Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:38

Palçıq gözəllik və qazanca çevrilə bilər


Qobustanda palçıq vulkanı
Qobustanda palçıq vulkanı

-

Azərbaycanda palçıq vulkanları hər daşıb püskürəndə onun faydası yada düşür. Bu bir qədər müzakirə edilir, sonra yaddan çıxır...

Mütəxəssislər vulkanların həm səhiyyə, həm də turizm üçün gəlirli sahəyə çevrilə biləcəyini deyirlər. Bunun üçün 2007-ci ildə prezident İlham Əliyevin «Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında» sərəncamını da xatırladırlar. Həmin sərəncamda palçıq vulkanlarının səhiyyə və ekoturizmdə istifadə edilməsi tapşırılmışdı.

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev «Turan»ın əməkdaşı ilə söhbətində vulkanların tərkibinin kimyəvi elementlərlə zəngin olduğunu söyləyib:

«Həmin ərazilər turizm üçün ən ideal yerdir. Uzun illərdir ki, vulkan palçığının təbabətdə istifadəsini, səhiyyə turizminin yaradılmasını təklif edirik. Təəssüf ki, bu sərvətdən yetərincə istifadə olunmur».

BƏXTSİZ VULKANLAR

A.Əliyev deyir ki, həmin ərazilərdə yaşayan insanlar vulkan palçığının ətrafını çirkləndirirlər. Üstəlik, ev tikintisində bu palçıqdan xammal kimi istifadə edirlər:

«Ölkədə 350-yə yaxın palçıq vulkanı olsa da, püskürmə daha çox Qobustan, Şamaxı və Xəzər akvatoriyasında müşahidə olunur. Dünyada vulkan püskürməsi olan ərazilərə turistlər çox maraq göstərirlər. Azərbaycan vulkanlarının isə bu sarıdan bəxti gətirməyib».

VULKAN PALÇIĞI HANSI XƏSTƏLİKLƏRİN DƏRMANIDIR?

Professorun fikrincə, bu palçıq bir çox xəstəliklərin müalicəsində istifadə oluna bilər. Onun dediyinə görə, hələ ötən əsrin 80-ci illərində vulkan palçığının tibbə tətbiqinə başlanılıb:

«Kurortologiya İnstitutunun həkimləri AMEA-nın Geologiya İnstitutu ilə birgə palçıq vulkanlarının xassələrini öyrənib və xəritələr tərtib ediblər. Sonra Bakının bir sıra xəstəxana və poliklinikasında vulkan palçığı ilə müalicə üsulundan yararlanıblar. Palçıqdan əsəsən dermatoloji, sinir sistemi xəstəlikləri, ginekoloji və oynaq xəstəliklərinin müalicəsində istifadə olunub. Sonradan bu layihə yarımçıq qalıb».

QONŞUDAN QALMA DALA...

«Omeqa» Turizm Şirkətinin rəhbəri Şahin Camalov da deyir ki, palçıq vulkanlardan pul qazanan ölkələrdən ikisi Azərbaycanın qonşusudur: «Gürcüstandakı Axtala vulkanı Sovet dönəmində kurort zonası kimi tanınırdı. İttifaqın hər yerindən bura turistlər axışırdı. İndi isə Türkiyənin Bursa və Afyon bölgəsi müalicəvi palçığı ilə tanınır. Bura dünyanın bir çox inkişaf etmiş ölkələrindən insanlar həm turist kimi gəzməyə, həm də palçıq vannası qəbul etməyə gəlirlər».

Ş.Camalovun fikrincə, Azərbaycan da bu təcrübədən yararlanmalıdır: «Palçıq vulkanı turizmini inkişaf etdirsək, həm insanlar iş yeri qazanar, həm də dövlət xeyir götürər».

PALÇIĞIN PULA ÇEVRİLDİYİ SAHƏ...

Palçığın pula çevrildiyi sahələrdən biri də kosmetologiyadır. Hazırda palçıqdan hazırlanan vasitələr inkişaf etmiş ölkələrdə ənənəvi krem və yağları kölgədə qoyur.

«NPD Group» adlı agentliyin məlumatına görə, 2015-ci ildə ABŞ-da palçıq və palçıq yosunlarından hazırlanan kosmetik vasitələrin satışının dövriyyəsi 53 faiz artaraq 27.9 milyon dollar olub.

Mütəxəssislərin fikrincə, palçıq kosmetologiyası Azərbaycanda investisiya qoyulmalı sahələrdən birinə çevrilə bilər.

XS
SM
MD
LG