Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:03

’Bu, işgəncə verməyə görə ad çıxarmış 'skoç Ədalət'in şəxsi kadrıdır'


Nardaran məhbusları (rəsm)
Nardaran məhbusları (rəsm)

«"Bandotdel"də olanda Abbası gördüm. Gəzə bilmirdi, bədəni gömgöy idi. Adamı elə döyməzlər. Bir neçə gün sonra onun ölüm xəbəri yayıldı. Orada olanda elə bildim ki, Ermənistandayam».

2015-ci il noyabrın 26-da Nardaran əməliyyatı zamanı həbs olunan Rasim Bünyadov belə deyir. O, əməliyyat zamanı qətlə yetirilən Rəfael və Fərail Bünyadov qardaşlarının əmisi oğludu.

Rasim Bünyadov oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmə iclasında şahid qismində dindirilib. Rasim Bünyadov hazırda mühakimə olunan şəxslərlə birlikdə həbs olunsa da, ona bu iş üzrə ittiham verilməyib. O, CM-nin 228.1-ci maddəsilə - evindən silah-sursat çıxması ittihamı ilə təqsirləndirilərək, 2 il 6 ay azadlıqdan məhrum edilib və hazırda da o cəzanı çəkir.

Buna da bax:​ Nardaran işi: 'Cinsiyyət orqanımı tapdalayan bu idi'

“İKİ MEBEL MAŞINI İLƏ GƏLDİLƏR”

Rasim Bünyadov Taleh Bağırov və Abbas Hüseynovun əleyhinə ifadə verib. O bildirib ki, həmin ifadələrə işgəncə altında imza atmaq məcburiyyətində qalıb.

Bünyadov deyir ki, əməliyyat keçirilən gün çörək almaqdan qayıdarkən əmisigilin qapısında polisləri görüb: "Bu cür müsibət bir 1400 il əvvəl olub, bir də bu idi. Namaz üstündə adamlara hücum elədilər. İki mebel maşını ilə gəldilər. Xüsusi təyinatlılar idi. Ardı yenə gəlirdi. Düşdülər, əllərində nə isə vardı, qapının ağzına atdılar, partlayış səsi gəldi, hər tərəfi tüstü bürüdü. Güllə ata-ata girdilər içəri".

Əməliyyat zamanı saxlanılan şəxslərin DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılarkən maşında işgəncələrə məruz qaldığını deyən şahidin sözlərinə görə, Taleh Bağırovun belini sındırmaq istəyirdilər, əmisi oğlu Fəraili orada döyə-döyə öldürüblər: "Maşında Fərailin başını yarmışdılar, üzündən qan leysan kimi axırdı. Cabbarı elə döyürdülər, elə bil top çiləyirdilər".

Buna da bax:​ Taleh Bağırov: ‘Bu, cəlladdı, azərbaycanlı deyil’

“ORADA SİLAH OLMAYIB”

Rasim Bünyadov onu da qeyd edib ki, evindən qumbara, bıçaq tapılması barədə ittiham tam yalandı: "Allaha and olsun, orada silah olmayıb".

Şahid Ürfan Nəbizadə də evinə qumbara və patronları polislərin atdığını, işgəncə nəticəsində Abbah Hüseynovun əleyhinə - silahları ondan alması barədə ifadə verməyə məcbur edildiyini bildirib: "Dekabrın 2-də həyətdə uşaqlarım futbol oynayırdı, qəfildən həyətə "voyska" girdi. Biri məni saxladı, döyə-döyə maşına apardı, o birilər evə daxil oldu. Həmin gün döyəndə dişimi sındırdılar. "Banditizm"də bir dənə torba gətirdilər ki, "evindən çıxıb". İki qumbaranı boynuma qoydular. Vallah, “Quran” haqqı mənim evimdə o şeylər olmayıb".

Ürfan Nəbizadə onu da qeyd edib ki, Abbas Hüseynovun əleyhinə kamera qarşısında ifadə verməmişdən əvvəl onu nə deyəcəyi barədə təlimatlandırıblar.

Buna da bax: Nardaran işi: “Ramil Usubov şahid kimi dindirilsin”

“NARDARANDAN ŞAHİD TAPMAQ OLMAZDIMI?”

Daha sonra vəkillər hal şahidlərinin məhkumluğu məsələsinin müəyyənləşdirilməsi, Nardaranda əməliyyat keçirilən gün ora Təcili Tibbi Yardım cağırılıb-çağırılmaması məsələsinin dəqiqləşdirilməsi üçün məhkəmənin müvafiq qurumlara sorğu göndərməsi barədə vəsatətlər qaldırıblar.

Vəkil Yalçın İmanov. 19okt2016
Vəkil Yalçın İmanov. 19okt2016

"İş üzrə hal şahidi kimi adı keçən adamların əslində, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qeyri-rəsmi əməkdaşları olduğunu düşünməyə ciddi əsaslarımız var. Hadisə yerinə polislərin hal şahidlərini Bakıdan özləri ilə aparması da həmin əsaslardan biridi. Nardarandan, yoldan şahid tapmaq olmazdımı?",vəkil Yalçın İmanov bildirib.

Müdafiəçi əlavə edib ki, noyabrın 26-da Nardarana təcili yardım çağırılması məsələsinin müəyyənləşdirilməsi üçün sentyabrın 1-də Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına sorğu göndərsə də, bu günə qədər cavab verilməyib. Ona görə də məhkəmənin sorğu verməsini xahiş edirlər.

Buna da bax: ​'Nardaran işi'nin hakimi: 'Ona Şrek deməsin, o da onun atasını söyməsin'

Hal şahidlərinin məhkumluğunun olub-olmaması məsələsinin müəyyənləşdirilməsilə bağlı vəsatəti məhkəmə təmin etməyib. Qərarı da belə əsaslandırıb ki, bu, şəxsi həyata müdaxilədi.

Təcili Yardımla bağlı vəsatət isə baxılmamış saxlanılıb.

“POLİSLƏR YARALILARI QOYUB GEDİBLƏR”

Yalçın İmanov həmçinin məhkəməyə bir fotoşəkil təqdim edib. Həmin fotodan görünür ki, əməliyyat zamanı yaralanan və hazırda təqsirləndirilən şəxslər sırasında olan Cahad Babakişizadə, Şamil Abduləliyev və Bəhruz Əsgərovu xəstəxanaya qəsəbə sakinləri aparır. Təqsirləndirilən şəxslər də ifadələrində belə deyiblər. Bildiriblər ki, əməliyyat başa çatandan sonra polislər yaralıları qoyub gediblər. Sonradan Nardaran sakinləri onları əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da Sabunçudakı 3 saylı xəstəxanaya çatdırıblar.

Lakin məhkəmədə dindirilən polislər bildirirdilər ki, yaralıları əməliyyat qrupunun rəhbərliyinin hadisə yerinə çağırdığı Təcili Tibbi Yardım maşınları xəstəxanaya çatdırıb.

Yalçın İmanov fotoşəklin iş materiallarına əlavə edilməsini və sənədlərin tədqiqi mərhələsində tədqiq olunmasını istəyib.

Fotoşəkil qəbul olunub.

Buna da bax: 'Nardaran işi': Polislə təqsirləndirilənlər bir-birinə ayaqqabı atdılar...

Fasilədən sonra məhkəmə iclasında vəkil Fariz Namazlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarından ibarət polislərin bu iş üzrə zərərçəkmiş statusuna xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil bildirib ki, polislər məhkəmədə dindirilərkən onların fiziki xəsarət almasını, maddi və ya mənəvi ziyan çəkməsini təsdiqləyən heç bir sübut ortaya qoyulmayıb.

Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Bundan sonra məhkəmədə Sabunçu rayon Polis İdarəsinin əməkdaşları dindiriliblər. Onlar ötən il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsdən buraxılması tələbiylə idarənin qarşısında keçirilən aksiya barədə danışıblar.

Buna da bax:​ Taleh Bağırovun işgəncə şikayəti rədd edilib

“BİLMİRƏM”

Polis əməkdaşı Cəsarət Məhərrəmovun dindirilərkən vəkillərin suallarının əksəriyyətinə "bilmirəm" cavabı verməsi müdafiəçilərin etirazına səbəb olub. Hakim polisə xatırladıb ki, məhkəmədə tərəflərin suallarını cavablandırmaq onun vəzifəsidir. Bundan sonra Məhərrəmov bildirib ki, noyabrın 5-də idarənin qarşısında aksiyanın şahidi olmayıb: "Mən gələndə polislər bir neçə nəfəri tutmuşdular, başqaları da çıxıb getmişdilər".

Cəsarət Məhərrəmov ibtidai istintaq zamanı ifadə vermədiyini desə də, hakim ona xatırladıb ki, cinayət işinin materiallarında ifadəsi var.

Başqa bir polis əməkdaşı Ağamir İbrahimov dindirilərkən Taleh Bağırov deyib ki, bu, Sabunçu RPİ-də vətəndaşlara işgəncə verməyə görə ad çıxarmış, "skoç Ədalət" ləqəbiylə tanınan şəxsin kadrıdır. İlahiyyatçının sözlərinə görə, həmin Ədalət 2013-cü ildə onun özünə də işgəncə verib.

Sabunçu RPİ-nin əməkdaşı Yusif Qurbanov isə ifadəsində Elçin Qasımovun həbsindən danışıb. Deyib ki, noyabrın 5-də E. Qasımov məsciddən çıxıb evə gedərkən yolda onu və hakimiyyəti söyüb. O da bu hərəkətinə görə E. Qasımovu saxlayıb idarəyə aparıb.

Buna da bax:​ Leyla Yunus: 'Azərbaycanda küçələrə sizin adlarınızı verəcəklər'

“53 YAŞINIZ VAR...”

Taleh Bağırov Elçin Qasımovun söyüş söydüyünə görə saxlanılması barədə deyilənlərin yalan olduğunu bildirib və şahidi də ən azı, yaşını nəzərə alaraq, bu cür əməllərdən çəkinməyə çağırıb: "Siz Elçini uşaqlıqdan tanıyırsınız. Bilirsiniz ki, necə yaxşı insandır. Elçin Bakı Dövlət Universitetinin elmlər namizədidir. O, heç vaxt sizi söyməzdi. 53 yaşınız var, gəlib burada belə ifadə verirsiz. Bu rejim sizləri belə hala salıb. Bir ayağınız burdadı, bir ayağınız gorda. Bu cür əməllərinizlə tarixdə qalacaqsız. Ayıbdır, ailəniz, uşaqlarınız var".

Taleh Bağırov əlavə edib ki, Elçin Qasımova Sabunçu RPİ-də işgəncə verilib.

Bugünkü məhkəmə iclasında təqsirləndirilən Abbas Hüseynov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında hələ də cərimə kamerasında (kars) saxlanıldığını məhkəmənin nəzərinə çatdırıb. Abbas deyir ki, Azərbaycanda həbs olunmaqla erməni əsirliyində saxlanılmağın heç bir fərqi yoxdur: «"Kars"da olduğum müddətdə yağış yağırdı. Təsəvvür edin, bu soyuqda üç nəfəri soyundurub, döyürdülər. Məni hələ də "kars"da saxlamalarının səbəbini bilmirəm. "Bandotdel" işçilərinin Mehriban Əliyevanın ünvanına səsləndirdikləri təhqirləri araşdırmaqdansa, bizi cəzalandırırlar».

Məhkəmə prosesi oktyabrın 21-də davam edəcək.

Buna da bax:​ Nardaran işi: ‘Polis işçiləri Mehriban Əliyevaya niyə nalayiq sözlər deyirlər?’’

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda ikisi polis olmaqla, altı şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi Hərəkatı»nın 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Onların daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə, daha bir çox ağır cinayətlərdə ittiham edilir. Təqsirləndirilən bu ittihamları rədd edirlər, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Ancaq məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Nardaran İşi”ndə həbs edilənlərə işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG