Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:59

Azərbaycan neftin azalmasını dayandırmaq istəyir, amma...


Neft erası bitir, yoxsulluq başlayır?
Gözlə

No media source currently available

0:00 0:04:09 0:00

Neft erası bitir, yoxsulluq başlayır? (Arxiv. 2022)

Azərbaycan hökuməti neft hasilatını sabitləşdirmək niyyətindədir. Bunu bu il prezident İlham Əliyev də açıqlayıb. "Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq", - o, çıxışlarının birində qeyd etmişdi.

Hələlik isə, neft hasilatı azalır. Ölkədə hasilatın pik dövrü 2009-cu ildə olub, 50.9 milyon ton neft hasil edilib. Ötən il isə bu göstərici təqribən 30 milyona düşüb.

Neft hasilatın düşməsinə baxmayaraq, neft-qaz gəlirləri hələ də Azərbaycan büdcəsinin əhəmiyyətli hissəsini təşkil edir.

İlham Şaban
İlham Şaban

"Yeni platforma istifadəyə verildi"

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Turan"a deyib ki, beynəlxalq təşkilatların proqnozlarına görə, gələn il Azərbaycanda neft hasilatı stabil olacaq: "Buna da əsas kimi o götürülür ki, apreldə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda yeni bir platforma istifadəyə verildi və bu platformada yavaş-yavaş hasilat artır. Ancaq bununla belə, 11 ayın yekunlarına görə, neft 1.1 milyon ton azalıb. Bu platforma 2025-ci ildə tam gücü ilə işləsə belə, azalmanın qarşısını ala bilməyəcək".

Bununla belə, İ.Şabanın sözlərinə görə, "hökumət neftsiz yaşamağa daha alışıb": "Gömrük və vergi orqanlarının xətti ilə dövlət büdcəsinə ödəmələr ildən ilə artır. Bununla da qeyri-neft sektorunun payı get-gedə artır. 10 il ərzində Dövlət Neft Fonduna daxilolmalar 18 milyard dollardan 6 milyard dollara düşüb, üç dəfə azalıb. Amma bu, ölkənin sosial və digər layihələrinə təsir göstərmədi. Məsələn, əvvəllər Dövlət Sosial Müdafiə Fondu dövlətdən illik 2 milyard dotasiya alırdı, indi isə büdcəsi 4 milyarddır və faktiki olaraq özü-özünü saxlayan quruma çevrilib".

Natiq Cəfərli
Natiq Cəfərli

"Qeyri-neft sektorunda..."

İqtisadçı Natiq Cəfərli AzadlıqRadiosuna açıqlamasında ölkədə neft hasilatının pik dövrünü xatırladıb: "Az qala 1 milyon barel gündəlik neft hasilatımız var idi. İndi isə gündəlik hasilatımız təqribən 480 min bareldir. İndi hökumətin əsas istəyi ondan ibarətdir ki, yeni yataqların köməkliyi ilə, heç olmasa, azalma dayansın və 500 min barel səviyyəsində sabitləşsin. Son vaxtlar görülən işlər məhz bundan xəbər verir".

O hesab edir ki, neft hasilatının sabitləşməsi yönündə atılan tədbirlər müəyyən qədər bəhrəsini verəcək: "Xarici neft şirkətləri ilə yeni yataqlarla bağlı hasilatın pay bölgüsü anlaşmaları var. Amma bu, böyük yataqlar deyil, ən yaxşı halda gündəlik hasilatı 15-30 min barel olan yataqlardır. Amma üç-beş belə yataq işə düşsə, təqribən 120 min barel çıxarmaq mümkün olar ki, bu da 500 min barel səviyyəsində əmtəəlik neft hasilatının sabitləşməsinə səbəb ola bilər".

N.Cəfərlinin vurğuladığına görə, qeyri-neft sektorunda rəqəmsal olaraq müəyyən artım olsa da, Azərbaycanın bütün aqrar ixracatı heç 1 milyard dollara çatmır: "Amma Türkiyənin bölgəsi olan Antalyanın aqrar ixracatı 2 milyard dollardan yuxarıdır. Bu nöqteyi-nəzərdən yanaşsaq, yaxın illərdə Azərbaycanın qeyri-neft ixracatı və istehsalından gəliri neft gəlirlərinin yarısına belə çata bilməz".

Xatırlatma

Bu il sentyabrın 20-də "Əsrin neft müqavələsi"nin 30-cu ili tamam oldu.

2017-ci il sentyabrın 14-də bu müqavilənin müddəti (əvvəl 30 illik bağlanmışdı) 2050-ci ilə qədər uzadılıb. Söhbət "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsindən gedir. Orada şirkətlərin iştirak payları hazırda belədir: BP (30.37%), SOCAR (25%), MOL (9.57%), "INPEX Corporation" (9.31%), "Equinor" (7.27%), "ExxonMobil" (6.79%), "TPAO Turkish Petroleum Corp." (5.73%), "ITOCHU International Inc." (3.65%), "ONGC Videsh Ltd." (2.31%).

"Əsrin neft müqaviləsi"ndən Azərbaycan indiyə kimi birbaşa 200 milyard ABŞ dollarından çox vəsait əldə edib. Neft Fondunda hazırda 61 milyard dollar var. Fonddakı vəsaitlərin böyük bir qisminin büdcəyə transfert edildiyi, yerli və Azərbaycan üçün əhəmiyyətli bir sıra beynəlxalq layihələrin maliyyələşdirilməsinə xərcləndiyi açıqlanıb. Amma müxalifət partiyaları hesab edir ki, ölkəyə gələn neft pullarının bir hissəsi korrupsiyanın yemi olub.

XS
SM
MD
LG