Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 14:04

Cənubi Qafqazda «qazlı» İranı kim qazanacaq?


Tehran.
Tehran.

-

Azərbaycan prezidenti İlham Əliyevin fevralın 23-də İrana səfəri gözlənilir. Tehranda iki ölkə arasında müxtəlif sahələri əhatə edən 10-dan çox sənəd imzalanacaq. İrana səfərin sanksiyaların ləğvindən sonrakı zamana təsadüf etməsi onun önəminə əlavə dəyər qatır.

İndiyədək iki ölkənin münasibətləri elə də birmənalı olmayıb. Rəsmi Tehran İran Azərbaycanına dəstəkdən, rəsmi Bakı da İranın Ermənistana yardımlarından rahatsızlığını gizlətməyib.

Bölgə ölkələri arasında İranla əlaqələr baxımından Azərbaycanın başlıca rəqibi Ermənistandır. İranın Ermənistan üzərindən enerji və nəqliyyat layihələri Azərbaycanın üstünlüyünü azalda bilər.

AZƏRBAYCANLA ERMƏNİSTANIN «İRANI QAZANMAQ» YARIŞI

Politoloq Elxan Şahinoğlu deyir ki, Azərbaycanla Ermənistan «İranı qazanmaq» yarışına başlayıblar: «İrana sanksiyalar götürüləndən sonra bu ölkə ilə iqtisadi və ticarət əlaqələri, ən önəmlisi, ortaq nəqliyyat və enerji xətlərinin tikintisi xeyli cazibədar görünür. İran hakimiyyəti Cənubi Qafqaz ölkələrindən ilk olaraq Azərbaycan prezidentini Tehrana dəvət edib. İlham Əliyev bu həftə Tehranda xeyli sənəd imzalayacaq. Ancaq bu heç də o demək deyil ki, rəsmi Bakı bu səfərlə «yarışda» Ermənistanı qabaqlayacaq. Bəli, bizim hazır infrastrukturumuz, Avropaya çıxan nəqliyyat və boru xətlərimiz var. Bu, ilk baxışdan Tehrana cazibədar görünməlidir və dərhal sual da doğur ki, axı İran Ermənistanla iqtisadi əməkdaşlıqdan nə qazana bilər?».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

«TEHRAN ÜSTÜNLÜYÜ ERMƏNİSTANA DA VERƏ BİLƏR»

Politoloqun fikrincə, «fərqli dəyərlərə» dayanan Tehranın üstünlüyü Ermənistana verməsi də mümkündür: «İlk siqnalı artıq almışıq. İran öz qazını Gürcüstana Ermənistan üzərindən ötürməyi planlaşdırır. Halbuki siyasət bir yana, iqtisadi məntiq İranın bu layihədə Azərbaycana üstünlük verməsini diktə edir. İran-Ermənistan-Gürcüstan qaz layihəsi reallaşarsa, biz həm müttəfiqimiz Gürcüstandan zərbə alacağıq və iki ölkə arasındakı münasibətlər daha əvvəlki kimi isti olmayacaq, həm də Ermənistanı tam enerji blokadasına alma siyasətimizdə dəlik əmələ gələcək. O üzdən İlham Əliyevin Tehrana budəfəki səfəri və əldə edəcəyi nəticələr daha öncəki İran səfərlərindən xeyli fərqlənəcək».

İqtisadçı ekspert Nicat Hacızadə Ermənistanla iqtisadi münasibətləri İranın daxili siyasəti sayır: «Biz heç bir halda İrana bu məsələ ilə bağlı irad bildirə bilmərik. Nəzərə alsaq ki İran rəhbərliyi həm ali dini lider, həm də hökumət səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, burada hər hansı açıq sual qalmaz».

«İRANIN AZƏRBAYCANA İNVESTİSİYA QOYMASINI TƏMİN EDƏ BİLƏRİK»

Ekspertin fikrincə, sanksiyaların qaldırılmasından sonra prezidentin İrana səfəri hazırkı dövr üçün düzgün addımdır: «Çünki İran iqtisadiyyatı inkişaf dövründədir və biz İranın Azərbaycana investisiya qoymasını təmin edə bilərik. Bu, iqtisadi cəhətdən sərfəlidir, axı İran həmsərhəd ölkədir və iki ölkə arasındakı iqtisadi münasibətlər daha da inkişaf edə bilər».

XS
SM
MD
LG