Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:46

Niderland məhkəməsi Putin və Shoigu-nu 'müttəhim' edə bilər?


Prezident Vladimir Putin (ortada), müdafiə naziri Sergei Shoigu (sağda) və FTX-nin başçısı Aleksandr Bortnikov
Prezident Vladimir Putin (ortada), müdafiə naziri Sergei Shoigu (sağda) və FTX-nin başçısı Aleksandr Bortnikov

Niderlandda Ukraynanın Donbas regionu üzərində vurulmuş Boeing sərnişin təyyarəsi ilə bağlı məhkəmə prosesinə başlanıb.

2014-cü ilin iyulunda vurulmuş MH17 reysi ilə uçan təyyarədəki 298 nəfərin hamısı həlak olub.

Bunlar 10 ölkənin vətəndaşları idilər.

Beynəlxalq Birgə İstintaq Qrupunun (JIT) gəldiyi nəticəyə görə təyyarə Rusiya istehsallı Buk qurğusundan vurulub.

Bu da bildirilir ki, raket qurğusu separatçıların “Donetsk Xalq Respublikası” adlandırdıqları ərazidəki Snejnoye kəndinin yaxınlığında yerləşirdi.

Təyyarənin düşdüyü yerdə xatirə abidəsi
Təyyarənin düşdüyü yerdə xatirə abidəsi

Current Time yazır ki, istintaqın gəldiyi nəticəyə görə sözü gedən Buk qurğusu Rusiyanın Kursk şəhərində yerləşən 53-cü zenit-raket briqadasına məxsusdur və təyyarə vurulmazdan az əvvəl oradan Ukraynaya gətirilmişdi.

Müstəntiqlər bildirirlər ki, bilavasitə raket atəşinin açılmasında dörd nəfərin iştirakı olub. Bunlar aşağıdakılardır:

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabiti Igor Girkin (Strelkov). O təyyarə vurularkən “DXR” separatçılarının “silahlı qüvvələrinin” başçısı vəzifəsini tuturdu;

Rusiya Hərbi Hava Desantı qüvvələrinin keçmiş podpolkovniki Oleg Pulatov. O 2014-cü ilin iyulunda “DXR Baş Kəşfiyyat İdarəsinin (GRU)” 2-ci bölməsinin komandiri idi;

Rusiyalı Sergey Dubinin 2014-cü ildə “DXR Baş Kəşfiyyat İdarəsinin” başçısı olub. O təyyarə vurulub salındıqdan sonra Girkinə (Strelkova) zəng edib və onlar Boeing təyyarəsini vurmuş Buk qurğusunun ərazidən çıxarılaraq Rusiyaya qaytarılmasını müzakirə ediblər;

Ukrayna vətəndaşı Leonid Kharchenko: O da Strelkovla telefonla danışır və Ukrayna qoşunlarının mövqelərinin artilleriya atəşinə tutulmasını əmr edirdi.

Moskva MH17 təyyarəsinin qəzası ilə bağlı bütün ittihamları rədd edir.

Rusiya Müdafiə Nazirliyi isə israr edir ki, Boeing qəzaya uğradığı vaxt Rusiyadan Ukraynaya heç bir Buk qurğusu keçirilməyib.

Dobrokhotov: "Müttəhim siyahısı genişlənəcək"

Lakin Rusiyanın The Insider saytı Boeing təyyarəsinin qəzasına dair açıq mənbələrdən informasiyanın toplanmasında iştirak edib və onun redaktoru Roman Dobrokhotov əmindir ki, bu iş üzrə müttəhim olanların siyahısı adları çəkilən dörd nəfərlə məhdudlaşmayacaq.

Dobrokhotov inanır ki, müttəhimlərin siyahısına hazırda Rusiya Mərkəzi Ordu Dairəsinin baş müfəttişi olan general-mayor Nikolay Tkachev və GRU-nun yüksək vəzifəli zabiti Oleg Ivannikovu da əlavə etmək lazım gələcək.

Bu adamlar Buk qurğusunun Rusiyadan Ukraynaya gətirilməsində bilavasitə iştirak ediblər.

Dobrohkotov siyahını bir az da genişləndirir:

“Məncə kifayət qədər əminliklə demək olar ki, Putinin keçmiş müşaviri Vladislav Surkov, eləcə də müdafiə naziri Sergey Shoigu və FTX-nin başçısı Aleksandr Bortnikov da müttəhimlərin siyahısında olacaqlar. Hətta az da olsa belə bir ehtimal var ki, bu prosesdə Rusiya silahlı qüvvələrinin ali baş komandanının (Putinin) da adı çəkilsin. Biz başa düşürük ki, (Niderlandda və bütün dünyada da başa düşürlər ki) ağır texnikanın bir dövlətin ərazisindən başqa bir dövlətin ərazisinə aparılması ali baş komandanın əmri olmadan həyata keçirilə bilməz. Bu, fiziki və hüqiqi baxımdan mümkün deyil”.

Ukrayna baş prokurorunun müavini Gündüz Məmmədov məhkəmənin açılış dinləməsinə dəvət edilib
Ukrayna baş prokurorunun müavini Gündüz Məmmədov məhkəmənin açılış dinləməsinə dəvət edilib

Ən azı yeni sanksiyalar olacaq

Dobrokhotov düşünür ki, hardasa may ayınadək bu iş üzrə yeni şahidlərin və müttəhimlərin adları çəkiləcək:

“Əlbəttə, bu o demək deyildir ki, Putini əli qandallı Niderlanda aparıb müttəhimlər kürsüsünə oturdacaqlar və o orada ifadə verəcək. Hamı başa düşür ki, məhkəməyə nəinki GRU generallarının, hətta Buk qurğusunun ekipajındakı adi əsgərlərin də gətirilməsi Rusiyanın siyasi iradəsi olmadan mümkün deyil”.

Dobrokhotov deyir ki, Putin hakimiyyətdə qaldıqca bu iradə olmayacaq.

The Insider saytı redaktorunun qənaətinə görə bütün hallarda bu işlə bağlı Rusiyaya qarşı yeni sanksiyalar elan oluna bilər:

“Mən düşünmürəm ki, bundan sonra hansısa Macron və ya başqa bir siyasətçi indi gəldiyi kimi rahatca Moskvaya gəlib Putinlə əl tutacaq...”

XS
SM
MD
LG