Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:48

Prataseviçin onlayn görünməsi suallar doğurub


Raman Prataseviç, 14 iyun, 2021-ci il
Raman Prataseviç, 14 iyun, 2021-ci il

Prataseviçin adına bağlı hesabda iyulun 7-də yerləşdirilmiş bir postda deyilir ki, o, “internetə qayıdır” və mesajları cavablamağı vəd edir

Belarusda saxlanmış müxalifət blogeri Raman Prataseviçin Twitter-də yeni videoda görünməsi hesaba kimin nəzarət etməsi, onun öz istəyilə hərəkət etməsinə dair suallar doğurub.

Heç bir nəzarət olmadan...

Prataseviç Belarusu uzun müddətdir idarə edən Alyaksandr Lukaşenkanı, onun müxalifətə divan tutmasını tənqid edir. O, mayın 23-də Ryanair təyyarəsi Minskə zorla endiriləndən sonra sevgilisi ilə birlikdə saxlanıb.

Prataseviçin adına bağlı hesabda iyulun 7-də yerləşdirilmiş bir postda deyilir ki, o, “internetə qayıdır” və mesajları cavablamağı vəd edir. O mesajları özü, heç bir nəzarət olmadan cavabladığını qeyd edib.

Amma postlar şübhəylə qarşılanıb. Çünki Belarus qanunvericiliyinə görə, ev dustaqlığında olanlar telefondan, internetdən istifadə edə, evdən çıxa bilməzlər.

İttihamlar

Prataseviç iyunun 25-də həbsxanadan ev dustaqlığına göndərilib. Bundan öncə isə Belarus dövlət televiziyasında bir neçə dəfə görünüb. Müxalifət və Qərb rəsmiləri Lukaşenka rejimini ondan işgəncə ilə video-etiraf almaqda ittiham edib, blogeri və sevgilisini dərhal azadlığa buraxmağa çağırıb.

İyunun 14-də Prataseviç Belarus Xarici İşlər Nazirliyinin jurnalistlərlə görüşünə gətirilib. Bir çox jurnalistlər onun bəyanatlarını könüllü verməsinə inanmadıqlarını deyiblər.

Prataseviç 2020-ci ilin avqustunda mübahisəli prezident seçkisindən sonrakı vətəndaş itaətsizliyinin arxasında durmaqda suçlanır. Bu ittihamla 15 ilədək həbs cəzası düşür.

O, Nexta-Live Telegram kanalının əsas administratoru idi. Bu kanal seçkilərdən sonrakı kütləvi etirazları işıqlandırıb. Etirazlar Lukaşenkanın rəsmən prezident elan olunmasına qarşı keçirilirdi.

Qərb Lukaşenkanı prezident kimi tanımayıb.

XS
SM
MD
LG