Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:24

'Bundan sonra paqonlular sizi əyməyə çalışacaqlar'


Taleh Bağırov
Taleh Bağırov

“Mən belə olacağını bilirdim, ancaq inanmaq istəmirdim. Hökumət sizdən necə qorxduğunu çox dəqiqliklə göstərdi. Sizdən çox, panikaya düşmüşcəsinə qorxurlar”.

Ölkədən kənarda olan hüquq müdafiəçisi Leyla Yunus dekabrın 26-da dövlət ittihamçısının ömürlük həbs cəzası istədiyi ilahiyyatçı Taleh Bağırova məktubunda belə yazır.

“Sizdən panikaya düşmüşcəsinə qorxurlar”

Leyla Yunus məktubunda ilahiyyatçının qısa zamanda ölkədə nüfuz qazanması ilə hökuməti qorxuya saldığını ifadə edir.

Buna da bax:​ Leyla Yunus: ‘İqtisadi vəziyyət ağırlaşacaq, etirazlar olacaq, camaat ayağa duracaq’

“Sizin səmimi olaraq demokratiyaya, insan haqlarına hörmətə, fərdlərə sayğıya, korrupsiyaya qarşı çağırışlarınız təkcə repressiyaların əsas beyni olan Ramiz Mehdiyevin ətrafını yox, Şeyxülislamın gərgin və korrupsiyalaşmış aparatını da qorxudub”, hüquq müdafiəçisi yazır.

O, ilahiyyatçının əyilməzliyini vurğulayır.

“Onlar sizi sındıra bilməyəcəklər”.

“Hətta ömürlük həbs cəzası versələr də, onlar sizi sındıra bilməyəcəklər. Qəlbindəki Tanrı ilə siz hər yerdə azadsınız. Onlar bunu anlamırlar”, yazan hüquq müdafiəçisi T.Bağırovun yeni sınaq qarşısında olduğunu qeyd edir. .

“Taleh, siz yeni test qarşısındasınız. Bundan sonra insanlıqdan kənar paqonlular sizi əyməyə çalışacaqlar. Siz, “Nardaran işi”nə görə həbs olunan digərləri davamlı olaraq medianın, beynəlxalq ictimaiyyətin gündəm mövzusu olaraq qalmalıdır. Mən öz tərəfimdən bəyan edirəm ki, Azərbaycan hökumətinin inanclı insanları radikallaşdıran qısa görüşlü siyasətinə örnək olaraq sizin işiniz haqda davamlı olaraq danışacağam”.

Buna da bax:​ "Nardaran məsələsinə yanaşma siyasi motivli idi"

“Siz yazmağa cəhd edin”

Hüquq müdafiəçisi sonra da yazır:

“Mən bilirəm, onlar, sizin yazmağınıza icazə verməyəcəklər. Çünki, sizin hər sözünüzdən qorxurlar. Bu, mütləq hakimiyyətə malik, doğru sözü güc olan sistemin zəifliyidir. Amma siz yazmağa cəhd edin”, Leyla Yunus məktubunun sonunda qeyd edir.

Dekabrın 26-sı Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə prosesdə prokuror «Müsəlman Birliyi» Hərəkatının sədri, Taleh Bağırova ömürlük, Abbas Hüseynova 20 il, Cabbar Cabbarova 19 il, Rasim Cəbrayılova 17 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 11 və Ramin Yarıyevə 10 il həbs cəzası istəyib. Qalan 12 nəfərə-Zakir Mustafayevə, Cavad Babakişizadəyə, Şamil Abduləliyevə, Aqil Quliyevə, Abbas Quliyevə, İbrahim Xudaverdiyevə, Etibar İsmayılova, Bəhruz Quliyevə, Əli Nuriyevə, Əlibala Vəliyevə, Fərhad Balayevə və Abbas Tağızadəyə 15 il həbs verilməsini təklif edib.

Buna da bax:​ Taleh Bağırov: 'Belələrinin qarşısında sınmayın'

Xatırlatma

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar.

Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

Buna da bax: Nardaran işi: Məşədi də Taleh Bağırovun əleyhinə ifadə verib

Leyla Yunus da həyat yoldaşı Arif Yunusla 2014-cü ildə həbs olunmuşdu. Onlar dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılmasında ittiham olunurdular. Ancaq hüquq müdafiəçiləri ittihamları qəbul etmirdilər.

2015-ci il avqustun 13-də Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilmişdi. Bakı Apelyasiya Məhkəməsi sonradan onlara verilən cəzanı şərti hesab edərək azadlığa buraxdı.

Hüquq müdafiəçiləri hazırda Hollandiyadadırlar.

XS
SM
MD
LG