Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:08

Qazaxıstan ‘rus separatçılığına’ görə üç nəfərə iş kəsib


Chatroulette platformasından skrinşot
Chatroulette platformasından skrinşot

Qazaxıstanın Uralsk şəhərinin məhkəməsi ölkə vətəndaşları Denis RudnıxKristina Kolçenko barəsində hökm çıxarıb.

AzadlıqRadiosunun Qazax xidməti yazır ki, onlar ixtilafı qızışdırmaqda və separatçı fəaliyyətdə ittiham olunurdular.

Rudnıx və Kolçenko Chatroulette adlı platformada Rusiyanın Qazaxıstanda mümkün “xüsusi hərbi əməliyyatına” dəstək bildirmişdilər. Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəsini “xüsusi hərbi əməliyyat” adlandırır.

Hakim Varvara Dmitriyenko hər iki müttəhimin təqsirli olması barədə qərar çıxarıb.

Rudnıxa iki maddə üzrə 5 il iki ay, Kolçenkoya isə “separatçı fəaliyyət” maddəsi ilə 5 il iş kəsilib.

Bu cinayət işinin açılması üçün Rudnıx və Kolçenkonun özünü Ukraynada yaşayan “Pan Vasil” təxəllüslü bloger kimi təqdim edən şəxslə dialoqu əsas sayılıb.

2023-cü ilin fevralında yer almış bu söhbət zamanı bloger Rudnıx və Kolçenkoya Rusiyaya və vətəndaşlığa münasibət barədə suallar verirdi.

Sərxoş olduğunu deyib

Suallardan biri belə idi:

"Necə hesab edirsiniz, birdən Allah eləməmiş, xüsusi əməliyyat olsa, seçim edin ki, siz kimin tərəfində olacaqsınız: biz rusiyalıların, yoxsa qazaxların?”

Rudnıx və Kolçenko hər biri ayrılıqda: “rusların tərəfində” cavabını veriblər.

Rudnıx əlavə edib ki, “Uralsk həmişə Rusiya şəhəri olub” və bu, həm də Pavlodar, Ust-Kamenoqorsk və Semipalatinsk vilayətlərinə də aiddir.

Bu video dərc edildikdən sonra Qazaxıstanın hüquq-mühafizə orqanları Rudnıx və Kolçenkonu saxlamışdı.

Rudnıx o vaxt üzrxahlıq etmiş və demişdi ki, bloger ona “təxribatçı suallar” verib və o sərxoş vəziyyətdə olduğuna görə suallara dəqiq cavab verməyib.

“Şimali Qazaxıstanı da Krım kimi...”

Rudnıx və Kolçenkonun vəkili Sergey Salnikov deyib ki, o və müdafiıə etdiyi şəxslər hökmlə razı deyillər.

Lakin vəkil “hökmdən şikayət veriləcəkmi” sualına cavab verə bilməyib.

O deyib ki, bu barədə qərarı məhkumların valideynləri qəbul etməlidirlər, çünki müqavilə onlarla bağlanıb.

İyunun 6-da Petropavlovsk məhkəməsi bir yerli qadını üç il müddətinə azadlıqdan məhrum edib.

O da eyni internet platformasında Rusiyadan olan şəxslə söhbəti zamanı ondan “Krım kimi Şimali Qazaxıstan vilayətini də Rusiyaya birləşdirməyi” xahiş etmişdi.

Bu hökm də “separatçı fəaliyyət” maddəsi ilə çıxarılıb.

XS
SM
MD
LG