Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:10

Separatçılar Bakının ‘Bratislava görüşündən’ imtina etdiyini deyirlər


Ağdam yolunda Qarabağ ermənilərinin etiraz aksiyası
Ağdam yolunda Qarabağ ermənilərinin etiraz aksiyası

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun Rusiya mediasına istinadla yazır ki, Azərbaycan və Qarabağ nümayəndələrinin Slovakiya paytaxtı Bratislavada görüşü olmayacaq.

Qarabağın separatçı liderlərindən Tiqran Petrosyan iddia edib ki, bu görüş avqustun 1-də Birləşmiş Ştatların və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilməli idi, lakin Azərbaycan heç bir səbəb göstərmədən görüşdən imtina etdiyini bildirib.

Petrosyanın sözlərinə görə Moskva buna bənzər bir görüşü Azərbaycanın Yevlax və ya Bakı şəhərində keçirməyi planlaşdırır:

“Amma biz gözəl bilirik ki, orda dialoq mümkün deyil. Biz orda nəyin müzakirə olunacağını başa düşürük. Mayın 25-də Sergey Lavrov bizi milli azlıq nümayəndələri adlandırıb. Bu bizim üçün qeyri-məqbuldur”.

Petrosyan bunu da deyib ki, bu həftə Qərb ölkələrinin nümayəndələri Yerevana gələcəklər.

Onlar Bakı və Xankəndi arasında dialoqun təşkilini müzakirə etməlidirlər.

Azərbaycan tərəfi Bratislavada hər hansı görüşün keçiriləcəyi barədə məlumat verməmişdi. Bakının belə bir görüşdən imtinasına dair də rəsmi məlumat olmayıb.

Bundan əvvəl

İyulun 25-də Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən Lavrov demişdi ki, Yerevanda “Qarabağ ermənilərini tez bir zamanda Azərbaycanla dialoqun zəruriliyinə inandırmağın vacibliyini başa düşürlər”.

O habelə bəyan etmişdi ki, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi Azərbaycanın beynəlxalq öhdəliklərinə uyğun həyata keçirilməlidir.

Azatutyunun “Qarabağın prezidenti” kimi təqdim etdiyi Arayik Arutyunyan bundan əvvəl bəyan etmişdi ki, Azərbaycan onlarla yalnız bir məsələni – inteqrasiyanı müzakirə etmək istəyir.

Rəsmi Bakı bundan əvvəl iki dəfə Qarabağ ermənilərinin nümayəndələrini dialoqa dəvət edib.

Azərbaycan prezidenti İlham Əliyev separatçılardan iki dəfə rədd cavabı aldıqdan sonra demişdi ki, “üçüncü dəfə dəvət olmayacaq”.

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub.

1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib.

Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

XS
SM
MD
LG