Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:13

Mehman Qələndərovla bağlı Təhqiqat Qrupu yaradılacaq


Mehman Qələndərovun ölümü ilə bağlı müzakirələr
Mehman Qələndərovun ölümü ilə bağlı müzakirələr

Bu gün, mayın 1-də ölkənin bir qrup ictimai fəalı Ziyalılar Birliyinin ofisində Bakı 1 saylı İstintaq Təcridxanasında (Kürdəxanı) intihar etdiyi deyilən bloqqer Mehman Qələndərovun ölümünün səbəbini müzakirə edib.

Müzakirələrdə çıxış edən natiqlər M.Qələndərovun bu ilin fevralında Tbilisidən Bakıya gələrək keçmiş prezident Heydər Əliyevin Mərkəzi Bankla üzbəüz bağdakı heykəli yanında təkbaşına etiraz tədbiri keçirdiyini deyiblər.

Natiqlər M.Qələndərovun bu addımını indi «heykəl məhbusları» adlandırılan və 2016-cı ilin mayında həbs edilən Qiyas İbrahimli və Bayram Məmmədovla həmrəylik kimi dəyərləndiriblər.

Onlar deyiblər ki, daha sonra M.Qələndərov sosial şəbəkələrdə «Hamımız Qiyas olaq, hamımız Bayram olaq» statusunu yazıb. Bundan sonra narkotik ittihamı ilə həbsə alınıb.

Tədbirdə çıxış edənlər M.Qələndərovun ölümünə birmənalı yanaşmayıblar. Bu hadisənin intihar və ya qətl olmasını müəyyən etmək məqsədilə müstəqil Təhqiqat Qrupunun yaradılmasını təklifi ediblər.

«GÖRÜNÜR, M.QƏLƏNDƏROV AĞIR İŞGƏNCƏLƏRƏ MƏRUZ QALIB»

Eyni zamanda, toplantı iştirakçıları vurğulayıblar ki, hazırda Azərbaycandakı təcridxana və cəzaçəkmə müəssisələrində siyasi motivlərlə, günahsız yerə tutulmuş 160-a qədər insan var. Bu hal ənənə halına çevrilə bilər.

Mehman Qələndərov
Mehman Qələndərov

«M.Qələndərov siyasi fəal idi, aksiyalarda fəal iştirak edirdi. Odur ki, ona qarşı narkotik ittihamı gülünc idi. Görünür, M.Qələndərov ittihamı qəbul etməyib, ağır işgəncələrə məruz qalıb və nəticədə də həyatını itirib. Buna görə məsuliyyət hakimiyyətin üzərinə düşür», -deyə toplantıya qatılan AXCP sədrinin müavini Gözəl Bayramlı bildirib.

«İLKİN RÜSTƏMZADƏ DƏ TƏZYİQ ALTINDADIR»

Keçmiş məhbus, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı da deyib ki, 15-20 dəqiqə ərzində Kürdəxanıda intihar etməyə şərait yoxdur. O da müstəqil Təhqiqat Qrupunun yaradılmasını vacib sayıb: «Amma yaxşı olar ki, bu qrup təkcə M.Qələndərovun yox, həyatları məhbəsdə təhlükə altında olan bütün siyasi məhbusların məsələsini diqqətdə saxlasın. Hazırda həbsdə olan gənc fəallardan İlkin Rüstəmzadə belə təzyiq altındadır».

Toplantıya Skype vasitəsilə qatılan hüquq müdafiəçisi, keçmiş məhbus Leyla Yunus isə Azərbaycan həbsxanalarında belə ölümlərin ilk hadisə olmadığını söyləyib. O, sözlərinə nümunə kimi «Talışi Sədo» qəzetinin redaktoru Novruzəli Məmmədovun cəzaçəkmə müəssisəsində ölümünü göstərib: «Mən M.Qələndərovun ölümü ilə bağlı beynəlxalq qurumları məlumatlandırmışam. Bu haqda mətn artıq ingilis dilinə tərcümə edilərək yayılıb».

Mehman Qələndərov dəfn edilib
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00

Toplantı iştirakçıları deyiblər ki, M.Qələndərovun tez-tələsik, xəlvəti dəfn edilməsi də ciddi müəmmalardan xəbər verir.

Müzakirələrdə səslənən fikirlərə, hələlik, Penitensiar Xidmətdən münasibətini almaq mümkün olmayıb.

Ancaq aprelin 29-u Mehman Qələndərovun intihar xəbəri yayılanda, Penitensiar Xidmətdən əvvəlcə bunu təkzib etmişdilər.

Bloqqer M.Qələndərovun təcridxanada ölməsi faktı ilə bağlı Sabunçu rayon Prokurorluğunda CM-in 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun məlumatında yazılır.

Məlumata görə, ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG