Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:55

ABŞ Rusiya və Şimali Koreyaya araçılıq edən Mkrtıçevə sanksiyalar qoydu


Pxenyanda parad
Pxenyanda parad

Birləşmiş Ştatlar ABŞ Maliyyə Nazirliyinin iddiasına görə Şimali Koreya ilə Rusiya arasında silah sövdələşməsində araçılığa cəhd etmiş Slovakiya vətəndaşına sanksiyalar qoyub.

Söhbət Rusiyaya Şimal Koreyadan gizli yollarla silah gətirilməsindən gedir.

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Slovakiya vətəndaşı Aşot Mkrtıçev Vaşinqtonun Koreya Xalq Demokratik Respublikasına (KXDR) qoyulmuş sanksiyalarını pozub.

Slovakiya mediasında 57 yaşlı Mkrtıçevin Azərbaycan doğumlu olduğu qeyd edilir.

Məlumatda deyilir ki, Mkrtıçev 2022-ci ilin sonlarında və 2023-cü ilin əvvəllərində Şimali Koreyanın bir sıra nümayəndələri ilə birlikdə Rusiya nümayəndələri ilə Şimali Koreyadan Rusiyaya 20 adda silah gətirilməsinə dair danışıqlarda olub.

Moskva bu silahların müqabilində Şimali Koreyaya sərnişin təyyarəsi və xammal, nəqd pul və başqa materiallar verməli idi.

Rusiya 9 min hərbi texnika itirib

Bu da iddia edilir ki, Rusiya vəzifəliləri belə bir sövdələşməyə hazır idilər.

Daha sonra deyilir ki, Mkrtıçev hansısa Rusiya nümayəndəsi ilə birlikdə təyyarənin Şimali Koreyaya çatdırılmasını müzakirə ediblər.

Məlumatda bildirilir ki, Rusiya Ukraynada müharibəyə başlayandan bəri 9 min ədəd hərbi texnika itirib və indi yaranmış boşluğu doldurmağa çalışır.

ABŞ-ın maliyyə naziri Canet Yellen bu barədə deyib:

"Mkrtıçevin işi kimi sxemlər göstərir ki, Putinin son ümidi İran və KXDR kimi ölkələrədir”.

“Keçmiş silah alverçisi”

ABŞ bundan əvvəl iddia edirdi ki, Pxenyan Rusiyaya, o cümlədən Vaqner özəl hərbi şirkətinə sursat verir. Şimali Koreya hakimiyyəti bu ittihamları rədd edirdi. Vaqner şirkətinin yaradıcısı Yevgeni Priqojin isə bu barədə suallara cavab verərkən, bunları “şayiə və dedi-qodu” adlandırmışdı.

Martın 30-da ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Körbi demişdi ki, Vaşinqtonun məlumatına görə Rusiya KXDR ilə silah-sursatın ərzaq məhsulları ilə mübadiləsinə dair danışıqlar aparır.

Sözü gedən Aşot Mkrtıçev 2009-cu ildə Slovakiyada sifarişli qətlin təşkilində iştiraka görə məhkum edilib.

O vaxt Slovakiya mediası onu “keçmiş silah alverçisi” kimi təqdim edirdi.

Lakin onun barəsində məhkəmə hökmü icra edilməmiş qalmışdı.

Hazırda Mkrtıçevin Slovakiyada nizamnamə kapitalı 5 min avro olan bir şirkəti var.

Vaşinqtonun xəbəri var

Bununla belə ABŞ Maliyyə Nazirliyinin məlumatında Mkrtıçevin sözü gedən əməliyyatı həyata keçirib-keçirmədiyinə dair heç nə deyilmir.

Birləşmiş Ştatlar ötən il bildirmişdi ki, Rusiya Şimali Koreyadan artilleriya mərmiləri və raketlər alandan bəri Ukrayna üzərinə zərbələr intensivləşib.

Con Körbi demişdi ki, Şimali Koreya Rusiyaya silah-sursat göndərir, amma bunu Yaxın Şərqə silah daşımaları adı ilə pərdələyir.

Reuters agentliyi yazır ki, Vaşinqton hazırda Rusiyanın öz cəbbəxanasını doldurmaq üçün etdiyi cəhdləri hədəfləyir.

XS
SM
MD
LG