dinc məqsədlərlə istifadəni də müdafiə edir. SWF Çinin antikosmos imkanlarından hər hansı hərbi hədəfə qarşı yararlandığını sübut edən və təsdiqlənmiş dəlilin olmadığını bildirir.

Aerokosmik hərbi qüvvələr

Rusiya da kosmosda silahlara qarşı olduğunu söyləyib. Hər iki ölkə son illərdə aerokosmik hərbi qüvvələrini yaradıb. ABŞ-də də 2019-cu ildən (1947-ci ildən bəri ilk dəfə ordunun yeni qanadı kimi) belə qüvvələr var.

Çinin bənzər sınağından bir il sonra - 2008-ci ildə özünün sıradan çıxmış raketlərindən birini məhv edən ABŞ o zamandan bəri artıq bu cür destruktiv və birbaşa peyk əleyhinə raket sınaqları aparmayacağına söz verib. Belə sınaqlar təhlükəli kosmik tullantı törədə bilər. ABŞ-nin bu cür imkanlar üçün əməliyyat proqramlarının olmadığı düşünülür.

Ukraynaya hücum edən Moskva Qərbi kommersiya peyk sistemlərindən hərbi məqsədlərlə istifadədə günahlandırıb və "kvazimülki" infrastrukturun legitim qisas hədəfi ola biləcəyinə dair xəbərdarlıq edib.

Rusiya eyni zamanda ən iri kommersiya peyk sisteminə – ABŞ-nin "SpaceX" şirkətinə məxsus "Starlink" sisteminə qarşı kiberhücumlar aparmaqda suçlanır. Ukrayna ordusu "Starlink"dən yararlanır.

XS
SM
MD
LG