Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:28

ABŞ və Türkiyə NATO iclasında ‘toqquşublar’ - Qərb mediası


Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu (solda) və ABŞ dövlət katibi Mayk Pompeo (Arxiv fotosu)
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu (solda) və ABŞ dövlət katibi Mayk Pompeo (Arxiv fotosu)

ABŞ-ın vəzifəsindən getməkdə olan dövlət katibi Mayk Pompeo NATO xarici işlər nazirlərinin dekabrın 1-də keçirilən virtual iclasında Türkiyəni kəskin tənqid edib.

Politico saytı yazır ki, ABŞ dövlət katibi Ankaranı NATO müttəfiqləri ilə münasibətlərdə gərginlik yaratmaqda və Rusiyadan antitəyyarə sistemləri almaqla Moskvaya töhfə verməkdə ittiham edib.

Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bunun qarşılığında Pompeonu Avropa müttəfiqlərinə zəng edərək Türkiyə əleyhinə “dəstə bağlamağa” çalışmaqda, regional münaqişələrdə kor-koranə Yunanıstana tərəfkeşlikdə günahlandırıb.

Çavuşoğlu habelə deyib ki, Türkiyənin Suriyada İslam Dövləti terrorçularına qarşı mübarizə apardığı bir vaxtda, ABŞ kürd “terrorçu təşkilatlarını” dəstəkləyib.

Türkiyə xarici işlər naziri bəyan edib ki, ABŞ və Fransa Dağlıq Qarabağ münaqişəsində Ermənistanı dəstəkləməklə bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirməyə çalışıblar.

Politico və Reuters də daxil başqa agentliklər də bildiriblər ki, NATO xarici işlər nazirlərinin iclasında qızğın deyişmənin baş verdiyini çoxsaylı mənbələr təsdiqləyiblər.

Pompeonun son iclası

Bu da qeyd olunur ki, NATO nazirlərinin dekabrın 1-də keçirilən iclası ABŞ dövlət katibi Mayk Pompeo üçün son iclas idi.

Bəzi diplomatlar ehtimal edirlər ki, Pompeo son imkandan ABŞ-da prezident seçilmiş Co Bayden administrasiyasının işini çətinləşdirmək məqsədilə gərginliyi artırmaq üçün istifadə edib.

NATO nazirlərinin sözü gedən iclasında “alyansdaxili münasibətlərə” həsr edilmiş hesabat müzakirə olunurdu.

Bu hesabat Fransa prezidenti Emmanuel Makronun sifarişi ilə müstəqil qurum tərəfindən tərtib edilib.

Makron ötən il Türkiyə də daxil alyans üzvləri arasında fikir ixtilafından şikayətlənmiş və NATO-nun “beyin ölümü” keçirdiyini iddia etmişdi.

O vaxt Türkiyə prezidenti Recep Tayyip Erdoğan onun bu bəyanatına sərt reaksiya vermiş, Makronun özünün “beynində problem olduğunu” demişdi.

Türkiyə bu iclasda təklənib

Sözü gedən hesabat NATO üzvlərini “yaxşı davranış qaydalarına bağlı qalmağa” çağırır, habelə alyansın fərdi üzvlərinin dəstəklənməsi üçün “xüsusi demokratik mərkəzin” yaradılmasını tövsiyə edir.

Politico yazır ki, NATO-nun bir sıra üzvləri Türkiyəni tənqid edən Pompeonun mövqeyinə dəstək veriblər.

Fransanın xarici işlər naziri Jan İv Le Drian Ankaranın davranışını tənqid edib və deyib ki, “Türkiyə Rusiyanın təcavüzkar müdaxilə siyasətini yamsılamaqda davam edərsə, alyans daxilində birliyi saxlamaq mümkün olmayacaq”.

Məqalədə deyilir ki, iclasın sonuna yaxın Türkiyənin alyansın 30 üzvü arasında təkləndiyi aydın sezilirdi.

Çavuşoğlunun NATO-nun Liviyadakı vəziyyətə müdaxilə etməsi üçün etdiyi çağırış da başqa üzvlər tərəfindən rədd edilib.

Onlar Türkiyəni Liviya hökumətinə silah vermək və ora muzdlular göndərməklə münaqişəni qızışdırmaqda ittiham ediblər.

Dağlıq Qarabağ faktoru da var

Çavuşoğlu Pompeonu və ABŞ-ı Aralıq dənzindəki qarşıdurmada birtərfli qaydada Yunanıstanı dəstəkləməklə ifratçılığa varmaqda ittiham etdikdən sonra, Yunanıstanın xarici işlər naziri Nikos Dendias deyib ki, ola bilsin, Yunanıstanın mövqeyi ifratçılıqdır, amma beynəlxalq qanunlar da elə bunu tələb edir.

Türkiyə son illərdə NATO alyansı üzrə bir sıra müttəfiqləri ilə çətinliklər yaşayıb və o hazırda alyansın ən davakar üzvü sayılır.

Erdoğan təkcə Liviyaya deyil, həm də Suriyaya müdaxilə edib və burada onun Rusiya prezidenti Vladimir Putinlə əldə etdiyi sövdələşmə nəticəsində prezident Bəşər əl-Əsəd hakimiyytədə qalıb.

Məqalədə deyilir ki, üstəlik Türkiyənin Dağlıq Qarabağda Azərbaycanı dəstəkləməsi Bakının öz ərazilərini azad etməsi ilə nəticələnib.

Stoltenberq mübahisənin üstünü vurmayıb

Bir sıra NATO diplomatları bildirirlər ki, Çavuşoğlu bu iclasda Almaniyanın bir tərəfdən Aralıq dənzindəki qarşıdurmada tərəfsiz vasitəçi olmasını tərifləyib, amma digər tərəfdən Liviyaya üzən Türkiyə gəmisinin Almaniya donanması tərəfindən təftiş edilməsini “dəniz quldurluğu” adlandırıb.

Türkiyə gəmisi ilə bağlı insidentdə Almaniya donanması Avropa İttifaqının silahlara nəzarət missiyasının üzvü kimi çıxış edirdi.

Məqalədə deyilir ki, iclasdan sonra keçirilən mətbuat konfransında NATO-nun baş katibi Yens Stoltenberq Pompeo-Çavuşoğlu mübahisəsinin üstünü vurmayıb, əvəzində bildirib ki, NATO-nun “konfliktsizləşdirmə mexanizmi” Afina və Ankara arasında gərginliyi azaltmaq imkanı verib.

Baş katib deyib ki, indi hər şey Almaniyanın vasitəçilik səylərindən, habelə Türkiyə və Yunanıstanın “siyasi iradəsindən” asılı olacaq.

XS
SM
MD
LG