Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:07

Mirzə Sakitin həbsinə qərar verən hakimin özünə prokuror 9 il həbs cəzası istədi


Lətif Nəbiyev
Lətif Nəbiyev

Uzun illər Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Nəbiyev həbs oluna bilər. Sentyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror onun 9 il azadlıqdan məhrum olunmasını təklif edib.

Prokuror bildirib ki, Nəbiyevə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə irəli sürülmüş ittiham məhkəmə araşdırmasında sübuta yetirilib. Keçmiş hakim iki nəfərə qarşı dələduzluqda suçlanır. İddia olunur ki, Nəbiyev tanışı Rüstəm Abdullayevdən birgə biznes adıyla 59 min 700 dollar, Azad İbrahimovdan isə Bakıda Bilgəh qəsəbəsində dəniz kənarında və Xətai rayonunda onun üçün torpaq sahələri almaq adıyla 247 min 500 dollar pul alıb.

Nəbiyev istintaq və məhkəmə dövründə həbsdə olmayıb. Onun barəsində polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilib. Prokuror təklif edib ki, bu qətimkan tədbiri həbslə əvəzlənsin, sabiq hakim elə məhkəmə zalında həbs edilsin.

Özünü təqsirli bilmir

Zərərçəkmişlər də onlardan alınan pulun qaytarılmadığını deyərək Nəbiyevə ağır cəza verilməsini tələb ediblər.

Özünü təqsirli bilməyən Nəbiyev növbəti məhkəmə iclasında son sözünü deyəcək.

İfadəsində isə bildirib ki, zərərçəkmiş Azad İbrahimovdan alınan pulu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayevə verib. Onun sözlərinə görə, pul veriləndə Əli Abdullayev Əmlak Məsələləri Dövlət Komitəsində işləyirdi.

Abdullayev onun haqqında səslənən iddialara münasibət bildirməyib.

Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin hakimi olarkən bir sıra ictimai siyasi fəalların, o cümlədən satirik şair Sakit Zahidovun (Mirzə Sakit) işinə baxılıb. O zaman Mirzə Sakit haqqında narkotik ittihamıyla çıxarılmış 3 illik azadlıqdan məhrumetmə hökmünü qüvvədə saxlamışdı. Satirik isə ittihamın yalan olduğunu, hökumət təmsilçilərini hədəf alan şeirlərinə görə narkotiklə şərlənib həbs olunduğunu deyirdi.

XS
SM
MD
LG