Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 21:15

Külli miqdarda yeyinti iddiasında Qarabağla bağlı filmin də adı keçir


Cəbrayıl Fərzəliyev
Cəbrayıl Fərzəliyev

Cəbrayıl Fərzəliyev Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin üzvü və uzun müddət "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının nümayəndəsi olub. Dekabrın 4-də prokuror ona 12 il həbs cəzası tələb edib. C. Fərzəliyev "Paşa Bank" və "Gənclər Fondu"nun yarım milyon manatdan çox pulunu mənimsəməkdə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan bu iş 9 aydır araşdırılır. Prokurorun qənaətincə, uzun sürən dindirmə və tədqiq olunan sənədlərlə 527 min manatlıq yeyinti ittihamı təsdiqini tapıb.

33 yaşlı C.Fərzəliyevə külli miqdarda mənimsəmə, dələduzluq, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı kimi ittihamlar verilib.

Cinayət işinin materiallarına görə, ittihamda göstərilən 527 min manatın 342 minlik bölümü “Paşa Bank”dan götürülüb.

C.Fərzəliyevin adına bir neçə şirkət də varmış. O, ittihama əsasən, həmin şirkətlərdən biri olan “Universal” MMC-yə avadanlıq alınması, dövriyyəsinin artırılması və s. adlarla müxtəlif vaxtlarda bankdan kreditlər götürüb və qaytarmayıb.

C.Fərzəliyev Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) sədrin beynəlxalq əlaqələr üzrə müşaviri də çalışıb. O, eyni zamanda, başqa təşkilatlarda da təmsil olunub. Gənclər Fondu ilə bəlli layihələr gerçəkləşdirməkdən ötrü qrant müqavilələri bağlayıb.

Belə layihələr arasında Qarabağdan söz açan “Qayıdışın izi ilə” adlı filmin hazırlanması da olub. Cinayət işinin bu filmlə bağlı materiallarında iddia edilir ki, C.Fərzəliyev “Böyük Qayıdış” Gənclər Təşkilatı İctimai Birliyinin üzvü Nail Şükürovun adından sənədləri imzalayıb, ayrılan vəsaitlər təyinayı üzrə xərclənməyib və s.

C.Fərzəliyevsə özünü təqsirli bilməyərək deyir ki, səhlənkarlıq ola bilər, amma heç bir mənimsəmədən söhbət gedə bilməz.

Bu cinayət işində “Paşa Bank” da, Gənclər Fondu da zərərçəkmiş qismində tanınıb. Həmin qurumların nümayəndələri məhkəmədə dəymiş ziyanın ödənilməsini tələb ediblər.

C.Fərzəliyev həbsdə olduğu müddətdə 527 min manatlıq ziyanın bir bölümünü ödəyib.

C.Fərzəliyev politoloq kimi, YAP-ın rəsmi saytına, “AzərTac” dövlət informasiya agentliyinə tez-tez müsahibələr verir, ölkədəki prosesləri şərh edirdi.

XS
SM
MD
LG