Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 04:28

'Nardaran işi-2': 'Dedilər imzalamasan arvadını tutub, silahı onun adına yazacağıq'


Taleh Bağırovun həyat yoldaşı jurnalistlərin suallarını cavablandırır.
Taleh Bağırovun həyat yoldaşı jurnalistlərin suallarını cavablandırır.

"Haqsızlığa etiraz etdiyimiz üçün buradayıq. Bizə verilən bütün ittihamlar əsassızdır. Bizə olunan zülmlər bütün Azərbaycan xalqına hörmətsizlikdir", - Nardaran hadisələrindən sonra həbs olunan Ramil Əliyevin öz ifadəsində dilə gətirdiyi sözlərdir.

O, fevralın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu ifadəni verib. Ramil Əliyev Müsəlman Birliyi Hərəkatı sədrinin müavini Elçin Qasımov, hərəkatın İdarə Heyətinin üzvləri Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev də daxil, Nardaran işi üzrə 12 nəfərlik qrupun tərkibində mühakimə olunur. Onların işinə Mayıl Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Buna da bax:​ 'Kasıblarla varlılar arasında uçurum dərinləşib'

"Dedim ki, Talehlə uşaqlıqdan dostuq"

Fevralın 17-dəki məhkəmə iclasında öncə təqsirləndirilən Seyfəddin Şirvanov ifadə verib. O, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovla uşaqlıqdan dost olduğunu deyib. 2015-ci il noyabrın 26-da Nardarandakı qanlı əməliyyatdan az sonra - dekabrın 8-də ona zəng edərək, 13-cü bölməyə çağırıblar. Zəng eləyən deyib ki, maşın məsələsinə görə gəlməlidir: "Mən də dedim ki, maşınım yoxdur. Yenə də çağırdı ki, "gəl, aydınlaşdıraq". Getdim, məndən Taleh Bağırzadəni tanıyıb-tanımağımı soruşdu. Uşaqlıqdan dost olduğumuzu dedim. Məni rəisin otağına apardı".

Müsəlman Birliyi Hərəkatında təbliğat şöbəsinə rəhbərlik etdiyini söyləyən Seyfəddin Şirvanov milli dəyərləri yaydığını bildirib. Onu 13-cü polis bölməsindən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar. Seyfəddin Şirvanov deyir ki, orada onu həyat yoldaşını həbs etməklə hədələyiblər: "Mənə evimdən guya silah çıxması barədə sənədə qol çəkdirmək istədilər. İmzalamaqdan imtina elədim. Dedilər ki, "həyat yoldaşın imzalayıb, əgər sən imtina eləsən, arvadını tutub, silahı onun adına yazacağıq". Mən də qorxumdan imzaladım. Bir neçə aydan sonra yoldaşımla danışanda soruşdum, dedi ki, gəlib axtarış aparıblar, amma heç nə tapa bilməyiblər. Onda başa düşdüm ki, məni aldadıblar".

Buna da bax: Nardaran məhbusunun işgəncə şikayəti təmin edilmədi

Seyfəddin Şirvanov deyir ki, müstəntiq sonradan onu görəndə halallıq istəyib.

"Bizə “Bandotdel"də zülm eləyiblər"

Digər təqsirləndirilən Ramil Əliyev bildirib ki, Nardaran işi üzrə məhkəmələr bütün xalqa onların günahsız olduğunu göstərdi: “Başıma "Bandotdel”də o qədər vurdular ki, axırda huşumu itirdim. Mənim əsəblərim orada pozulub”.

Ramil Əliyev hakimlər heyətinə üz tutaraq deyib: "Sizin üzərinizə böyük məsuliyyət düşür. Qəlbində Allah xofu olan şəxsin bizim işimizə baxmasını istəmirəm. Əgər ailənizi, özünüzü düşünürsünüzsə, bu işə baxmaqdan imtina edin”.

Həbs olunduğu gündən hüquqlarının pozulduğunu deyən Ramil Əliyev onlara işgəncə verənlərin cəzalandırılmamasına etiraz edib: "Bizə edilən zülmlər bütün Azərbaycan xalqına hörmətsizlikdir. Bir cinayətin sübuta yetirilməsi üçün iki nəfərin şahidliyi kifayət edir. 68 nəfər deyir ki, “Bandotdel”də bizə zülm eləyiblər, heç kim əhəmiyyət vermir. Əməliyyatçılar, müstəntiqlər deyirlər ki, yuxarıdan belə tapşırıq verilib. Bu davranışla prezidenti, nazirləri gözdən salırlar”.

Buna da bax:​ Nardaran məhbusu: ‘İlham Əliyevin iki dəfə vəkili olmuşam...’

Hakim Mayıl Bayramov təqsirləndirilən şəxslərin işgəncə ilə bağlı şikayətlərinin araşdırılması üçün Baş Prokurorluğa müraciət olunacağını deyib.

Xatırlatma

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hər biri 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Buna da bax: Leyla Yunus: ''Nardaran işi'' ilə bağlı hesabat hazırlanacaq'

Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyərək, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini bildirirlər.

XS
SM
MD
LG