Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:27

ABŞ Ukraynaya MiG-29-ların verilməsini Çinə görə istəməyib? - Qərb mediası


Ukrayna hərbi hava qüvvələrinin MiG-29 qırıcıları
Ukrayna hərbi hava qüvvələrinin MiG-29 qırıcıları

The Spectator yazır ki, Çinin Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe birmənalı deyil

Birləşmiş Ştatlar Ukraynaya Polşa hərbi hava qüvvələrinin MiG-29 qırıcılarının verilməsini Çinin mövqeyinə görə istəməyib.

Britaniyanın “The Spectator” jurnalı yazır ki, Pekin bu təyyarələrin Ukraynaya verilməsi ilə müharibənin daha da qızışacağından narahat idi.

Məqalədə deyilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi başlanandan Pekin bir sıra məqamlarda “kənardan çətin sezilən”, amma “həlledici” mövqe tutub.

Müəllifin fikrincə Moskvanın nüvə ritorikasının yavaşımasında da Çin rol oynayıb.

The Spectator yazır ki, Çinin Ukrayna müharibəsinə münasibətdə tutduğu mövqe birmənalı deyil, çünki Pekin müharibənin hər iki tərəfinə onların “eşitmək istədiklərini” deyir.

Çin Rusiya nümayəndələri ilə görüşlərdə Ukrayna müharibəsinə görə ABŞ-ın məsuliyyət daşıdığını bildirir, NATO nümayəndələri ilə təmaslarında isə onlarla münasibətlərini inkişaf etrdirmək niyyətindən söz açır.

Məqalədə deyilir ki, ola bilsin Rusiya prezidenti Vladimir Putin Ukraynaya hücum məsələsində Çinin mövqeyini düzgün qiymətləndirməməklə səhvə yol verib.

Putin Çini mat qoyub

The Spectator yazır ki, Pekin Moskvanın Ukraynaya müdaxilə edəcəyini bilirdi, amma Putin bu əməliyyatın çox məhdud miqyasda keçiriləcəyinə inandırmışdı.

Pekin düşünürdü ki, Moskva Donbasda nəzarəti tam ələ almaqla kifayətlənəcək.

Lakin Rusiyanın Kiyevə zərbələri və hücumun miqyası Pekini mat qoyub və onun bu münaqişəyə münasibətini dəyişib.

O vaxtdan bəri Çin yalnız müharibənin eskalasiya etməməsini və sülhün əldə olunmasını özünün yeganə məqsədi hesab edir.

The Spectator yazır ki, Pekin Ukraynaya MiG-29 qırıcılarının verilməsinə məhz bu səbəbdən mane olub.

Məqalədə iddia olunur ki, Pekin bu narahatlıqlarını Avropanın keçmiş liderləri vasitəsilə məxfi kanallarla Qərbə çatdırıb.

Qeyd olunur ki, Pekin Moskvaya nüvə eskalasiyasından çəkinmək barədə xəbərdarlığını da bu şəkildə ifadə edib.

Pekinin rəsmi mövqeyi

Müəllif iddia edir ki, ABŞ və Çin arasında bu məsələdə konsensus əldə olunub.

Çin Ukraynaya MiG-29 qırıcılarının verilməməsi müqabilində Rusiyanı nüvə silahından istifadə planlarından çəkindirəcəyinə boyun olub.

Bu da bildirilir ki, Çin indiyədək Rusiyaya silahlar verməmək vədinə də əməl edir.

Pekinin rəsmi mövqeyi belədir ki, müharibə tərəfləri 24 fevrala qədər olan möqvelərinə qayıtmalıdırlar. Lakin Çin ilhaq olunmuş Krım üzərində Rusiyanın nəzarəti ilə barışır.

Məhz bu məqam Kiyev üçün qeyri-məqbuldur. Kiyev bildirib ki, sülhün əsas şərti Rusiya qüvvələrinin Ukraynanın bütün ərazilərindən çıxarılmasıdır.

ABŞ rəsmiləri bu məqalədə irəli sürülən mülahizələr barədə heç bir açıqlama verməyiblər.

XS
SM
MD
LG