Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:12

Keçmiş MTN generalına 10 il 6 ay həbs


MTN
MTN

«MTN işi» üzrə daha bir məhkəmə prosesi yekunlaşıb. Uzun illər keçmiş nazirliyin Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev 10 il 6 ay, onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Noyabrın 30-da Bakı Hərbi Məhkəməsində Elbəyi Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası bu haqda hökm çıxarıb.

Qanuna görə, hətta qapalı məhkəmə proseslərinin də hazırlıq iclası və hökmün elanı açıq keçirilir. Amma keçmiş MTN-çilərin işi üzrə hökmün elanına da jurnalistləri buraxmayıblar.

RÜTBƏLƏRİN ALINMASI ÜÇÜN MÜRACİƏT OLUNUB

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məhkəmə E.Quliyev və A.Mehdiyevin hərbi rütbələrdən də məhrum edilməsinə qərar verib. E.Quliyevdən general rütbəsinin alınması üçün Prezident Administrasiyasına, A.Mehdiyevin polkovnik rütbəsinə görə isə MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) təqdimat göndəriləcək.

***Buna da bax-MTN generalı bəraət istəyir: 'Xidmətlərimi nəzərə alın...'

Vaxtilə MTN-çilər tərəfindən saxlanılaraq, əmlaklarının, pullarının əllərindən alındığını iddia edən zərərçəkmişlərin isə mülki iddiaları təmin olunmayıb. Yalnız DTX-nın 7 milyon manata yaxın mülki iddiası təmin edilib. Təqsirləndirilən şəxslərin özlərinin və yaxınlarının üzərinə həbs qoyulmuş əmlaklarının isə müsadirə olunmasına qərar verilib.

E.Quliyevgilin ittiham olunduğu hadisələrin bir neçəsində MTN-nin Xəzər, ardınca da Binəqədi rayon şöbələrinə rəhbərlik etmiş polkovnik-leytenant Rafiq Səfərovun da adı hallanırdı. Mərdəkan qəsəbəsində E.Quliyev, onun müavini olmuş İlqar Əliyev və R.Səfərova məxsus yanaşı üç villa var. Evlərin tikildiyi torpaq ərazisinin sahibi əmlakının onun əlindən zorla alındığını iddia edir və buna görə R.Səfərovu günahlandırırdı. Bu səbəbdən həmin villaların üçünün də üzərinə həbs qoyulmuşdu. Baxmayaraq ki, R.Səfərov haqqında hələ Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində araşdırma gedir, o, təqsirləndirilən şəxs qismində tanınmayıb, amma həmin evin də müsadirə olunmasına qərar verilib.

***Buna da bax-'MTN işi'ndə 300 minlik təzminat tələbi

Hökmdə Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevlə bağlı məsələ də yer alıb. İ.Əliyev həbsindən təxminən iki ay sonra – 2015-ci ilin dekabrında Kürdəxanıdakı istintaq təcridxanasında intihar edib. O, həbs olunarkən bir sıra əmlaklarının üzərinə həbs qoyulmuşdu. Məhkəmə həmin əmlakların da müsadirə olunması haqda qərar çıxarıb.

XATIRLATMA

2015-ci ilin oktyabrında MTN ətrafındakı məlum hadisələrdən sonra E.Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad edilərək, nazirliyin Heydər Əliyev Akademiyasının kafedra rəisi təyin edilib. Bu vəzifədə bir müddət işləyəndən sonra isə həbs olunub. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, adamları qanunsuz azadlıqdan məhrum etmə, rüşvət alma, hədə-qorxu ilə tələb etmə kimi ittihamlar verilib. Prokuror E.Quliyevin 15, A.Mehdiyevin isə 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

E.Quliyev və A.Mehdiyev özünü təqsirli bilmir.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG