Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

2016: Ordunun uğuru danışıqlarda 'əridi'


Qarabağda Azərbaycan əsgəri
Qarabağda Azərbaycan əsgəri

Tikinti və təmiri bitməyən evinin hasarsız həyətində Azərbaycan bayrağı ucalır. Bu bayraq gözünün ağı-qarası bircə ovladı, 6 ayın əsgəri Əlizaman İslamovun ölümündən sonra əslən Lənkərandan olan Hürnisə Kərimovanın həyətində dikəlib. O, uzaq, soyuq Hamburqda Qarabağ görüşündən xəbərsiz öz dərdinə əlac axtarır. «Bircə balam Vətən yolunda qurban getdi, heç bir nişanəsi qalmadı. Görəsən, onun barəsində film çəkərlər? Bir ad versinlər, mən də fəxr edim ki, oğlum Vətən yolunda həlak olub». Ağbirçək ana dördgünlük müharibədən ona qalan acısını ovutmağa çalışır, yarasına məlhəm axtarır.

Oğlu Əlizamin İslamov bu il aprelin əvvəlində başlanan, sonradan «dördgünlük savaş» adını qazanan, ancaq hər iki tərəfi heç də az sayılmayacaq itkiyə uğradan döyüşlərdə həyatını itirib.

İlham Əliyev
İlham Əliyev

«BİR ÇOX UĞURLU ƏMƏLİYYATLAR OLACAQ»

«Aprel döyüşləri növbəti tarixi qələbədir», - prezident İlham Əliyev noyabrın əvvəlində Füzuli rayonunun işğaldan azad edilən Lələtəpə ərazisində olarkən belə deyib. Dövlət başçısı bildirib ki, apreldə əks-hücum əməliyyatları əlverişsiz mövqelərdən başlasa da, Azərbaycan ordusu bir neçə yüksəkliyi, strateji təpəni ələ keçirə bilib. O, Ermənistan silahlı qüvvələri aprel döyüşlərindən «düzgün nəticə çıxarmasalar... gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar» olacağını söyləyərək, sözünü belə bitirib: «Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır».

«ERMƏNİSTANIN GÜZƏŞTLƏRƏ GEDƏCƏYİNİ GÖZLƏYİRDİK»

Aprel döyüşləri cəmiyyətdə elə ovqat yaratmışdı ki, sanki tezliklə Qarabağın status-kvosu dəyişəcək, Ermənistan tərəfi güzəştlərə gedəcək. Bunu Cəbrayıldan olan məcburi köçkün Fəyyaz Allahverdiyev də deyir. O, cəbhədən ağır xəbərlər gəlsə də, əhvallarını pozmadıqlarını, öz yurd-yuvalarına dönməyə hazırlaşdıqlarını – buna kökləndiklərini xatırlayır: «Elə bilirdik, artıq torpaqlarımıza geri qayıda biləcəyik. Çox yüksək əhval-ruhiyyəmiz vardı».

Amma tərəflər arasında atəşkəs razılaşması əldə ediləndən sonra olub-bitənlər onları ümidsizliyə yuvarladıb: «23 ildir bu danışıqları izləyirik, yenə bir nəticə çıxmadı», - Fəyyaz kişi belə deyir və əlavə edir ki, Qarabağ münaqişəsinin həllində hər uğursuz il şəxsən onda sülh danışıqlarının bir nəticə verməyəcəyi fikrini möhkəmləndirir.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

«RUSİYA VƏ QƏRBLƏ ÜZ-GÖZ OLMAQ ONA LAZIM DEYİL»

«Mövcud vəziyyət hər iki tərəfi qane edir. Ermənistan düşünür ki, sonunda Azərbaycan məğlubiyyətlə barışacaq», - politoloq Zərdüşt Əlizadənin sözləridir. Onun fikrincə, Əliyev hakimiyyəti də Qarabağı qaytarmaq üçün bütün imkanlarından istifadə etmir, çünki Rusiya və Qərblə üz-göz ola bilər ki, bu da ona lazım deyil: «Ağır səslənəcək, ancaq heç xalqa da Qarabağ lazım deyil, camaatın başı bu dəqiqə dolanışığına qarışıb, sabah çörəyi necə alacaq, onu düşünür».

Zərdüşt Əlizadə deyir ki, Rusiya və ABŞ Qarabağ münaqişəsi vasitəsilə bölgəni öz nüfuzunda saxlamağa çalışırlar. Beləcə, münaqişənin həlli görüntüsü yaradılır, əslində isə, əməli addımlar atılmır: «Düzdür, apreldə bir balaca döyüşlər oldu, amma fikrimcə, bu, Rusiyanın oyunları idi ki, öz sülhməramlı qüvvələrini cəbhə bölgəsinə yerləşdirməyə tərəfləri razı salsın. Ermənistan buna razılıq verdi, Azərbaycansa nəm-nüm edir».

Politoloqun fikrincə, 2016-cı il münaqişənin ömrünü uzatmaqdan başqa heç bir iz buraxmadı.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

«TORPAQLAR BOŞALDILMALIYDI...»

Aprel döyüşlərindən sonra Azərbaycanın siyasi dairələrində və cəmiyyətin bir bölümündə belə bir inam vardı ki, böyük dövlətlər, özəlliklə Rusiya Ermənistanı sülhə məcbur edəcək. «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu o vaxt belə bir gözləntinin cəmiyyətdə kök saldığını deyir. O düşünür ki, Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd-şərtsiz boşaldılması bu sülhün əsas elementi olmalı idi: «Ancaq əksinə, Rusiya Ermənistana «Iskander» raketləri verdi, Azərbaycan torpaqlarını işğal edən dövlətlə birgə qoşun birlikləri yaratdı. Bu o demək idi ki, Moskva hərbi balansın Azərbaycanın xeyrinə pozulmasını və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasını istəmir».

Elxan Şahinoğlu ötən illərlə müqayisədə məhz 2016-cı ildə münaqişənin həllində bəzi imkanlar yarandığını desə də, fürsətin əldən çıxdığını, üstəlik, münaqişənin həll variantlarına dair təkliflər arasında Azərbaycanın maraqlarına cavab verməyən «paket həll» təklifinin daha yüksəkdən səslənməyə başlandığını bildirir: «Təəssüf ki, Azərbaycan ordusunun uğuru - aprel ayında bir neçə strateji yüksəkliyi geri qaytarması danışıqlar prosesində uğura çevrilmədi».

Ekspert nikbin məqamların da olduğunu vurğulayır. O, rəsmi Bakının Türkiyə ilə Rusiya arasındakı münasibətlərin inkişafından ümidləndiyini söyləyərək, güman edir ki, rəsmi Ankara münaqişənin çözülməsində Rusiyaya təsir göstərə bilər.

Asim Mollazadə
Asim Mollazadə

«DANIŞIQLARI RUSİYA İLƏ APARMALIYIQ»

«Biz danışıqları Ermənistanın real sahibləri ilə aparmalıyıq», - Milli Məclisin üzvü Asim Mollazadə belə deyir. Onun fikrincə, Rusiya Ermənistana hər sahədə sahiblənib. Deputata görə, Azərbaycan ATƏT-in Minsk qrupuna müraciət etməli və deməlidir ki, «Ermənistanla yox, onun sahibi Rusiya ilə danışıqlar aparmağa vasitəçilik etsin».

Asim Mollazadə deyir ki, məhz belə danışıqlara ATƏT-lə yanaşı, BMT-dən də dəstək istənilməlidir: «Azərbaycanın təklifləri bilavasitə beynəlxalq hüquq normalarına söykənir. Biz münaqişənin dinc yolla həllinə, ərazimizdəki erməni icmasına ən geniş muxtariyyət verilməsinə hazırıq... Ancaq gərək Ermənistanın əsas sahibləri ilə danışıq aparılsın».

Azərbaycan-Ermənistan ictimai fəallarının birgətəsis etdiyi«Ermənistanla Azərbaycan arasında sülh naminə Platforma»ya da münasibət bildirən Asim Mollazadə fikrini bir cümlədə ifadə edir: «Azərbaycan onunla sülh içində yaşamağa hazır olduğunu hər zaman ortaya qoyur».

Edward Nalbandian və Elmar Məmmədyarov
Edward Nalbandian və Elmar Məmmədyarov

SON DANIŞIQLAR

Bu ilin Qarabağ münaqişəsi ilə bağlı son danışıqlar dekabrın 9-da Almaniyanın Hamburq şəhərində keçirilib. Görüşün detalları bəlli deyil. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev yalnız onu deyib ki, tərəflər növbəti ildə danışıqların davam etdirilməsi və gündəlikdə duran məsələlər ətrafında fikri mübadiləsi aparıblar.

«...ÖLÜMÜ HƏDƏR GETMƏSİN»

Yeganə övladını aprel döyüşlərində itirən Hürnisə Kərimovanın indi əsas düşüncəsi budur ki, torpaqlar tezliklə qaytarılsın, heç olmasa, onun balasının ölümü hədər getməsin. «Nə olur-olsun, bu məsələ çözülsün və bir də kimsənin balası ölməsin», - o, gözyaşını güclə boğur və bu sözləri pıçıldaya-pıçıldaya söyləyir.

XS
SM
MD
LG