Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:46

Qazaxıstanda hakimiyyət savaşı gedirmi


Nazarbayev və Tokayev
Nazarbayev və Tokayev

Hətta belə ehtimallar da var ki, Nazarbayev ilə Tokayev birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar...

Qazaxıstanda etirazların amansızlıqla yatırıldığı bir vaxtda Prezident Kasım Jomart Tokayevlə sələfi, “elbaşı” titulu daşıyan Nursultan Nazarbayev arasında hakimiyyət savaşının da əlamətləri görünür. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun müxbiri Brüs Panyer yazır.

Yanvarın 8-də Milli Təhlükəsizlik Komitəsinin (KNB) keçmiş başçısı Kərim Məsimov vətənə xəyanətdə şübhəli bilinərək saxlanıb. Yanvarın 5-də vəzifəsindən azad edilən Məsimov Qazaxıstanın siyasət dənizində böyük balıq sayılır, baxmayaraq ki, son aylar mediada onun adı çox hallanmırdı.

Müəllif yazır ki, Nazarbayevə sadiq birinin həbsi Tokayevin hökuməti sələfinin adamlarından təmizləmək niyyətindən xəbər verir. Prezident bu məqsədlə yerli kəşfiyyat və təhlükəsizlik qüvvələrinin “xaricdə təlim görmüş terrorçuları” aşkarlamadığını bəhanə edir.

Nazarbayev “Nur-Sultandadır”

Qazaxıstanı 2019-cu ilədək, 30 ilə yaxın idarə edən 81 yaşlı Nazarbayev özü və bəzi ailə üzvləri ölkədə mühüm vəzifələr tuturdular. Hətta o dərəcədə ki, təhlilçilər Tokayevin ona hesabat verdiyini iddia edirdilər.

Məsimov 20 ildi hökumətdə nüfuzlu biriydi, avtoritar Nazarbayevin hakimiyyəti dövründə iki dönəm baş nazir, ondan öncə isə müxtəlif nazir postlarını tutmuşdu. 1990-cı illərin əvvəllərində isə ölkənin Pekində və Honq Konqda kommersiya maraqlarını təmsil edirdi. Onun Nazarbayev üçün Honq Konqa pul transferində vacib rol oynadığı deyilir.

İndi Məsimovun həbsi isə Nazarbayev, onun zəngin və güclü ailə üzvləri üçün yaxşı bir şey vəd eləmir.

Nazarbayevin sözçüsü Aidos Ukibay onun paytaxt Nur-Sultanda olduğunu, Tokayevlə birbaşa əlaqə saxladığını açıqlayıb.

Onlarla etirazçının öldürüldüyü, 6 minə yaxın saxlananın olduğu, əmlaka yüzmilyonlarla dollarlıq ziyan dəydiyi böhran vaxtı Nazarbayev gözə dəyməyib.

Əvvəl görünmürdü, bəs indi?

Paniyer son illər Qazaxıstanda itaətsizlik dönəmlərində Nazarbayevin ictimaiyyətin gözünə görünmədiyini yazır.

Amma indi Məsimov kimi sadiq məmurun həbsi Nazarbayev üçün yaxşı əlamət sayılmır. Amma onu da qeyd etmək lazımdır ki, Məsimovun Qazaxıstanda güclü klanlarla əlaqəsi yoxdur, ona görə də Tokayev üçün asan hədəf sayılırdı.

Janaozendə yanacağın bahalanmasına dinc etirazlar böyüyəndən sonra Tokayev hökumətin istefasını qəbul etdi. O, yanvarın 5-də ölkəyə KTMT qüvvələrini dəvət etdi. O vaxtadək Məsimov KNB başçısı idi, polis və təhlükəsizlik qüvvələri etirazları o qədər də fəal şəkildə yatırmırdı.

Müəllif Tokayev 2019-cu ildə vəzifəyə keçəndən etirazların sürətlə yatırdıldığını, fəalların, təşkilatçıların nümayişlər öncəsi saxlandığını yada salır.

5 yanvar gecəsi Almatıda minlərlə nümayişçi arasında silahlılar da vardı, onlar hökumət qüvvələri ilə atışırdılar. Tokayev isə təkcə Almatıda 20 min terrorçu olduğunu iddia edib.

Kriminal dəstələr?

Bir versiya odur ki, silahlılar, talançılıqla məşğul olanlar Nazarbayev hökuməti altında çiçəklənmiş kriminal qrupların üzvləri olub, keçmiş prezident və yaxın ətrafının hakimiyyətdən uzaqlaşdırılmasını önləmək üçün qabağa veriliblər.

KNB başçısının müavini, Nazarbayevin qardaşı oğlu Samat Abişin adı silahlı qrupların təşkili ilə əlaqələndirilir. Abişin yanvarın 5-də vəzifədən çıxarılması xəbəri yayılsa da, qurumun yanvarın 8-də yaydığı xəbərə görə, o hələ də vəzifədədir. Onun vəzifəyə qaytarılması da Nazarbayevin hakimiyyətini saxlamasıyla bağlı spekulyasiya yaradıb.

Bəs görəsən, hakimiyyətdaxili mübarizənin tətiyinin çəkilməsinə nə səbəb oldu? Çoxları etirazlardan məhz bu məqsədlə istifadə olunduğunu düşünür.

1990-cı illərdə baş nazir olmuş, hazırda mühacirətdə yaşayan Akejan Kajegeldin deyir ki, təhlükəsizlik qüvvələri içində Tokayevə qarşı “planın” mövcudluğuna inanır. Tokayev bu səbəbdən KTMT-yə müraciət edə bilərdi.

Yerli hüquq-mühafizə əməkdaşlarının komendant saatını təmin etməməsi, Almatıda KNB binasının qarət olunması və silahların naməlum şəxslərin əlinə düşməsi Kajegeldində suallar yaradıb.

Digər versiyalar

Daha bir versiya isə dekabrın 27-də Tokayev və Nazarbayevin Moskva səfərini göstərən videodan qaynaqlanır. Videoda Nazarbayev çox zəif görünür. Keçmiş prezidentin tərəfdarları onun ölümünün yaxınlaşdığını güman edərək etirazlardan istifadə edərək Tokayevi devirməyə çalışa bilərdilər.

Bəzilərinin fikrincə isə, Tokayevin adamları eyni səbəbdən Nazarbayev ölməmişdən hakimiyyətlərinə gücləndurməyə cəhd ediblər.

Bəziləri Rusiyanın Qazaxıstana çevikliklə qüvvə göndərməsini Kremlin Tokayevə dəstəyinin əlaməti kimi görürlər.

Hətta belə ehtimallar da var ki, Nazarbayev ilə Tokayev birlikdə işləyir, bəzi məmurlardan yaxalarını qurtarmağa çalışırlar.

Qazaxıstanlı təhlilçi Dimaş Aljanovun fikrincə, Nazarbayev və ailəsi Qazaxıstandan çıxsa, yaxud artıq çıxıbsa, bunu yalnız Tokayevin razılığı ilə edə bilərdilər.

XS
SM
MD
LG