Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 11:38

‘Nərmin işi’ndəki  pozuntulara görə müstəntiqin cəzalandırılmasına xüsusi qərar verilsə də icra edilməyib


İlkin Süleymanov
İlkin Süleymanov

Tovuz rayonunun Dondar Quşçu kəndində azyaşlı Nərmin Quliyevanı oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun işini sorğulayan - istintaqını aparan müstəntiq Nadir Mirzəyevin cəzalandırılması üçün onun haqqında ayrıca qərar çıxarılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin müstəntiq haqqında qərarında yazılıb ki, o, İ.Süleymanovun işi üzrə istintaqda xeyli qanunsuzluğa yol verib.

Qərarda etiraf olunur ki, kənddə yanmış meyit tapılandan sonra İ. Süleymanov 4 gün – 2020-ci il yanvarın 6-dan 10-nadək Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanılıb. O, həmin ayın 6-dan şöbədə olduğu halda, ilk dəfə yanvarın 8-də dindirilib. İfadəsində də göstərib ki, uşağın oğurlanmasına və öldürülməsinə aidiyyəti yoxdur.

Üstəlik, yanvarın 8-də Süleymanovların evində axtarış aparılıb. İş üçün önəmli heç nə tapılmasa da, onu yenə də polis şöbəsindən buraxmayıblar.

Müstəntiq N. Mirzəyev haqqında xüsusi qərarda göstərilən başqa bir pozuntu da İ.Süleymanovun telefonunun qanunsuz götürülməsidir. Telefon götürülsə də, bununla bağlı heç bir sənədləşmə aparılmayıb.

Məhkəmə araşdırmaları zamanı təsdiqlənib ki, İ. Süleymanov saxlandıqdan sonra onun mobil telefonuna müdaxilə olunub. O, artıq polis şöbəsində olduğu müddətdə onun telefonundan istifadə edilib, müxtəlif səhifələrə baxılıb. Bu yolla süni sübutlar əldə olunub.

İ. Süleymanov haqqında istintaq Baş Prokurorluğun İstintaq İdarəsində (o zaman bu idarə Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi adlanırdı-red.) aparılıb. İstintaqı aparan N. Mirzəyev idarənin xüsusilə mühüm işlər üzrə müstəntiqi olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsi N. Mirzəyev haqqında xüsusi qərarı ötən ilin iyulunda çıxarsa da, bir ildən çox müddətdə həmin qərarı Baş Prokurorluğa icraya göndərməyib. Nəticədə qərar icra edilməyib və müstəntiq cəzalandırılmayıb.

Nadir Mirzəyev artıq prokurorluqda çalışmır?

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, məsələ iyulda Məhkəmə-Hüquq Şurasında da müzakirə edilib. Ardından Gəncə Ağır Cinayətlər Məhkəməsinə məktub ünvanlanıb, N. Mirzəyev haqqında xüsusi qərarın Baş Prokurorluğa bir il ərzində göndərilməmə səbəbinə dair izahat istənilib. Nəticə haqda məlumat yoxdur.

Baş Prokurorluqdan AzadlıqRadiosuna verilən başqa bir məlumta görə, N. Mirzəyev artıq prokurorluqda çalışmır. O, 2021-ci ildə İ. Süleymanov haqqında cinayət işinin istintaqını bitirəndən az sonra təqaüdə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Dadaş İmanov, Faiq MahmudovNural Əliyev (hazırda Gəncə Apellyasiya Məhkəməsindədir-red.) bu iş üzrə istintaqda çoxsaylı qanun pozuntularına yol verildiyini təsdiqləsələr də, digər tərəfdən İ. Süleymanov haqqında ittiham hökmü çıxarıb. Həmin hökmlə İ. Süleymanov 11 yaşlı Nərmini oğurlayıb öldürməkdə, meyiti yandırmaqda təqsirli bilinib və ona 18 il həbs cəzası kəsilib.

Təqsirsiz olduğu halda cəza çəkdiyini deyən İ. Süleymanovun fikrincə, tez-gec onun günahsızlığı təsdiqlənəcək.

“İnanıram ki, bu proses, gec-tez, mənim xeyrimə bitəcək”

“Əsl cinayətkarı tapa bilmirlərsə, tapmaq istəmirlərsə, o demək deyil ki, kiminsə yerinə cəzanı mən çəkməliyəm. Təcridxanada müstəntiq Nadir Mirzəyevə dedim ki, mənim bu işə aidiyyətim olmadığını özünüz də yaxşı bilirsiniz. Cavab verdi ki, “neyləmək olar, bəzən təqsirsiz adamlar da tutulur, sonradan buraxılır, buraxılmayanlar da olur”. İnanıram ki, bu proses, gec-tez, mənim xeyrimə bitəcək. Mən törətmədiyim cinayətin cəzasını çəkmək istəmirəm”, - İ. Süleymanov Gəncə Apellyasiya Məhkəməsində belə demişdi.

Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

İ. Süleymanovun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırlatma

11 yaşlı Nərmin Quliyeva 2019-cu il noyabrın 21-də yaşadığı Dondar Quşçu kəndində əmisigildən çıxandan sonra itkin düşüb. 47 gün sonra kənddə yandırılmış meyit aşkarlanıb və onun azyaşlıya məxsus olduğu bildirilib.

Azyaşlını oğurlayıb qətlə yetirməkdə suçlanan İlkin Süleymanova CM-in 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3-cü (adam oğurluğu) və başqa maddələriylə ittiham verilib. O, ittihamları qəbul etmir və işgəncə altında etiraf ifadəsi verdiyini söyləyir.

Baş Prokurorluq Süleymanovun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.

XS
SM
MD
LG