Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Qazaxıstan Talibanı qadağan edilmiş təşkilatlar siyahısından çıxarıb


Qazaxıstan-Əfqanıstan biznes forumu
Qazaxıstan-Əfqanıstan biznes forumu

Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi Aybek Smadiyarov Taliban təşkilatının ölkədə qadağan olunan təşkilatlar siyahısından çıxarıldığını bəyan edib.

Hazırda Əfqanıstanda hakimiyyətdə olan Taliban bir sıra ölkələrdə “terrorçu təşkilat” kimi tanınır.

Smadiyarov Kazinform xəbər agentliyinə deyib ki, Qazaxıstan vaxtaşırı olaraq qadağan olunmuş təşkilatların siyahısını təftiş edir.

XİN nümayəndəsinin sözlərinə görə Taliban növbəti belə təftiş zamanı qadağan edilmiş təşkilatların siyahısından çıxarılıb:

"BMT Təhlükəsizlik Şurasının icrası icbari olan qətnamələrinə əsasən Taliban hərəkatı BMT TŞ tərəfindən terrorçu təşkilat kimi tanınmış qrupların siyahısına daxil deyil”.

Qadağan edilsə də, təmaslar həmişə olub

Smadiyarovun sözlərinə görə, Talibanla siyasi təmaslara gəlincə, Qazaxıstan “BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qərar və qətnamələrinə ən ciddi şəkildə əməl edəcək”.

Taliban hərəkatı Qazaxıstanda 2005-ci ildə Ali Məhkəmənin qərarı ilə qadağan edilib.

AzadlıqRadiosunun Qazax xidməti bildirir ki, Astana Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirəndən sonra Kabilə dəfələrlə rəsmi nümayəndə heyətləri göndərib.

Qazaxıstan hakimiyyəti bildirib ki, Əfqanıstan hakimiyyəti ilə o cümlədən humanitar məsələlərin həlli üçün təmaslara hazırdır.

Müxalifət partiyaları etiraz edir

Bu ilin avqustunda Astanada Qazaxıstan-Əfqanıstan biznes forumu keçirilib. Bu forumda Taliban nümayəndələri rəsmən iştirak ediblər.

Buna baxmayaraq Qazaxıstanın qeydiyyatdan keçməmiş müxalifət partiyaları Talibanla əlaqələri pisləyiblər.

BMT TŞ Talibanı terrorçu təşkilatlar siyahısına 2003-cü ildə daxil etmişdi.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin demişdi ki, Rusiya Federasiyası Taliban hərəkatının qadağan edilmiş təşkilatlar siyahısından çıxarılması üçün çalışacaq. Amma Putin bildirmişdi ki, bunu əvvəlcə BMT TŞ etməlidir.

Rusiya hökuməti Talibanı rəsmən tanımasa da, bu təşkilatla Moskvada müntəzəm görüşlər keçirir.

XS
SM
MD
LG