Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:50

Paşinyan: 'Təhlillər göstərir ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq'


Laçın yolu
Laçın yolu

Azərbaycanın apardığı etnik təmizləmə siyasəti nəticəsində Qarabağdan ermənilərin axını davam edir. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 28-də hökumətin iclasında deyib.

Onun sözlərinə görə, təhlil göstərir ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq və "bu, birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə aktıdır, erməni tərəfi beynəlxalq ictimaiyyəti çoxdan bu haqda xəbərdar edirdi".

"Müxtəlif beynəlxalq iştirakçıların Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları vacibdir, amma onlardan sonra konkret addımlar atılmazsa, bu bəyanatlara sadəcə tarix üçün mənəvi statistikanın yaradılması kimi baxılacaq", – Paşinyan vurğulayıb.

Sentyabrın 28-də səhər 8-dək Qarabağdan gedən 65 mindən çox adamın Ermənistana daxil olduğu açıqlanıb.

Azərbaycan XİN-dən cavab

"Bildiririk ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur".

Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin sentyabrın 28-də yayılan açıqlamasında yer alır.

"Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq". - açıqlamada vurğulanır.

XİN-in bildirməsinə görə, Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir: "Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır".

Xatırlatma

Azərbaycan sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" keçirdiyini açıqlayıb. Qarabağdakı rejim bunu "irimiqyaslı hücum" adlandırıb. Rəsmi Bakı əməliyyatlarda 193 nəfərin öldüyünü açıqlayıb.

Separatçı rejimlə silahlı dəstələrin buraxılması barədə razılaşma əldə olunub. Bundan sonra ermənilər kütləvi şəkildə Qarabağdan çıxmağa başlayıblar.

Sentyabrın 28-də isə Qarabağdakı tanınmayan qurum özünü buraxdığını elan edib.

Azərbaycan 2020-ci ildə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa etsə də, tərəflər sülh sazişi imzalamayıb. Laçın dəhlizinə və Qarabağdakı təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG