Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Bir çox yenilgidən sonra da Paşinyan od-alovdan sağ çıxan baş nazir olaraq qaldı


Ermənistanın müxalifət lideri Nikol Paşinyan Yerevanda mitinqdə tərəfdarlarını salamlayır. 2018
Ermənistanın müxalifət lideri Nikol Paşinyan Yerevanda mitinqdə tərəfdarlarını salamlayır. 2018

Ermənistan son üç ildə çox sayda travmatik məğlubiyyətlərlə üzləşsə də, baş nazir Nikol Paşinyan öz vəzifəsində möhkəmcə dayanıb.

"O, istənilən siyasətçinin mövqeyində qalmasına imkan verməyəcək şeylərlə üzləşib və yerində qalıb", - Yerevanda fəaliyyət göstərən təhlilçi və mərkəzçi "Vətəndaş sazişi" partiyasından keçmiş millət vəkili Mikayel Zolyan deyir.

Bunların arasında üç il öncə Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana yenilməsini, ardınca Paşinyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasını və, nəhayət, ötən ay Azərbaycan ordusunun Dağlıq Qarabağı tam olaraq hərbi yolla geri almasını sadalamaq olar. Hamısı böyük olaylardır.

"Paşinyan hakimiyyətdə qalsa da… mövqeyi xeyli zəifləyib"

"Bunlardan hər hansı biri onun devrilməsi ilə nəticələnməli idi", - yenə Zolyanın sözləridir. Ancaq nəticələnməyib. Ötən ay Azərbaycanın hücumu zamanı bir neçə min adamın Yerevanın mərkəzi meydanına toplaşıb hökumət əleyhinə etirazı da elə uzun çəkmədi. İndi həmin meydanda ailələr sakitcə gəzib-dolaşır. Fəvvarələr də öz işindədir.

Jurnalist Coşua Kuçera yazır ki, Paşinyan hakimiyyətdə qalsa da, 2018-ci ildən bəri mövqeyi xeyli zəifləyib. O zaman Paşinyan keçmiş avtokratik rejimə qarşı kütləvi küçə etirazlarına – "Məxməri inqilab" kimi tanınan hərəkata başçılıq edirdi. Yeni, demokratik Ermənistanla bağlı xəyallar Paşinyanı istər vətənində, istərsə dünyada populyarlaşdırmışdı. 2018-ci ildə "The Economist" jurnalı Ermənistanı "ilin ölkəsi" elan etmişdi.

Ancaq zaman ötdükcə Paşinyanın ulduzu sönməyə başlayıb. O, məhkəmələri hökumətə loyal hakimlərlə doldurur, eləcə də tənqidçilərinə sözlü hücum etməklə bəlli avtoritar meyllər nümayiş etdirir. 2020-cil il savaşı və ardınca baş verənlər 2018-ci ilin xəyallarını öldürdü. Müxalifət 2020-ci ildən bəri Qarabağla bağlı bir neçə etiraz hərəkatına başlamaq istəsə də, bu cəhdlərin hamısı uğursuz alındı.

Nikol Paşinyan kimdir?
Gözlə
Embed

No media source currently available

0:00 0:01:19 0:00

Təhlilçilər və siyasi liderlər son etirazların bir neçə səbəb üzündən yatdığını deyirlər. Bu səbəblərdən biri gerçəklikdir. Azərbaycanın hücumunun ardından Dağlıq Qarabağın etnik erməni əhalisi axın-axın Ermənistana köçüb. Qaçqınları yedirmək, evlə təmin etmək, onların qayğısına qalmaq ermənilərin diqqətini siyasətdən yayındırıb.

"Məğlubiyyətdən sonra biz sarsıldıq"

Ancaq Ermənistandakı ermənilərin çoxu son üç ildə olub-bitənlərdən keyidiklərini düşünür.

"2020-ci il müharibəsindəki məğlubiyyətdən sonra biz sarsıldıq. Həqiqətən şok olduq. Ancaq sonra yavaş-yavaş bu məğlubiyyətlərə öyrəşdik", - Yerevan Dövlət Universitetinin beynəlxalq münasibətlərdən dərs deyən professoru Menua Soğomonyan belə deyir.

Son nəticədə, Qarabağ məsələsinin ermənilər üçün önəmi kənardan göründüyü qədər böyük deyilmiş. "Qarabağsız Ermənistan yoxdur", - Paşinyan 2020-ci ildə xalqa üz tutarkən belə demişdi. Bu, həm də Ermənistanın siyasi diskursunda mərkəzi yer tutan düşüncə idi.

Ancaq üzdə görünənlərin arxasında ermənilər Qarabağa nəzarətin özlərinə nə qədər vacib olduğunu hesablayırmışlar. "Qarabağ xalq üçün əhəmiyyətlidir. Ancaq, bəlkə də, müəyyən üstünlüyü olan, Yerevanda yaşayıb yaxşı maaş alan və güman ki, müharibə başlasa, döyüşməli olmayan adamlar üçün daha əhəmiyyətlidir", - Zolyan deyir.

Di gəl, Paşinyanın sosial bazasını təşkil edən yoxsul kənd əhalisi üçün Qarabağ "çox sayda problemdən yalnız biridir və onların daha vacib problemləri var", - yenə Zolyanın sözləridir.

Yuri Manvelyan
Yuri Manvelyan

epress.am xəbər saytının redaktoru Yuri Manvelyan deyir ki, ordudakı ağır durum, korrupsiya və təhqirlərin geniş yayılması da ermənilər üçün Dağlıq Qarabağa nəzarətin önəmini azaldıb. Onun sözlərinə görə, daha çox insan çağırışdan yayınmağa çalışır, məcburi xidmətdən boyun qaçırmaq üçün rüşvət verir. "İnsanların önünə mikrofon qoysan, deyəcəklər ki, [Qarabağ] ölüm-dirim məsələsidir. Ancaq iş Qarabağı hərbi yolla qorumağa gələndə "biz nə edək? Biz döyüşməliyik? Onda kim döyüşməlidir? Qoy mənim oğlum getməsin, başqasının oğlu gedib döyüşsün"".

"Bu məsələdən qurtulanda…"

Ermənistanla Azərbaycanın ötən il sülh sazişi yönündə başladığı danışıqlar prosesində Paşinyan daha öncə heç bir erməni liderinin cəsarət etmədiyi bir addım atıb: Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb.

Paşinyanın opponentləri deyirlər ki, baş nazir erməni dünyasının xeyli hissəsini Qarabağın Ermənistanın ayrılmaz hissəsi olmadığına, əksinə, ölkəni geri salan ağır yük olduğuna inandıra bilib. "Biz bu məsələdən qurtulanda öz müstəqilliyimizi, suverenliyimizi gücləndirəcəyik. Belə təbliğat uğurlu olub", - Soğomonyanın sözləridir.

Soğomonyan "Ermənilər səs verir" adlı yeni vətəndaş hərəkatının liderlərindən biridir. Hərəkatın məqsədi Ermənistan rəsmilərinin Qarabağı Azərbaycan ərazisi kimi tanımasını qanunsuz saymağa çağıran petisiya yolu ilə hökumətə etiraz etməkdir. Bu təşəbbüs yayda – Paşinyanın həmin mövzunu gündəmə gətirməsindən sonra başlayıb.

Hərəkatın təşkilatçıları bu yaxınlarda qarşılarına qoyduqları 50 min imza hədəfinə çatıblar. Ermənistan konstitusiyasına görə, artıq parlament bu məsələyə baxmalıdır. Ancaq Paşinyanın "Vətəndaş Sazişi" partiyasının çoxluqda olduğu parlamentin bunu edəcəyinə ümid azdır.

Ermənistanlı fəal: 'Erməni xalqı seçkidə qalib gəldi'
Gözlə

No media source currently available

0:00 0:03:42 0:00

Qarabağ artıq, demək olar, tam boşaldılıb. Paşinyan sülh sazişinin imzalanması üçün Əliyevlə danışıqlar aparır. Bu sazişlə Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması rəsmiləşəcək.

Müxalifət partiyaları da etiraz nümayişləri planlaşdırdıqlarını deyir. Hələ də ölkədə ən böyük müxalifət qüvvəsi olan keçmiş hakim partiya - Ermənistan Respublika Partiyası Paşinyanı 2025-ci ildə keçiriləcək növbəti seçkilərdən əvvəl devirmək istəyir.

Partiyanın parlamentdəki təmsilçisi Hayk Mamicanyan deyir ki, hətta kütləvi etirazlarla da Paşinyanı könüllü istefa verməyə məcbur etmək mümkün deyil. Onun fikrincə, küçə etirazlarını və parlamentdəki "Vətəndaş Sazişi" üzvlərinə təzyiqi birləşdirməklə bu nəticəni almaq olar.

Sorğuya görə, Paşinyan 13 faizlə Ermənistanda ən çox güvənilən siyasi fiqurdur

Təhlilçilər deyirlər ki, ən böyük problem indiki siyasi müxalifətin başında duranların Paşinyanın məğlub etdiyi keçmiş hakim rejimlə assosiasiya olunmasıdır. Paşinyan son dərəcə qeyri-populyar olsa da, 20 ildən artıq hakimiyyətdə olan, korrupsiya və avtoritarizmdə ad çıxaran həmin müxalif fiqurlar ondan da qeyri-populyardırlar.

ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun 2023-cü ilin ilk rübündə keçirdiyi sorğunun nəticələrinə görə, Paşinyan 13 faizlə Ermənistanda ən çox güvənilən siyasi fiqur olub. Eyni qurumun Paşinyanın hakimiyyətə gəlməsindən bir neçə ay sonra keçirdiyi sorğuda ona göstərilən etimad 82 faiz idi.

Yuxarıda sözügedən ən son sorğunun nəticələrinə görə, ikinci ən populyar siyasi fiqur cəmi 2 faizlə keçmiş prezident Robert Koçaryandır. Ermənilərin nə az, nə çox – 64 faizi heç kimə güvənmədiyini söyləyib. "İndi seçkilər keçirilsəydi, kimə səs verərdiniz" sualına respondentlərin 21 faizi "Vətəndaş Sazişi"nə, 4 faizi "Ermənistan Alyansı"na cavabını verib. Respublikaçıların da daxil olduğu "Ermənistan Alyansı" parlamentdə ən böyük müxalifət blokudur.

Tənqidçilər müxalifət liderlərinin indiki ağır durumdan Ermənistanın necə çıxacağına dair konkret baxış ortaya qoymadığını deyirlər.

Mikayel Zolyan
Mikayel Zolyan

"Onlar [heç bir şey] təklif etmirlər – nə bir düzəməlli proqram [ortaya qoyurlar], nə də, heç olmasa, getməli olduğumuz istiqaməti deyirlər. Yaxşı, Paşinyan işləri korladı. Biz bununla razılaşırıq. Bəs çıxış yolu nədir? Biz Azərbaycan və Türkiyə ilə danışıqlara Paşinyanın qoyduğu nöqtədən başlayıb davam edəcəyik? Biz Rusiyaya doğru geri qayıdırıq, bizi bağışlamasını xahiş edirik? Paşinyan hakimiyyətdə olduğundan müxalifət liderləri onun cavab verməli olduğunu deyib, bütün bu çətin suallara cavab verməkdən yayınırlar", - Zolyan deyir.

"Bizə kömək etmədilər"

"Meduza" yazır ki, Azərbaycanın sentyabr hücumundan sonra Kreml özünəsadiq mediaya hadisələri necə qələmə verəcəyi barədə təlimat verib. Təlimatda hər şeyə, məğlubiyyətə, özəlliklə Qərblə münasibətlər qurmaq cəhdlərinə görə Paşinyanı günahlandırmaq tapşırılır. Marqarita Simonyan və Vladimir Solovyov başda olmaqla, Kremlə sadiq media fiqurları sosial mediada erməniləri hökumətə qarşı etirazlara qoşulmağa çağırıb.

Paşinyan oktyabrın 17-də Avropa Parlamentində çıxışı zamanı Rusiyanın rolundan şikayətlənib: "Yüz minlərlə erməni Dağlıq Qarabağı tərk edərək Ermənistana üz tutanda bizim təhlükəsizlik sahəsindəki müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyətin dəyişdirilməsi, demokratik hökumətin devrilməsi üçün açıq çağırışlar etdilər".

XS
SM
MD
LG