Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:56

Uşağa nə iynə vurdusa, 5 dəqiqənin içərisində keçindi


Foto illüstrasiya
Foto illüstrasiya

«Çıxıb dəhlizdə bir-birləri ilə xısın-xısın danışdılar, sonra tibb bacısı otağa gəlib şprisə 1 qram dərman çəkdi, gətirib qollarımın üstündə olan uşağın yanına vurub getdi. 5 dəqiqə keçməmiş, uşaq elə qollarımdaca keçindi».

Bunu «Qaynar xətt»ə Bərdə sakini Ziyafət Əliyeva deyir.

«UŞAĞIN BƏDƏNİNDƏ LƏKƏLƏR ƏMƏLƏ GƏLDİ»

Bərdə rayonunda 6 yaşlı Sənan Vəlizadə uşaq poliklinikasında dünyasını dəyişib. Uşağın nənəsi Ziyafət Əliyevanın sözlərinə görə, balaca Sənanın hərarəti qalxıb və halsızlaşıb. Ailə üzvləri onu rayon mərkəzindəki uşaq poliklinikasına aparıblar:

***Buna da bax-Ağsu xəstəxanası: ''Snimka'ya ehtiyac yoxdur, baxanda görünür bilək sınıb...'

«Tibb bacısı iynə vurdu, «kompres» elədi, qızdırması azca düşəndən sonra uşağa sistem köçürdü. Tibb bacısının tapşırığı ilə anası uşağa kəmşirin çay verdi, içib qaytardı. Tibb bacısı həkimə zəng vurub məlumat verdi. Həkim gəldi, tibb bacısını dəhlizə çağırdı, orda nə danışdılar, bilmirik, tibb bacısı getdi iynə otağına, şprisə dərman yığdı, gətirdi vurdu uşağa... Ondan sonra uşağın bədənində ləkələr əmələ gəldi, narahat olduq. Tibb bacısı dedi, «narahatçılığa əsas yoxdur, qızdırmanın təsirindəndir». Tibb bacısı gedib öz otağına çatmamış, uşaq qollarımdaca keçindi».

Bərdə Rayon Uşaq Poliklinikasından «Qaynar xətt»ə bildirilib ki, 6 yaşlı Sənan Vəlizadə poliklinikaya yüksək hərarətlə, ağır vəziyyətdə gətirilib. Həkimlər əllərindən gələn tibbi yardımı göstərsələr də, həyatını xilas etmək mümkün olmayıb. Uşağın ölümünə səbəb nə olubsa, bu, ekspertiza rəyindən sonra bilinəcək:

Buna da bax -​ 'Həkim dedi, çox vacibdirsə, taksi göndər, gəlim'

«Görünür ki, uşaqda hansısa gizli proses gedib, ailə üzvləri də gec xəbər tutub. İndidən heç nə demək mümkün deyil, hər halda faktı rayon prokurorluğu araşdırır».

«POLİKLİNİKA BİZİ ÇOX LƏNGİTDİ»

Sənanın ailə üzvləri isə poliklinikayla razılaşmırlar. Nənə deyir, uşağın vəziyyəti ağır idisə, poliklinika rəhbərliyi vaxt itirmədən onu ambulansla Bakıya göndərməli idi:

«Uşağın halı qəflətən dəyişmişdi. İndiyədək Sənanda belə bir hal olmamışdı. Uşağın qızdırmasının səbəbi tapılmalıydı, ona uyğun müalicə aparılmalıydı. Bunun üçünsə işi ləngitmək lazım deyildi. Poliklinika bizi çox ləngitdi. İş orasındadır ki, biz uşağa vurulan iynələrin adını da bilmirik. Hər dəfə tibb bacısından «bu nə iynədir» soruşanda deyir, «işimə mane olma». Bu da gördüyü işin nəticəsi... Xəstədə nə var, nə yox, bunu bilməmiş ona necə iynə-dərman etmək olar? Bəlkə elə o dərmanlar əks-təsir göstərdi. Axır ki, həkimlər ocağımızı söndürdülər, belimizi qırdılar».

Balaca Sənanın ölüm faktını Bərdə Rayon Prokurorluğu ilə Səhiyyə Nazirliyinin komissiyası da araşdırır. Bu barədə «Qaynar xətt»ə nazirlikdən bildirilib.

XS
SM
MD
LG