Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:43

Separatçılar danışıqların tamhüquqlu tərəfi olmaq istəyirlər


Xankəndi bugün
Xankəndi bugün

Bundan əvvəlki bəyanatlarında prezident İlham Əliyev Qarabağ münaqişəsinin artıq həllini tapdığını və belə bir problemin mövcud olmadığını bildirib

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyun yazır ki, Qarabağ separatçılarının nümayəndələri Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 6-da Praqada verdiyi bəyanatlara münasibət bildiriblər.

“Qarabağ Milli Məclisində hakim fraksiyanın başçısı” kimi təqdim olunan Artur Arutyunyan deyib ki, onlar Bakı ilə danışıqlara hazırdırlar.

Bununla belə Arutyunyan separatçıların şərtlərini izah edib:

“Biz bu formatın əleyhinə deyilik, amma bu yalnız bir halda mümkündür ki, beynəlxalq birlik, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr Artsaxı (Qarabağ-red) danışıqların və münaqişənin tamhüquqlu tərəfi kimi tanısınlar”.

Yalnız infrastruktur əlaqələri

Praqada keçirilən dördtərəfli (Makron-Mişel-Əliyev-Paşinyan) görüşdən sonra İlham Əliyev Azərbaycan televiziya kanallarına müsahibəsində demişdi:

"Qarabağda erməni əhalinin həyatının necə qurulacağına gəlincə, bu, ayrı məsələdir. Biz xarici siyasət blokumuz çərçivəsində məsləhətləşmələri intensivləşdirməyi, eləcə də Qarabağın erməni əhalisinin nümayəndələri ilə qeyri-formal əlaqələri davam etdirməyi planlaşdırırıq. Deməliyəm ki, belə əlaqələr artıq müəyyən müddətdir ki, aparılır".

Qarabağ separatçılarının nümayəndəsi Artur Arutyunyan belə əlaqələrin mövcudluğunu etiraf edib.

O deyib ki, hazırda belə əlaqələr yalnız vaxtaşırı ortaya çıxan infrastruktur məsələləri ilə, məsələn su ehtiyatlarından istifadə, elektrik təchizatı ilə bağlıdır, lakin siyasi müzakirələr aparılmır.

O təkrar edib ki, bunun üçün separatçıların danışıqlarda tamhüquqlu tərəf olması zəruri şərtdir.

Separatçıların başqa bir nümayəndəsi – Daşnaksutyun partiyasından Artur Mosiyan isə deyib ki, Azərbaycan və Ermənistanın bir-birlərinin ərazi bütövlüyünü tanıması Qarabağın Azərbaycanın tərkib hissəsi olması anlamına gəlmir.

Bakıda etirazçılar Rusiya qüvvələrinin Qarabağdan çıxarılmasını tələb ediblər
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

Paşinyandan narazılıq

Bununla belə Mosiyanın fikrincə, Ermənistan baş nazirinin “davaranışları və bəyanatları” göstərir ki, təkcə Əliyev yox, Paşinyan da Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

Praqadakı görüşdən sonra jurnalistlərin suallarına cavab verən Əliyev demişdi ki, Qarabağ erməniləri də Azərbaycan vətəndaşları kimi Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Dördtərəfli danışıqlardan əvvəl Azərbaycan prezidenti Nikol Paşinyanın Azərbaycan və Qarabağ arasında birbaşa danışıqlar təklifinə dair AzadlıqRadiosu Azərbaycan xidməti müxbirinin sualına belə cavab verib:

“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır. Onlarla ünsiyyət bizim daxili işimizdir və biz bunu üçüncü bir tərəflə müzakirə etmək niyyətində deyilik”.

Bundan əvvəlki bəyanatlarında İlham Əliyev Qarabağ münaqişəsinin artıq həllini tapdığını və belə bir problemin mövcud olmadığını bildirib.

Xatırlatma

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etmişdi.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG