Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:42

'O vaxta qədər xəsarət qalacaqmı?'


H.Ağayev
H.Ağayev

Müsəlman Birliyi Hərəkatının fəalı Hikmət Ağayev işgəncəyə məruz qalması, zorlanmaqla hədələnməsi haqda şikayəti ilə əlaqədar dindirilib. Bu barədə mayın 5-də Bakı Apellyasiya Məhkəməsində onun həbs qərarından verilən şikayətə baxılanda inanclı fəal özü danışıb.

H.Ağayev ona 25 sutka inzibati həbs cəzası verilməsi haqda məhkəmə qərarının qanunsuz olduğunu vurğulayıb. Deyib ki, nə karantin rejimi qaydalarını pozub, nə də polisə müqavimət göstərib. Onu işlədiyi meyvə-tərəvəz mağazasından tutub aparıblar. Xətai rayon Polis İdarəsində telefonunun kodunu demək üçün işgəncəyə məruz qalması barədə prokurorluğa şikayətində yazdıqlarını məhkəmədə də təsdiqləyən H.Ağayevin sözlərinə görə, xəsarət izləri hələ də qalır. O, barmağındakı şişkinliyi hakimə göstərib, bir qulağının eşitmədiyini bildirib: "Aprelin 30-da təcridxanaya prokurorluqdan müstəntiq və ekspert gəlmişdi. Onlara da göstərdim. Ekspertə dedim ki, "mən müayinədən keçməliyəm. Qulağımdakı ağrını necə hiss edə bilərsən?". Dedilər ki, həbs müddəti bitəndən sonra gələrəm, müayinədən keçmək üçün mənə göndəriş verəcəklər. O vaxta qədər xəsarət qalacaqmı?".

H.Ağayev əlavə edib ki, polis idarəsində ondan kimdən maliyyə aldığını, kimin göstərişiylə ehtiyaclı ailələrə yardım etdiyini soruşublar: "Mən bilməzdim ki, ehtiyacı olan adama ərzaq, tərəvəz yardımına görə belə rəftara məruz qala bilərəm...".

Vəkil görüntülərə baxış keçirilməsini istəyib

Vəkili Cavad Cavadov məhkəmədən H.Ağayevin işlədiyi dükanın qarşısındakı, Xətai rayon Polis İdarəsindəki kamera görüntülərinə baxış keçirilməsini istəyib. Vəkilin sözlərinə görə, həmin görüntülər sübut edəcək ki, H.Ağayev protokolda və məhkəmə qərarında yazıldığı yerdə tutulmayıb, onu iş yerindən aparıblar.

Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə polis bölməsində saxlandığı gecə çarpayı verilməməsindən, onun beton döşəmənin üstündə yatmağa məcbur edilməsindən də danışıb. Məhkəmədən də bu məsələnin araşdırılmasını və vətəndaşa qarşı pis rəftar kimi qiymətləndirilməsini istəyib.

Amma hakim Əflatun Qasımov bu vəsatətlərin heç birini təmin etməyib. H.Ağayevin 25 sutkalıq həbsi barədə Xətai rayon Məhkəməsinin qərarından verilmiş şikayəti də rədd edib.

H.Ağayev aprelin 11-də saxlanıb. O, prokurorluğa məktubunda yazırdı: "Döyə-döyə deyirlər ki, "əgər telefonun kodunu verməsən, dubinka ilə zorlanacaqsan". Qandallı əllərimlə şalvarımı tutmuşdum ki, çıxarmasınlar. O qədər döydülər, özümdən getdim. Əl-üzümü yuyandan sonra dərman verdilər. Özümə gələndə bir də döydülər. Yenə huşumu itirdim. Bu dəfə ayıldıb rəisin otağına apardılar. Orada rəis soruşdu ki, niyə yardım paylayıram, məni kim maliyyələşdirir? Çünki bundan əvvəl də əlimdən gəldiyi qədər adamlara yardım etməyə çalışırdım. Dedim, "heç kim, Allaha xatir, öz qazancımdan az da olsa, ehtiyacı olanlara ərzaqla kömək etməyə çalışıram...".

Daxili İşlər Nazirliyi isə onun işgəncəyə məruz qalması haqda söylədiklərini təkzib edib.

Xatırlatma

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da daxil, təşkilatın onlarla üzvü həbsdədir. Onlar terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır suçlamalarla uzunmüddətli həbs cəzasına məhkum ediliblər. Lakin hərəkat üzvləri bu ittihamları qəbul etmirlər, hakimiyyətin siyasətini açıq tənqid etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər. Onlar həmçinin, həbs olunarkən polis orqanlarında, özəlliklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

Daxili İşlər Nazirliyi isə onların işgəncə iddialarını rədd edib, bu barədə səslənən fikirlərin yalan olduğunu bildirib.

Azərbaycan rəsmiləri də, bir qayda olaraq, ölkədə heç kimin siyasi baxışlarına görə təqib olunmadığını vurğulayırlar.

XS
SM
MD
LG