Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:46

Navalnı nəhayət videobağlantıya çıxıb və məhkəməni lağa qoyub


Aleksey Navalnı videobağlantıda
Aleksey Navalnı videobağlantıda

Rusiyada Yamal yarımadasındakı xüsusi rejimli koloniyada cəza çəkən müxalif siyasətçi Aleksey Navalnını dekabrın əvvəllərindən bəri ilk dəfə olaraq videobağlantıya qoşublar.

Rusiya mediasının xəbərlərinə görə videobağlantı koloniya ilə Vladimir vilayətindəki Kovrovo məhkəməsi arasında qurulmuşdu.

Navalnı yanvarın 10-da məhkəməyə videobağlantı ilə belə müraciət edib:

"Zati-alililəri, sizin hamınızı görməyimə o qədər şadam ki, yanaqlarımdan göz yaşım axır. Mənim doğma Kovrovo məhkəməm, mənim əziz cavabdehlərim, doğma müdafiəçilərim və doğma katib. Mən sizi görməyimə çox şadam”.

Müxalifətçi jurnalistlərin suallarına cavab verərkən deyib ki, ona heç bir məktub çatmayıb. O əlavə edib ki, “Polyarnı volk” koloniyasında saxlanma şəraiti Vladimirdəki 6 nömrəli koloniyadakından yaxşıdır.

Bunun ardınca Navalnı yenə istehza edib:

“Sizin bostanınıza daş atıram ha, hörmətli cavabdehlər”.

Hakim vəsatəti rədd edib

Kovrovodakı məhkəmədə Navalnının Vladimirdəki koloniyanın rəhbərliyinə qarşı iddialarına baxılırdı.

Navalnı ondan qələmin alınmasına görə guya inspektoru “nalayiq sözlərlə təhqir etdiyinə görə” 12 sutka müddətinə cəza kamerasına keçirilməsindən şikayətçidir.

Müxalifətçi iddia edir ki, onun cərimə təcridxanasına keçirilməsi qanunsuz idi və o istintaq təcridxanasına keçirilməli idi.

Hakim Kirill Nikiforov Navalnının vəsatətini rədd edib.

Bu yaxınlarda Navalnı Yamalo-Nenes muxtar dairəsindəki koloniyada icbari karantindən çıxdıqdan dərhal sonra cərimə təcridxanasına salınmışdı.

Bu dəfə buna əsas kimi Navalnının özünü koloniya əməkdaşına “lazımi qaydada” təqdim etməməsi göstərilirdi.

273 gün cərimə təcridxanasında

Bu da qeyd olunur ki, Navalnı artıq 24-cü dəfədir ki, cərimə təcridxanasına salınır. O bu dəfə orada 7 sutka saxlanmalıdır.

Beləliklə Navalnı son iki ildən də az müddətin 273 gününü cərimə təcridxanasında keçirib.

Cərimə təcridxanasında qaydalar xüsusi sərtliyi ilə fərqlənir. Burada məhkumların bağlamalar almaq hüququ yoxdur, onlar gəzintiyə çıxarılmır və onlara yataq dəsti verilmir.

Aleksey Navalnı avqust ayında ekstremist fəaliyyət ittihamı ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. O bu hökmə görə cəzasını xüsusi rejimli koloniyada çəkməlidir.

Navalnı özünü təqsirsiz, ittihamları isə siyasi motivli sayır.

İnsan haqları müdafiəçiləri onu siyasi məhbus elan ediblər.

XS
SM
MD
LG