Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:52

Paşinyan: 'Heç kəsə dəhliz verən deyilik'


Nikol Paşinyan parlamentdə
Nikol Paşinyan parlamentdə

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 13-də parlamentdə çıxışında Azərbaycanla sərhəddə son gərginliyin səbəblərindən, sülh danışıqlarını necə görməsindən danışıb.

Sentyabrın 13-nə keçən gecə toqquşmalarda Azərbaycan tərəfdən 50, Ermənistandan 49 hərbçi həlak olub. Tərəflər bir-birini hücuma keçməkdə ittiham edir. Hazırda bəzi istiqamətlərdə döyüşlərin davam etdiyi bildirilir.

“Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirlər”

Paşinyan Azərbaycanın guya Ermənistanın irimiqyaslı provokasiyasına cavab verməsilə bağlı bəyanatlarını təkzib edib. Onun sözlərinə görə, vəziyyət ilk öncə Qarabağ məsələsi üzrə danışıqlar prosesilə əlaqədardır. Baş nazir Azərbaycanın sülh sazişinə dair beş prinsipini yada salıb, Ermənistanın bu prinsipləri qəbul edərək öz təkliflərini verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq Yerevanın təkliflərini qətiyyətlə rədd edib, Qarabağ məsələsinin bağlandığını deyib.

“Onlar Ermənistanla Qarabağ məsələsini müzakirə etmək istəmirlər, çünki mövqeləri belədir ki, Qarabağ məsələsi həll olunub, yaxud Azərbaycanı daxili məsələsidir”, – Paşinyan deyib.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ildə 44 günlük müharibədən sonra dəfələrlə bildirib ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixdə qalıb, ölkənin ərazi bütövlüyü bərpa olunub.

Paşinyan: 'Azı 49 nəfər itki var və bu, son rəqəm deyil'
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00

Ərazi bütövlüyü prinsipi

Paşinyanın sözlərinə görə, Ermənistan Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanımaqla bağlı təklifini də qəbuledilən sayır. Ancaq Azərbaycan 2021-ci ilin may hadisələri və birinci Qarabağ müharibəsi vaxtı tutulmuş ərazilərin Ermənistanın ərazi bütövlüyünə daxil olub-olmadığını dəqiqləşdirmir, Paşinyan deyir. Bunun əvəzində Azərbaycan gözləyir ki, Ermənistan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanısın.

Azərbaycan 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Ötən ilin may hadisələri vaxtı isə ölkə rəhbərliyi silahlı qüvvələrinin mövqelərini dəqiqləşdirdiyini açıqlayıb.

Paşinyan deyir ki, Ermənistan nəzəri baxımdan bu şərtlərə razılaşsa belə, Azərbaycanın ərazi iddialarının nə qədər uzağa gedəcəyi aydın deyil.

“Bəzən Nrnadzordan başlayır, Zəngəzur, yaxud Sünik vilayətləri ilə davam edir, Ermənistanın paytaxtı Yerevanla bitirirlər. Qeyd edim ki, bu yalnız müsahibə, yaxud bəyanatlar olsaydı, bu haqda danışmamaq olardı. Ancaq bu, Azərbaycanın davamlı siyasətidir”, – Baş nazir deyib.

Azərbaycan Sünik vasitəsilə Naxçıvan eksklavına magistral yol və dəmiryolu əlaqəsi əldə etmık istəyir. Bu, Qarabağda atəşkəslə bağlı 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda nəzərdə tutulub. Bakı həmin yola “Zəngəzur dəhlizi” deyir, Yerevansa daha öncəki bəyanatlarda da ərazisindən keçəcək yollar üzərində suverenliyini saxlayacağını bildirib.

Dəhliz

Paşinyanın sözlərinə görə, sərhəddə gərginliyin başqa bir səbəbi Azərbaycanın Ermənistan ərazisindən dəhliz tələb etməsidir.

“Ermənistan ərazisindən heç kəsə dəhliz verən deyilik. Ancaq Ermənistan Respublikası ərazisindən yolların açılmasını qəbul edirik, hətta bunda maraqlıyıq”, – o vurğulayıb.

Paşinyan iddia edib ki, provokasiyanın məqsədi Ermənistan ordusunda islahatlar prosesini pozmaq, Ermənistanda “aşkar iqtisadi uğurları” dayandırmaqdır.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG