Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:10

Putin həm də Moldovanın suverenliyi ilə bağlı fərmanı ləğv edib


Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici siyasətinə dair 2012-ci il tarixli fərmanı ləğv edib.

Bu sənəddə xarici siyasət istiqaməti kimi Rusiyanın Avropa İttifaqı və ABŞ-la yaxınlaşması nəzərdə tutulurdu.

Bundan başqa həmin fərmanda deyilirdi ki, Rusiya bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət göstərəcək. Bu mənada fərmanda Moldovanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı xüsusi vurğulanırdı.

Kremlin rəsmi saytında dərc edilmiş yeni fərmanla Putinin 2012-ci il tarixli fərmanı etibarsız sayılır.

“Rusiyanın xarici siyasətinin həyata keçirilməsi tədbirləri” haqqında 2012-ci il fərmanını ləğv edən yeni fərmanda deyilir ki, sənəd “beynəlxalq münasibətlərdə yaranmış dərin dəyişikliklər şəraitində Rusiyanın milli maraqlarının təmin edilməsi” məqsədilə verilib.

Fərmanın “Moldova elementi”

2012-ci il fərmanında xüsusi olaraq vurğulanırdı ki, Rusiya Dnestryanı münaqişəsinin Moldovanın suverenliyi, ərazi bütövlüyü və neytral statusu əsasında tənzimlənməsi üçün həll yollarının axtarışını davam etdirəcək.

11 il bundan əvvəl imzalanmış fərman ABŞ və Rusiya arasında strateji hücum silahlarının məhdudlaşdırılmasına dair müqaviləyə Moskvanın davamlı riayət edəcəyini nəzərdə tuturdu.

Putin fevralın 21-də Rusiyanın bu müqavilədəki iştirakının dayandırıldığını bəyan edib.

2012-ci il fərmanı ilə Rusiya BMT Nizamnaməsinin dövlətlər arasında bərabərlik, suverenlik və ərazi bütövlüyünün tanınmasına dair təməl prinsiplərinə əməl edəcəyinə dair öhdəlik götürmüşdü.

Həmin fərman habelə Rusiyanın NATO və Avropa İttifaqı ilə münasibətlərinin inkişaf etdirilməsini nəzərdə tuturdu.

Moldova təmkinli reaksiya verib

Moldovanın Xarici İşlər və Avrointeqrasiya Nazirliyi bildirib ki, Vladimir Putinin yeni fərmanı ilə bağlı vəziyyəti nəzərə alıb.

Reuters agentliyinin məlumatına görə nazirliyin nümayəndəsi Filip Kojakaru bildirib ki, Kişinau Rusiyanın yeni konsepsiyası dərc olunan kimi bu barədə mövqeyini bildirəcək.

O əlavə edib ki, Moldova əvvəlkitək Dnestryanı münaqişəsinin dinc yollarla həllinə sadiqdir və Rusiya qoşunlarının Moldova ərazisindən çıxarılmasını tələb edir.

Dnestryanı ətrafındakı zonaya nəzarət komissiyasının moldovalı həmsədri Aleksandru Flençea deyib ki, Rusiya prezidentinin 2012-ci il fərmanının ləğvi hələ Putinin Moldovanın suverenliyinə münasibətinin dəyişməsi demək deyildir.

Flençea Publika-TV kanalına müsahibəsində deyib ki, Moldova və Rusiya arasında iki ölkənin suverenlik və ərazi bütövlüyünün tanınmasına dair baza siyasi razılaşması mövcuddur.

Kreml bildirir ki, Avropa İttifaqına inteqrasiyaya can atan Moldova və Rusiya arasında münasibətlər xeyli gərgindir.

Xatırlatma

Dnestryanı region 1990-cı ildə ovaxtkı sovet Moldovasından ayrılaraq müstəqillik elan edib.

Moldova qüvvələri və Moskvanın dəstəklədiyi Dnestryanı region 1992-cı ildə qısamüddətli müharibə aparıb. O zaman Moldovanın qonşu Rumıniya ilə birləşə biləcəyi ehtimalı səslənirdi.

Rusiya hərbçiləri regiona girərək separatçıların tərəfini tutdu və münaqişə atəşkəs razılaşması ilə başa çatdı.

Hazırda Dnestryanıda sülhməramlı adı ilə 1400-dək Rusiya hərbçisi var. Bundan başqa daha 500 Rusiya əsgəri Kolbasnada sovet dövründən qalma silah anbarını mühafizə edir.

Regionun müstəqilliyini heç bir ölkə tanımayıb, ancaq Moskva rəsmən buradakı separatçı rejimi dəstəkləyir.

Moldova hökuməti Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasını dəfələrlə tələb edib.

Rusiya Sovet İttifaqı dağılandan bəri sülhməramlı kimi yeritdiyi qoşunları indiyədək heç bir yerdən çıxarmayıb.

XS
SM
MD
LG