Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:22

'Azərbaycanda bədəl ödəyən jurnalistləri unuda bilmərik'


Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

Mehman Hüseynov: "Rəisin yanında ürəyim getdi"

«Azərbaycanlı jurnalist Mehman Hüseynovu azad edin!». Bu bəyanatla mayın 2-də bir qrup beynəlxalq media və insan haqları təşkilatı çıxış edib.

«Mayın 3-də bütün dünyada Ümumdünya Mətbuat Azadlığı günü kimi qeyd olunur. Bu gündə biz, aşağıda imza atan təşkilatlar, Azərbaycanda hökumətin tənqidinə görə qəbuledilməz bədəl ödəyən jurnalistləri unuda bilmərik. Mehman Hüseynovun işi buna bir nümunə ola bilər. Hüseynov populyar jurnalist və bloqqerdir. Yüksəkrütbəli məmurların yol verdiyi iddia olunan korrupsiyanı ifşa etməsiylə tanınıb. Bu ilin martında məhkəmə onu polisə böhtan atmaqda təqsirli bilərək, iki illik həbsə məhkum edib. Səbəb onun məhkəmə önündə polis məntəqəsində gördüyü rəftarı təsvir etməsidir», – bəyanatda deyilir.

Bəyanat müəllifləri yada salırlar ki, yanvarın 9-da M.Hüseynov mülkigeyimlilər tərəfindən oğurlanıb, Nəsimi rayon Polis İdarəsinə aparılıb. Yanvarın 10-da məhkəmə önünə çıxarılıb və Nəsimi rayon Məhkəməsinin qərarı ilə polisə tabe olmamaqda təqsirli bilinərək, 200 manat cərimə edilib.

HAKİMİYYƏTİN İKİ MƏQSƏDİ

Daha sonra jurnalistlər önünə çıxan bloqqer polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Vəkili isə işgəncə şikayətinin araşdırılmasından ötrü Bakı şəhər Prokurorluğuna müraciət edib. Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq, xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.

Mehman Hüseynovun əlindəki asfalt: Azərbaycana oxşar ölkələr
Gözlə

No media source currently available

0:00 0:01:20 0:00

Müdafiə tərəfi isə prokurorluğun işgəncə şikayəti ilə bağlı cinayət işi açmamasından məhkəməyə müraciət edib, amma Səbail rayon və Bakı apellyasiya məhkəmələri bu istəyi rədd edib.

Bəyanatda M.Hüseynovun bir neçə ildir hökumətin hədəfində olduğu vurğulanır. 2012-ci ildən ona səyahət qadağası qoyulub, polis tərəfindən təqib olunub, qorxudulub.

«Azərbaycan hakimiyyəti Mehman Hüseynovu həbs etməklə onun tənqidi jurnalistikasını və müqavimətini bitirmək istəyir. Daha bir hədəf digər jurnalistləri ölkədə oturuşmuş problem sayılan polisin pis rəftarına görə ədalət tələb axtarışından çəkindirməkdir. Hazırda Azərbaycanda azı 5 jurnalist və bloqqer siyasi motivli ittihamlarla həbsdə yatır», – bəyanatda deyilir.

VACİB ADDIM

«Dünyada mətbuat azadlığının fundamental əhəmiyyəti qeyd olunarkən, Azərbaycan hökumətini Mehman Hüseynovu dərhal və qeyd şərtsiz azad etməyə, onun məruz qaldığı işgəncə və digər pis rəftara görə günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Bu, Azərbaycanda mətbuat və ifadə azadlıqlarının təminatı yönündə vacib addım olar», –müəlliflər vurğulayırlar.

Bəyanatı imzalayan təşkilatlar içində «Amnesty International», «Human Rights First», «Human Rights House Foundation», «Human Rights Watch», IFEX, «Reporters Without Borders» və digər beynəlxalq qurumlar var.

Hakimiyyət təmsilçiləri bu bəyanata, hələlik, münasibət bildirməyiblər. Ancaq ölkədə mətbuat azadlığı daxil olmaqla, təməl hüquq və azadlıqların təmin olunduğu daim hökumətyönlü media, hakimiyyətin siyasətini müdafiə edənlər tərəfindən dilə gətirilir. Rəsmilər heç kəsin peşəsinə görə cəza çəkmədiyini, konkret cinayətlərdə təqsirli bilindiklərini vurğulayırlar. Onlar Qərb mediası, qeyri-hökumət təşkilatlarının səsləndirdiyi tənqidləri ölkəyə qarşı məqsədyönlü qarayaxma kampaniyası sayırlar.

XS
SM
MD
LG