Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:14

'MTN-çilər başqalarına neyləmişdilərsə, onlarla da elə davrandılar'


Sabiq MTN-nin baş qərargahı
Sabiq MTN-nin baş qərargahı

Akif Çovdarovdan sonra daha bir MTN generalının – Elçin Quliyevin də rütbəsinin və əmlaklarının alınmasına qərar verildi. Özünə də 10 il 6 ay cəza kəsildi...

Bununla da MTN işi üzrə dördüncü məhkəmə prosesi də yekunlaşdı. Bundan öncə nazirliyin Nəqliyyat və Energetika sahələrində Təhlükəsizlik Baş İdarəsinə rəhbərlik etmiş Akif Çovdarov və üç işçisinin, İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərovun və Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi Mirəziz Əsgərovun ayrı-ayrılıqda məhkəmələri keçirilmişdi. Aralarında daha üç MTN generalının da olduğu, 12 nəfərin mühakiməsi isə davam edir. Bu yaxınlarda həbs olunan daha bir sabiq MTN-çi – Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov isə istintaq altındadır.

Buna da bax: 'Vüsal Ələkbərov işi': 'Pulları MTN-ə oğlum gətirdi. Məni kameradan çıxardılar'

2015-ci il oktyabrın 17-də MTN-dəki əməliyyatla başlayan həbslər, istintaq və məhkəmə prosesləri nəyi üzə çıxartdı? Haqq-ədalət öz yerini tutdumu?

Görünən odur ki, bu işə birbaşa və ya dolayısıyla aidiyyəti olanların, prosesi kənardan izləyənlərin hamısı narazı qalıb – aparılan araşdırmalardan, verilən qərarlardan. Hesab edirlər ki, bu araşdırmalar həqiqətin üzə çıxmasına yox, bu həbslərlə “gözdən pərdə asıb” onun ört-basdır olunmasına xidmət edib.

Məhkum edilən MTN-çilər özləri də, onların qanunsuz həbs edib, hədə-qorxu gəlib pul aldıqları iddia olunan zərərçəkmişlər də hökmlərdən narazı qalaraq, yuxarı instansiya məhkəmələrinə şikayət ediblər. Çovdarov da daxil, haqqında hökm çıxarılanlar iddia edir ki, günahsızdılar, onlara bəraət verilməlidir. Zərərçəkmişlərin əksəriyyəti isə əksinə, düşünür ki, onlara verilmiş 4, 8, 10, 12 illik cəzalar törətdikləri əməllərə görə yüngül cəzadır. Zərərçəkmişlərin etiraz etdikləri əsas məqam isə vaxtilə verdikləri pulu geri ala bilməmələridir.

Buna da bax: 'MTN işi'ndə zərərçəkən: 'Mütləq Eldar Mahmudov dindirilməlidir'

“Pulum qayıtmayacaqdısa, bu prosesin mənə nə xeyri?”

“Məni qanunsuz həbs edib, iki ay həbsdə saxlayandan sonra yaxınlarım pul tapıb-düzəltdilər, gətirib verəndən sonra məni buraxdılar. O vaxt oğlum mənə görə MTN-ə o pulu gətirəndə heç 18 yaşı yox idi. İki milyon da elə-belə düzəlmir... Nəyimiz var, satmışdılar, evlərimizi banka girov qoymuşdular. Üç övladımın evləri bankda batıb. Öz evimi satmalı oldum. Hələ də borcdan qurtara bilmirəm. Əgər pulum qayıtmayacaqsa, daha bu prosesin mənə nə faydası oldu? Əmlakların üzərinə niyə həbs qoyulmuşdu?”, – zərərçəkmiş Hüseyn Səfərovun sözləridir.

Buna da bax: MTN polkovniki: '579 adam tutmuşam, amma heç birinin evində... '

“Ədalətli olmadı...”

Zərərçəkmişlər kimi, təqsirləndirilənlərin vəkilləri də narazıdır. Amma zərərçəkmişlərdən fərqli olaraq, onlar hesab edir ki, keçmiş MTN-çilərin özlərinə münasibətdə ədalətsiz davranılıb.

MTN işi üzrə ibtidai istintaqda və Bakı Hərbi Məhkəməsindəki prosesdə iştirak etmiş vəkil Cavid Rzazadə deyir ki, bütövlükdə proses qanun pozuntuları ilə müşayiət olunub, ədalətli araşdırma getməyib. Müdafiəçinin sözlərinə görə, keçmiş MTN-çilər həbs olunduqları gündən qanunsuzluqla üzləşib: “MTN əməkdaşları hərbçi statusundadır. Qanuna görə, hərbçilərlə bağlı bütün məsələlərə, o cümlədən həbs-qətimkan tədbirinin seçilməsi, əmlaka həbs qoyulması, axtarış qərarı və s. ərazi üzrə hərbi məhkəmələr baxıb qərar verməli idi. Amma sabiq MTN-çilər haqqında həbs qərarını rayon məhkəmələri verib. Halbuki, məsələn, Səbail rayon məhkəməsinin belə bir səlahiyyəti yox idi. Biz məhkəmənin hazırlıq iclasında bu məsələni qaldırdıq. Məhkəmə ilk gündən pozuntuları nəzərə almadı. Amma bunu deməyimizin faydası oldu, istintaq səhvini düzəltdi – MTN işi üzrə ən son saxlanılan Vüqar Mahmudov barəsində həbs-qətimkan tədbiri qərarını Bakı Hərbi Məhkəməsi verdi”.

Buna da bax: MTN-in keçmiş şefi istintaqa çağrılıb

Çovdarov və üç işçisinin məhkəməsində MTN polkovniki Səlim Məmmədovun müdafiəçisi qismində iştirak etmiş vəkilin fikrincə, ittihamlar sübuta yetirilmədən hökm verilib. C.Rzazadə deyir ki, ittihamda yer alan hadisələrin məhkəmədən öncə mətbuatda yayılması artıq o adamlar haqqında mənfi ictimai rəy formalaşdırmışdı, bu da hökmə öz təsirini göstərdi: “İttiham verilmiş epizodların əksəriyyətində yetərincə sübut yox idi. Elə sübut çatışmazlığına görə iki epizod – “Karvansaray” Ticarət Mərkəzi və Qədim Ədilov adlı şəxsdən guya 300 min dollar alınması ittihamdan çıxarıldı. Elə epizodlar var ki, istintaq orqanı pul verdiyini iddia edən bir nəfərin ifadəsinə əsaslanıb, başqa heç bir sübut yoxdur. Qədim Ədilov adlı zərərçəkmiş iddia edir ki, sentyabrın 7-də saat 18.30 radələrində parkda pulu Səlim Məmmədova verib. Sadə bir sübutla – mobil telefonların əhatə dairəsi üzrə anten məlumatları əsasında müəyyənləşdirilmiş ki, həmin tarixdə o ərazidə nə Səlim Məmmədov olub, nə Qədim Ədilov. Təkcə bu ikisi yox, başqa epizodlar da sübut yetərsizliyinə görə çıxarılmalıydı, amma məhkəmənin gücü çatmadı".

Buna da bax: Akif Çovdarova 12 il həbs cəzası verildi [yenilənib]

Vəkil məhkəmədə ittiham və müdafiə tərəfinə bərabər imkanlar yaradılmamasından da gileylənir. Deyir ki, sabiq MTN-çilərin əleyhinə ifadə verən şəxslər dindirilərkən müdafiə tərəfi ziddiyyətləri üzə çıxaranda hakim dindirməni dayandırırdı: “Bir çox vəsatətlərimiz təmin olunmadı. İlk məhkəmə iclasında vəkillərin telefonu alındı, amma prokurorun yox. Mən buna etiraz elədim, bildirdim ki, bir daha belə hal baş versə, məhkəmədə iştirak etməyəcəm. Bundan sonra vəkillərə qarşı bu hala son qoyuldu”.

C.Rzazadə onu da söyləyir ki, onlar müdafiə tərəfi olaraq, media nümayəndələrinin məhkəmədə iştirakına şərait yaradılmasını istəyirdilər, bu haqda dəfələrlə şifahi vəsatət də qaldırıblar. Amma hakimlər razılaşmayıb.

Buna da bax:​ Ekspert: 'Çovdarov 3 ildən sonra 'üçdə bir'lə azadlığa da çıxa bilər'

MSK katibinin qardaşı niyə kənarda qaldı?

“Həbsdəki MTN-çilər vəzifədə olanda necə davranmışdılarsa, necə istintaq aparmışdılarsa, onlara qarşı da eyni cür davranıblar. Ümumilikdə bu prosesi təhlil edəndə, cinayət işinin materiallarına baxanda görürsən ki, məqsəd heç də həqiqətləri üzə çıxarmaq deyil. Əks halda, daha irimiqyaslı araşdırma aparılar, müəyyən adamlar məsuliyyətdən kənarda qalmazdı. Söhbət təkcə Eldar Mahmudovdan getmir...”, – MTN işindəki başqa bir vəkilin sözləridir. Onun müvəkkilinin məhkəməsi hələ davam etdiyindən adının çəkilməsini istəmir. Deyir, sözləri məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər.

Vəkilin sözlərinə görə, iş materiallarında “Bakı Metropoliteni”nin keçmiş rəisi Tağı Əhmədovdan, Daşkəsənin icra başçısı Əhəd Abıyevdən pul alındığı yazılsa da, hadisələrin mahiyyəti təhrif olunub, gerçək səbəblər gizlədilib. Müdafiəçi deyir ki, konkret ittiham hədəfi olan, pul verildiyi iddia edilən adamlar var ki, onlar məqsədli şəkildə kənarda saxlanılıb və bu gün də MTN-in bazasında yaradılmış Dövlət Təhlükəsizliyi Xidmətində işləyir: “Məsələn, müstəntiq Yasin Məmmədov. Onun qardaşı Natiq Məmmədov MSK-nın katibidir...”

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': Zərərçəkənlər: 'Pulları MTN polkovnikinə vermişik'

“Bəs prokurorluq, hakimlər hara baxırdı?”

MTN-lə bağlı prosesi yaxından izləmiş, hətta bəzi məhkəmə iclaslarında şəxsən iştirak etmiş hüquqşünas Əyyub Kərimov da hesab edir ki, ortaya çıxarılanlar aysberqin görünən tərəfidir. Ekspert deyir ki, konkret MTN polkovniki Vüsal Ələkbərovla bağlı hökmdə törədilən cinayətlərdə azadlıqda olan başqa generalların da adları çəkilir: “Mən o hökmlə tanış olmuşam, yazılıb ki, “Vüsal Ələkbərov və barələrində cinayət təqibi davam etdirilən digər şəxslərin birləşdikləri cinayətkar qrup”. Yaxud “Vüsal Ələkbərov və qeyrilərindən ibarət mütəşəkkil dəstə...” ifadəsi tez-tez keçir. “Qeyriləri” deyəndə Eldar Mahmudov, Mövlan Şıxəliyev və onun müavini Təhsin Ağayev nəzərdə tutulur. Əgər bu adamlar haqqında yetərincə sübut varsa, niyə onlar kənarda qalıb? Düzdür, məhkəmənin hökmündə də “barələrində cinayət təqibi davam etdirilən” ifadəsi yer alıb. Başqa sözlə, onlar təqsirləndirilən şəxs qismində cəlb olunmasalar da, nəzarət altındadır. Bəs bu işi başa çatdırmağa mane olan nədir? Yenə də məsələ gəlib siyasi iradəyə dirənir”.

Buna da bax: G.Bayramlı: 'Milyonlar yeyən generallar azadlıqdadır, məni isə ev dustaqlığına...'

Ə.Kərimov MTN-çilərin törətdikləri iddia olunan əməllərdə prokurorluq və məhkəmələrin də məsuliyyətinə diqqət çəkir. Deyir ki, MTN-çilərin kimisə qanunsuz həbs etdiyini deyəndə həbs qərarlarına imza atmış hakimləri də yaddan çıxarmaq olmaz. Eləcə də istintaqa nəzarət orqanı olan prokurorluğun: “Vüsal Ələkbərov özü də məhkəmədə bunu dedi. Hesab edək ki, bu adamlar qanunsuzluq edib, saxta ittihamla kimisə tuturdu, bəs məhkəmə niyə saxta ittihamla adamın həbsinə qərar verirdi? İstintaqa nəzarət etməli olan prokurorluq hara baxırdı? Niyə həmin hakimlər, prokurorlar məsuliyyətə cəlb olunmayıb?”

“MTN-çilərin siyasi əməlləri araşdırılmadı”

Buna da bax: Keçmiş MTN generalına 10 il 6 ay həbs

MTN-in adı ictimai-siyasi fəallara, jurnalistlərə qarşı təqiblərdə də tez-tez hallanırdı. Bu qurumun əməkdaşları tərəfindən həbs olunub, bir ilə yaxın nazirliyin istintaq təcridxanasında saxlanmış jurnalist Pərviz Həşimli deyir ki, onu şərləyib həbs eləmişdilər. Məqsəd də müəyyən məmurların əleyhinə ifadə almaq idi. Ona görə də MTN ətrafındakı məlum hadisələrdən sonra o da həbsində günahı olanların cəzalandırılması üçün uyğun dövlət orqanlarına müraciət edib, amma nəticəsi olmayıb: “MTN-də baş verənlərin hərtərəfli, obyektiv araşdırıldığını düşünmürəm. Əks halda, Eldar Mahmudov, Mövlan Şıxəliyev, Təhsin Ağayev, xüsusilə siyasi işlərin istintaqını aparan müstəntiq Elşən Murtuzov və digərləri kənarda qalmazdı. MTN-çilər bir çox siyasi cinayətlər də törədiblər. Amma onların heç birinə diqqət yetirilmədi. O cümlədən də mənim işimə...”

Buna da bax: 'MTN işi'ndə nə baş verir? [video]

P.Həşimli də o fikirdədir ki, MTN-çilərlə yanaşı, məsuliyyəti olan prokurorluq əməkdaşları, hakimlər də cəzalandırılmalı idi: “Məni MTN-də şərləmişdilər, bəs istintaqa nəzarət etməli olan prokurorluq hara baxırdı? Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimov niyə o saxta ittihamla haqqımda 8 illik hökm çıxardı? Bu adamlar kənarda qalıbsa, hansı ədalətli araşdırmadan söhbət gedə bilər?! MTN-in şərlədiyi sabiq nazir Nicat Quliyevin vəkilləri Rusiyaya qədər gedib, onun üzərinə qoyulan silahların mənbəyinə çıxmışdılar. Məlum olmuşdu ki, mənim və onun şərləndiyi silahlar nömrə ardıcıllığı ilə eyni qutudandır. Yəni eyni sifariş əsasında istehsal olunub. Zavoddan o rəy də alınmışdı ki, bu tapançalar odlu silah deyil, siqnal tiplidi. Bununla bağlı bütün müvafiq orqanlara müraciətlər edildi. Amma heç bir nəticəsi olmadı...”

Buna da bax:

MTN "işi"nin bir ucu Rabitə Nazirliyinə gedir
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

XS
SM
MD
LG