Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:01

Neft Fondunun pullarını necə azalmağa qoymamaq?


Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri bu ilin əvvəlindən təqribən 2 milyard dollar azalıb. Bu barədə ADNF-in aprelin 16-da yaydığı məlumatda bildirilib.

Orada qeyd olunub ki, 2020-ci ilin birinci rübünün sonuna ADNF-nin aktivləri 41 milyard 349 milyon ABŞ dollarına bərabər olub. Halbuki, 2020-ci il yanvarın 1-nə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323 milyon ABŞ dolları olmuşdu.

Neft bazarında hazırkı durum ADNF-nin ehtiyatları ilə bağlı bir sıra suallar doğurur. Neft yenidən bahalaşmayacaqsa, ( bu ilin əvvəlindən 2 dəfədən çox ucuzlaşıb) Azərbaycan ehtiyatları sürətlə xərcləməyəcəkmi? Belədə hansı təcili addımlar atılmalıdır?

Deputat Vahid Əhmədov hesab edir ki, karantin rejimi tədricən müəyyən qədər yumşalmalıdır. Onun fikrincə, vaxtı çatdıqca bir sıra müəssisələrin işləməsinə icazə verilməlidir ki, problem yaranmasın, istehsal dayanmasın və müəyyən inkişaf olsun:

“Karantin başlayandan iqtisadiyyatımızda enmələr var”

Vahid Əhmədov, 13 aprel 2012
Vahid Əhmədov, 13 aprel 2012

“Çünki indiki durum ciddidir. Məsələ ondadır ki, karantin başlayandan iqtisadiyyatımızda enmələr var və biz bir müddət sonra bunu hiss edəcəyik. Xüsusən neftin qiyməti də aşağıdır. İkinci, orta və kiçik sahibkarların işləməsi üçün müəyyən şərait yaradılmalıdır, məsələn, bərbərlər, çəkməçilər üçün. Bu şərtlə ki, qaydalara riayət etsinlər. Üçüncü, rayonlardan şəhərlərə gələn məhsullar üçün şərait yaratmaq lazımdır ki, bazara çıxarda bilsinlər. Hazırda alıcılıq qabiliyyəti aşağı düşüb, mən marketlərdə söhbətlər aparıram. Elə etmək lazımdır ki, alıcılıq qabiliyyəti enməsin, yardımlar ünvana dəqiq çatdırılmalıdır”.

“Ehtiyat millət üçündürsə, xərclənməlidir”

Ehtiyatların xərclənməsinə gəlincə, Vahid Əhmədov bildirib ki, ehtiyat millət üçündürsə, xərclənməlidir:

“Millətin normal yaşaması, əziyyət çəkməməsi üçün xərclənməlidir. Amma bu o demək deyil ki, Fondun bütün ehtiyatları xərclənib qurtarmalıdır. Müəyyən hissəsi istifadə edilib müəyyən hissəsinin qalmasına çalışmalıyıq. Ona görə də yumşalmaya gedilməli, bir sıra müəssisələr qaydaları gözləməklə işləməlidir. Ola bilsin, karantin 10-15 gün uzadılsın (Vahid Əhmədovla bu müsahibə aprelin 17-də götürülüb. Aprelin 18-d xüsusi karantin rejiminin aprelin 20-dən mayın 4-nə kimi uzadıldığı açıqlanıb-red), amma müəssisələr tədricən işləyib vergi ödəməlidir ki, insanlar maaş və pensiya ala bilsinlər. Nəzərə alın ki, dövlət başçısı 2.4 milyard vəsait ayırdı və yenə ayıracağını söylədi”.

İlham Əliyev, 28 mart 2020
İlham Əliyev, 28 mart 2020

Prezident İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədi ilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı 1 milyard manat ayırılıb.Daha sonra O, aprelin 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə keçirdiyi videobağlantı formatında iclasda bu məsələ ilə bağlı bunları deyib:

“Əvvəlki dövrlərdə 1 milyard manat məbləğində dəyərləndirilirdi, ondan sonra 2,5 milyard manat həcmində dəyərləndirilirdi. İndi verdiyim tapşırıqlar nəticəsində bu iqtisadi paket 3 milyard manatı, bəlkə də 3,5 milyard manatı ötəcək ( Prezident işsizlərə ayrılan 190 manat yardımın 200 min əvvəzinə 600 minə çatdırılması və başqa göstərişlər verdi-red).

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadşı Qubad İbadoğlu isə mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, Neft Fondu təzyiqlər altındadır:

“Fondun çətin günləri bu rübdən başlayıb.”

Qubad İbadoğlu
Qubad İbadoğlu

“ Çünki I rüb Fondun gəlirləri dekabr, yanvar və fevral ayı üzrə müqavilələr əsasında daxil olub. Ona görə də Fondun proqnozlaşdırıldığı qədər I rübdə gəlir daxil olub, dekabrda imzalanan müqavilələr üzrə neftin qiyməti yuxarı olub, o cümlədən, yanvar və fevralda. Martda qiymətin ucuzlaşmasının Fondun gəlirlərinə təsirini apreldə görəcəyik. Səbəb, martdakı satışlara görə ödənişlər artıq apreldə daxil olacaq. Bu baxımdan Fondun çətin günləri bu rübdən başlayıb.”

Q.İbadoğlu bildirib ki, növbəti rüblərdə də neftin qiymətinin ucuzlaşması gözlənildiyindən aktivlərin istifadəsinin başqa alternativini tapmaq Azərbaycan hakimiyyəti üçün asan olmayacaq:

“ Bilirsiniz ki, Azərbaycan davamlı olaraq maliyyə mənbəyini neft satışından ələ edilirdi, neftdən kənar sahələrdə isə karantin və başqa səbəblərdən yeni mühitdə müsbət çağırışlar gözlənilmir. Daxili maliyyə qaynaqları sırasında özəlləşdirmə ola bilərdi, amma bu gün onu həyata keçirmək uyğun vaxt deyil. Məsələn, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmlərini bazara çıxartmaq olardı, amma onun üçün hüquqi forma dəyişməlidir və bu, zaman tələb edir. Maliyyə qaynaqları sırasında hakimiyyətin “gizli iqtisadiyyat”ın leqallaşmasına üstünlük verdiyi görünür. İndiki halda “gizli iqtisadiyyat” leqallaşsa da, ordan maliyyə götürmək mümkün olmayacaq. Rusiyada hələ karantindən əvvəl iki dəfə buna cəhd etdilər, ciddi nəticələr ortaya qoyulmadı”

“Şəffaflıq və hesabatlılıq artırmalıdır”

Manat
Manat

İqtisadçı təklif edir ki, hökumət büdcə xərcləmələrində və ADNF-də maksimum qənaət rejiminə keçməli, şəffaflıq və hesabatlılıq artırmalıdır: “Xüsusilə ADNF-də idarəçilik sisteminə yenidən baxılmalıdır. Fondun əsasnaməsinin 5.4 maddəsinə görə, müşahidəçilər sırasında ictimaiyyətin nümayəndələri də təmsil olunmalıdır ki, hesabatlılıq və şəffaflıq artsın. Bundan əlavə tenderlər rəqabətli və açıq olmalıdır. Məsələn, 350 milyon manat tibb avadanlıqları və ləvazimatlarının alınmasına ayrılıb, amma bunun hardan alınması, hansı şirkətin almasını, nə qədər ödədiyi bilinmir. Yeganə təklif şəffaflıq, hesabatlılıq və xərclərin rasionallaşdırması, optimallaşdırılmasıdır. Həm də pul-kredit vasitələrlə stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir ki, iqtsiadiyyatda işgüzarlığı fəallaşdıran imkanlar önə çıxsın. Bu baxımdan vergi, kredit, pul və digər tənzimləyici vasitələrdən də səmərəli, aktiv istifadə etmək lazımdır”.

Neft Fondu 2001-ci ildə fəaliyyətə başlayıb. Bu Fonda yarandığı vaxtdan indiyə kimi ümumilikdə təqribən 165 milyard ABŞ dollarına yaxın vəsait daxil olub. Bu vəsaitin böyük bir hissəsi büdcəyə trensfert olunub.

Xatırlatma

Çin, 2020
Çin, 2020

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq, dünyada bu virusdan 160 mindən çox şəxsin vəfat etdiyi bildirilir.Azərbaycanda isə hazırkı dövrədək 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 590 nəfər müalicə olunaraq sağalıb, 18 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Dünən aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.

XS
SM
MD
LG