Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:35

Prezident: 'Ən azı 2.5 milyard manat ayrılacaq ki,...'


Prezident İ.Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında
Prezident İ.Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında

"Koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər".

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, aprelin 6-da Sumqayıtda tibbi maska istehsalı müəssisəsinin açılışında prezident İlham Əliyev deyib. O, Azərbaycandan da bəhs edib:

"Azərbaycana gəldikdə, - üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb. Mənim göstərişimlə yaradılmış dörd işçi qrupu öz işini demək olar ki, böyük dərəcədə yekunlaşdırıb. Mənə məruzə edilib və göstəriş əsasında Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib. İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2.5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun".

"Bu, çox böyük rəqəmdir"

Dövlət başçısı daha sonra da bunları əlavə edib:

"...Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əmək haqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2.5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub. Bu, çox böyük rəqəmdir. Bir daha demək istəyirəm ki, neft gəlirlərimiz azalıb, ancaq insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür...".

Prezident martın 19-da koronavirusla bağlı dünya enerji, səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb. Nazirlər Kabineti aprelin 4-də həmin sərəncamın icrası ilə bağlı Tədbirlər Planını təsdiq edib.

Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi üçün 300 min nəfərə 215 milyon manat həcmində kompensasiya veriləcək. Habelə, sənəddə 300 min fərdi (mikro) sahibkara veriləcək maliyyə dəstəyinin həcmi də açıqlanıb. Onlara da ümumilikdə 80 milyon manat maliyyə dəstəyi verilməlidir. Eyni zamanda, Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində -190 manat birdəfəlik ödəmə veriləcək. Həmçinin, əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq.

Planda başqa məsələlər də yer alır. Prezident məlum sərəncamının icrası məqsədi ilə 1 milyard manat ayırmışdı.

Amma bəzi ekspertlər bu Tədbirlər Planını yetərli saymırdılar. Onlar vurğulayırdılar ki, plan qeyri-rəsmi muzdla işləyənlərdən yan keçib. Üstəlik, prezidentin sərəncamından da rəsmi muzdlu işçilərin yalnız bir hissəsi bəhrələnməlidir. Azərbaycanda məşğul əhalinin yarıdan azının rəsmi müqavilə ilə çalışdığı bildirilir.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 70 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 641 şəxsin koronavirus infeksiyasına yoluxduğu, onlardan 44 nəfərin müalicə olunaraq sağaldığı, 7 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də aprelin 20-nə kimi paytaxt Bakıda metronun fəaliyyəti dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb. Dünən, aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxırlar. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG