Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:23

Putinin Vaqner bəyanatı, Baydenin Priqojin zarafatı


Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaqner özəl hərbi şirkəti mövcud deyil.

Putin bundan əvvəl bu şirkətin tamamilə dövlət tərəfindən maliyyələşdirildiyini demişdi.

Rusiya prezidenti Kommersant qəzetinin müxbiri Andrey Kolesnikova baş tutmayan qiyamdan bir neçə gün sonra Vaqnerin başçısı Yevgeni Priqojin və şirkətin döyüş komandirləri ilə görüşü barədə danışıb.

Onun sözlərinə görə o komandirlərin “döyüş meydanındakı” və “24 iyun hadisələri” zamanı fəaliyyətinə qiymət verib. Putin əlavə edib ki, o vaqnerçilərə gələcək taleləri üçün “mümkün variantları” göstərib.

Kommersant qəzetinin “Vaqner döyüş vahidi kimi saxlanacaqmı” sualına Putin “Vaqner mövcud deyil” cavabını verib:

"Bizdə axı özəl hərbi təşkilatlar haqqında qanun yoxdur! Sadəcə mövcud deyil!”

“Qrup var, amma...mövcud deyil”

İki həftə bundan əvvəl Putin Vaqner qrupunu şirkət adlandırmış və demişdi ki, “bu qrup tamamilə dövlət tərəfindən maliyyələşdirilib”.

Putin demişdi ki, dövlət bir ildə Vaqner şirkətinə 86 milyard rubl xərcləyib.

Rusiya prezidenti Kommersant qəzetinin müxbirinə deyib ki, “qrup var, amma hüquqi baxımdan mövcud deyil!”

O bunu “real leqallaşdırma ilə bağlı ayrıca məsələ” adlandırıb.

Kommersant müxbirinin yazdığına görə Putin Vaqner muzdlularına döyüşü davam etdirmək imkanı təklif edib, amma Priqojinin başqa başçı ilə əvəz olunmasından danışıb.

Putin bundan əvvəl 23-24 iyun qiyamını yatıracağını bildirmiş və hadisəni 1917-ci ildə olanlarla müqayisə etmişdi.

Lakin bundan az sonra Putin və qiyamçılar arasında Belarus prezidenti Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə razılaşma əldə olunduğu bildirilmişdi.

Andrey Troşşev Kremldə
Andrey Troşşev Kremldə

Putin vaqnerçilərə yeni komandan təklif edib

Putin Kommersant müxbiri ilə söhbətində habelə 35 Vaqner komandiri ilə görüşdə onlara qrupda Sedoy (Çalbaş) döyüş ləqəbi ilə tanınan Andrey Troşşevin yeni komandan olmasını təklif etdiyini deyib.

Reuters Avropa İttifaqının sanksiya sənədlərinə, habelə Fransanın rəsmi sənədlərinə istinadla yazır ki, Vaqnerin komandirlərindən olan Troşşev əslən Peterburq şəhərindəndir. Əfqanıstan və Çeçenistan müharibələrində iştirak edib, Putinlə birgə fotosu var.

Putin Kommersant qəzetinə vaqnerçilər barəsində deyib:

"Onların hamısı yəqin ki, bir yerə toplaşıblar və xidməti davam etdirəcəklər. Onlar üçün heç nə dəyişməyib. Ehtimal ki, onlara daim real komandanlıq edən şəxs indi də komandanlıq edir”.

Putin deyib ki, söhbət zamanı o danışdıqca Vaqner komandirləri razılıq əlaməti olaraq başlarını tərpədirdilər, amma qabaqda oturan Priqojin bunları görmədiyindən “uşaqlar bu qərarla razılaşmayacaqlar” deyib.

Reuters yazır ki, Putinin bu qeydləri Kremlin rəsmi saytında verilməyib. Priqojinin də sorğulara cavab vermədiyi bildirilir.

Bayden: Aşpaz yeməyinə fikir versin

Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin iyunun 24-də baş vermiş yarımçıq qiyamından sonra ictimaiyyət qarşısında görünməyib.

Belarusa getməsi, Rusiyaya qayıtması və hətta Vladimir Putinlə görüşməsinə dair xəbərlərdən sonra Priqojinin hazırda harada olması bilinmir.

Reuters yazır ki, ABŞ prezidenti Co Bayden iyulun 13-də Priqojinin harda olmasını bilmədiyini deyib, amma “Putinin aşpazı” ləqəbli muzdlunun zəhərlənə biləcəyi barədə zarafat edib:

"Mən onun yerinə olsaydım, yeyəndə ehtiyatlı olardım. Mən menyuma diqqətlə nəzər salardım. Amma zarafat bir yana...Məncə heç birimiz onun Rusiyadakı taleyindən əmin deyilik”.

Vaqner özəl hərbi şirkəti 2014-cü ildə Rusiyaya Krımın ilhaqında kömək edib, Suriyada islamçılara qarşı döyüşüb, Mərkəzi Afrika Respublikasında və Malidə əməliyyatlar keçirib və nəhayət Ukraynanın Baxmut şəhərini ələ keçirsə də böyük itkilər verib.

XS
SM
MD
LG