Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:18

Müstəntiq, prokuror və hakimlərə görə Azərbaycan milyonlarla təzminat ödəyir


Hansısa cinayətdə ittiham edilərək həbs həyatı yaşamış, sonradan bəraət almış şəxslərin bir çoxu azadlığa çıxandan sonra təzminat tələbiylə məhkəməyə üz tutur. Onlar təqsirsiz olduqları halda, həbsdə saxlandıqlarına görə dövlətdən kompensasiya istəyirlər.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanun da bəraət alan şəxslərə təzminat almaq hüququ verir.

Belə məhkəmə işlərində cavabdeh tərəf, adətən, Maliyyə Nazirliyidir. Dövlətin maliyyə siyasətini müəyyənləşdirən qurum kimi kompensasiya da bu nazirlikdən tələb olunur.

2017-ci ilin mayında Tərtərdə dövlətə xəyanət və ağır ittihamlarla həbs edilib, 20 ilədək həbs cəzasına məhkum olunan hərbçilərdən 19 nəfəri ötən ilin dekabrında bəraət alıb, azadlığa çıxandan sonra kompensasiya tələbiylə məhkəmədə iddia qaldırıb. 5 il yarımdan çox qanunsuz həbsdə saxlandıqları üçün keçmiş “Tərtər məhbusları”ndan bir neçəsinə kəsilən kompensasiyanın toplam məbləği 1 milyon manatdan çoxdur. Birinə 182 min, digərinə 151 min, bir başqasına 123 min və s. olmaqla, təzminat ödənilməsinə qərar verilib.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovun 5 il yarım həbsdə saxlanmasına görə dövlət ona 234 min manat təzminat ödəməli olmuşdu...

Deputat Fazil Mustafanın fikrincə, qanunsuz həbs olunmuş şəxslərə verilən kompensasiyanı dövlət yox, həmin şəxslərə münasibətdə cinayət törədənlər ödəməlidir.

“Məhkəmə “Tərtər işi”nə görə 182 min manat vəsait ödənilməsinə dair öhdəlik qoyub. Bu pulu Maliyyə Nazirliyi verməlidir. Niyə? Bu cinayəti kimlər törədibsə, həmin məbləğin ödənilməsi də onların üzərinə qoyulmalıdır. Hər şeyin yolunu daha dərin tapmalıyıq ki, dövlətin üzərindəki yük azalsın”, - parlamentdə büdcə müzakirələri zamanı Fazil Mustafa belə deyib.

“Cəzalandırmaq üçün qüvvəyə minmiş məhkəmə aktı olmalıdır”

Vəkil Aqil Layıcsa qanunvericiliyə istinad edərək bildirir ki, qanunsuz həbsdə saxlanıb, sonradan bəraət almış şəxslərə təzminatı dövlət ödəməlidir, çünki Mülki Məcəllənin 1101-ci maddəsində deyilir:

“Qanunsuz məhkumetmə, cinayət məsuliyyətinə qanunsuz cəlbetmə... nəticəsində şəxsə vurulmuş zərərin əvəzini istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir”.

Vəkil deyir ki, dövlət özü kompensasiyanı ödəyəndən sonra, istəsə, həmin şəxsə münasibətdə qanunsuzluğa yol vermiş müstəntiq, prokuror və ya hakimi cəzalandırıb, vurulan ziyanı ondan tələb edə bilər:

“Dövlətin reqres hüququ var (yəni bir tərəf öz işçisinin vurduğu zərəri ödəməyi və sonra isə zərəri işçisindən almağı öhdəsinə götürmüş olur – red.). Amma dövlətin qanunsuzluğa yol vermiş müstəntiqdən, prokurordan, hakimdən tələb etməyə o halda haqqı çatır ki, həmin şəxslər bu əməlinə görə cəzalandırılsın, onların haqqında bu əmələ görə qüvvəyə minmiş məhkəmə aktı olsun. Adi halda, buna hüququ yoxdur”.

A.Layıc əlavə edib ki, istintaq orqanının işçiləri, yaxud məhkəmə hakimləri dövlətin verdiyi səlahiyyətlər çərçivəsində addımlar atırlar. Onların bütün addımları da dövlətin məcburetmə qüvvəsinə söykənir. O səbəbdən, hərəkətləri nəticəsində vurulmuş ziyan dövlətdən tələb edilir:

“Burada nəzarətetmə funksiyasına görə yaranan məsuliyyətdən söhbət gedir”.

“Onlar indi də məhkəmə sistemində çalışırlar”

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru, keçmiş müstəntiq Rüfət Səfərov yada salır ki, “Tərtər işi” üzrə bəraət almış 19 nəfər barəsində vaxtilə hər üç məhkəmə instansiyasının hökm və qərarları olub. Tərtər Hərbi Məhkəməsində onlar haqqında ittiham hökmü çıxarılıb. Sonradan Gəncə Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin hökmləri qüvvədə saxlayıb.

“Məhkəmələr hökm və qərarları dövlətin adından çıxarır. Eləcə də əməliyyatçılar, təhqiqatçılar, müstəntiq və prokurorlar dövlətin verdiyi səlahiyyətlərindən istifadə edirlər. Səlahiyyətlərdən sui-istifadə olunub, vətəndaşın hüququ pozulubsa, yaxud dövlət adından qanunsuz hökm çıxarılıbsa, deməli, bunun məsuliyyəti həm də dövlətin üzərindədir”.

R.Səfərovun fikrincə, haqsızca uzun müddət həbsdə saxlanmış adamlara kompensasiya ödəmək yetərli deyil, dövlət onlara münasibətdə qanunsuzluğa yol vermiş səlahiyyət sahiblərini də mütləq cəzalandırmalıdır. Hüquq müdafiəçisi yada salır ki, “Tərtər işi” üzrə istintaq aparmış müstəntiq və prokurorların, məhkəmələrdə hökm və qərarlar vermiş hakimlərin heç biri cəzalandırılmayıb:

“Halbuki, onlar birbaşa məsuliyyət daşıyır və indiyədək cəzalandırılmamaları absurddur. Necə ola bilər ki, 3 məhkəmə instansiyasının heç birində hakimlər pozuntuları görmədilər? Onlar indi də məhkəmə sistemində çalışırlar. Bu hökm və qərarlardan sonra onlara necə güvənmək olar? Hərçənd, hakimiyyətin onların niyə cəzalandırmadığı da aydındır, çünki onlar cəzalansa, başqaları sifarişli hökm və qərarlar çıxarmaqdan çəkinəcəklər”.

Avropa İnsan Haqları Məhkəməsi təkcə 2023-cü ilin birinci yarısında Azərbaycandan göndərilən 180-dən çox şikayətə baxıb. Bunun əsasında 60-dan artıq qərar qəbul edilib. Bu qərarlar üzrə Azərbaycanın üzərinə hüququ pozulan ərizəçilərə 551 min avro kompensasiya ödəmək öhdəliyi qoyulub.

Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı 350-yə yaxın qərar verib.

Nəzərə almaq lazımdır ki, vətəndaşlar ölkə daxilində bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa Məhkəməsinə şikayət göndərə bilir. Deməli, yerli məhkəmələrdə çıxarılmış qərarlara görə Azərbaycan dövləti milyonlarla təzminat ödəmək məcburiyyətində qalır.

XS
SM
MD
LG