Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:04

Malta qəzeti “Əliyevə çox yaxın milyarderdən” yazıb


-

“Times of Malta” qəzeti yazır ki, azərbaycanlı milyarder Malta baş nazirinin Bakı səfərindən sonra bu adada şirkətlər qurub.

“Times of Malta” qəzeti yazır ki, Malta baş naziri Joseph Muscat-ın Bakıya səfərindən az sonra ABŞ Dövlət Departamentinin prezident İlham Əliyevın “çox yaxın tərəfdaşı” adlandırdığı azərbaycanlı milyarder bu ölkədə şirkətlər açıb.

Malta mediası baş nazir Joseph Muscat-a qarşı korrupsiya iddiaları ilə çıxış edir
Malta mediası baş nazir Joseph Muscat-a qarşı korrupsiya iddiaları ilə çıxış edir

Məqalədə deyilir ki, Manuchehr Ahadpir Khangah 2014-cü il dekabrın 23-də Mulsanne Investments Ltd şirkətini Nexia BT şirkətinə daxil olan BTI Management Limited firması ilə birlikdə qeydiyyatdan keçirmişdi.

Qəzet bildirir ki, yeni şirkətin ünvanı Nexia BT-nin ünvanı ilə eynidir.

Məqalədə deyilir ki, azərbaycanlı biznesmen şirkətləri doktor Muscat-ın Bakıya əvvəlcədən elan edilməmiş səfərindən bircə həftə sonra açıb.

Bu da xəbər verilir ki, həmin səfərin əsnasında Azərbaycan tərəfi ilə neft və qaza dair müqavilələr da imzalanıb.

Klassik musiqi sevgisi

“Times of Malta” yazır ki, Muscat bu səfərə özü ilə administrasiyasının rəhbəri Keith Schembri-ni və enerji naziri Konrad Mizzi-ni aparmış, onun nümayəndə heyətinə nə başqa rəsmilər, nə də media nümayəndələri daxil edilməmişdilər.

Məqalədə deyilir ki, bu səfərin ardınca cənab Khangah Maltada altı holdinq açıb və nəyə görəsə onların hamısı Mozart, Vivaldi və Puccini də daxil 6 məşhur klassik bəstəkarın adını daşıyır.

Khangah Maltada altı holdinq açıb və nəyə görəsə onların hamısı Mozart, Vivaldi və Puccini də daxil 6 məşhur klassik bəstəkarın adını daşıyır

Cənab Khangah-ın Mulsanne Investments firması bir şirkət istisna edilməklə bu şirkətlərin hamısındakı səhmlərə sahibdir. İstisnanı yalnız Nexia BT təşkil edir.

Qəzet yazır ki, bu şirkətlər Maltada kifayət qədər yeni olsalar da, hazırda onların ləğvi elan edilib. Onların nəyə görə yaradıldığı, nəyin biznesi ilə məşğul olduğu bilinmir.

Qəzet yazır ki, cənab Khangah-ın şirkətlərinin niyə ləğv olunduğunu öyrənmək üçün Nexia BT şirkəti ilə əlaqə saxlamaq cəhdləri baş tutmayıb.

Əliyevdən varlı konqlomerat

“Times of Malta” diqqəti belə bir məqama çəkir ki, Nexia BT maliyyə menecmenti konsaltinqi şirkətinin xidmətlərindən cənab Mizzi Yeni Zelandiyada treslər qurmaq və Panamada şirkətlər açmaq üçün istifadə edib. Bu hadisə Maltada böyük siyasi qalmaqala səbəb olmuşdu.

Ötən həftə cənab Mizzi bildirmişdi ki, xaricdəki maliyyə fəaliyyətini ona Keith Schembri məsləhət görmüşdü.

Nexia BT həmçinin cənab Schembri-nin şəxsi biznesi olan Kasco qrupunun auditoru kimi çıxış edir.

Qəzet yazır ki, cənab Khangah Azərbaycanın ən varlı biznesmenlərindən biri hesab edilir və onun prezident Əliyevə birbaşa çıxışı var.

Bu da qeyd olunur ki, WikiLeaks saytında dərc olunmuş məlumatlara görə həm də İran pasportu gəzdirən cənab Khangah Heydərov ailə konqlomeratının “rəsmi başçılarından” biridir.

Qəzet yazır ki, həmin mənbədə söhbətin “Azərbaycanda meyvə şirəsindən tutmuş mülkiyyət biznesinədək bütün sahələrə sahib olan fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan” getdiyi göstərilirdi.

Mənbə həmçinin Heydərovun “Əliyevdən də böyük sərvətə malik” olduğunu qeyd edirdi.

Hələlik Malta qəzetinin bu iddialarına nə Azərbaycan rəsmiləri, nə də işadamı Manuchehr Ahadpir Khangah-dan hər hansı rəsmi açıqlama verilməyib. Amma adətən Azərbaycan rəsmiləri belə korrupsiya ittihamlarını ölkəyə hansısa xarici qüvvələrin siyasi təzyiq cəhdi adlandırırlar.

Həmçinin baxın: AzadlıqRadiosunun Youtube Kanalından izləyin:

XS
SM
MD
LG