Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:50

Qırğızıstanın qadın siyasi məhbusları


Keçmiş deputat Asiya Sasıkbayevanın həbs olunduğu vaxt 71 yaşı var idi.
Keçmiş deputat Asiya Sasıkbayevanın həbs olunduğu vaxt 71 yaşı var idi.

Ötən il bu vaxtlar Qırğızıstanda həbs olunmuş 25 narazıdan altısı qadın fəallar idi. AzadlıqRadiosunun müxbiri Kris Rikleton (Chris Rickleton) bunun prezident Sadır Japarovun idarəçiliyi dövründə dönüş nöqtəsi olduğunu yazır.

Qadınlar 3 aydan 8 ayadək həbsdə qalandan sonra ev dustaqlığına buraxıldılar. İndi isə Japarov hökumətinə qarşı çevriliş işi üzrə qapalı keçirilən məhkəmədə çıxarılacaq hökmləri gözləyirlər.

2010-cu il inqilabı Qırğızıstanın ikinci prezidenti Kurmanbek Bakiyevin devrilməsi ilə nəticələndi. Bakiyev ölkənin 30 illik müstəqillik tarixində devrilən üç prezidentdən biri idi. Radionun qırğız xidmətinin məlumatına görə, 2022-ci ilin oktyabr reydləri Bakiyev devriləndən bəri hökumətin opponentlərinə qarşı ən böyük təzyiq sayılır. Üstəlik, qadın fəalların həbsi hətta Bakiyevin daha sərt administrasiyasını kölgədə qoyur.

Ölkəni Japarovla yanaşı, milli təhlükəsizlik idarəsinin başçısı Kamçıbek Taşiyevin de-fakto idarə etdiyi bildirilir.

Bu ayın əvvəlində hakimiyyət Qırğızıstanın cənubunda iki sakini saxlayaraq həbs edib – 70 yaşlı qadın və 44 yaşlı tənha ana ağır antikonstitusion maddələrlə ittiham olunurlar.

Prezident Sadır Japarov (sağda) və onun faktiki həmkarı, Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev.
Prezident Sadır Japarov (sağda) və onun faktiki həmkarı, Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev.

Qadın üzlü aktivizm

Vyanada yerləşən, Orta Asiyaya fokuslanan "Avrasiya üçün Azadlıq" qeyri-kommersiya təşkilatının sədri Leyla Nazgül Seyitbek düşünür ki, bu tendensiya davam edəcək, çünki hakim cütlük aktivizmin bütün formalarının məhvində qərarlıdır, Qırğızıstanda isə bu sahə "daha çox qadın üzlüdür": "Özləri keçmişdə siyasi mübarizə aparanda, müxalifətdə olanda Japarov və Taşiyev daha çox qadın fəallara etibar edirdilər. Onlar çox yaxşı bilirlər ki, ictimai yerdə hakimiyyəti tənqid etmək və dinc etirazlar keçirmək baxımından onların aktivizmi çox effektli ola bilər. Ona görə də onları (qadınları) öz hakimiyyətlərinə real təhdid kimi görürlər".

Qırğızıstanda aşkar siyasi motivlərlə həbslər möhkəm oturuşmuş ənənədir. Bu ölkədə müxalifətə təzyiqlər və korrupsiyanın varlığı siyasi sabitsizliyi körükləndirib.

Ancaq yenə də Qırğızıstan siyasi plüralizm və vətəndaş cəmiyyətinin hələ də qaldığı yeganə Orta Asiya ölkəsi reputasiyasını saxlayıb.

Sərhəd sazişinin səbəb olduğu etirazlar

Ötən il azı 25 nəfərin həbsi hökumətin Özbəkistanla tarixi sərhəd sazişini razılaşdırdığı bir dönəmdə baş verib. Qonşu ölkənin Qırğızıstanın cənubunda birgə Kepmir-Abad su anbarına nəzarəti gücləndirəcəyi haqda xəbərlər qızğın mübahisə predmetinə çevirdi, etirazlara səbəb oldu. Bişkekdə fəallar və müxalifətçilər Kempir-Abadı Müdafiə Komitəsi yaratdılar. Çox keçməmiş bu komitənin üzvləri Bişkekdə bir italyan restoranında görüşdükləri vaxt saxlandılar və rəsmən çevriliş hazırlamaqda ittiham olundular.

Konstitusiya Məhkəməsinin keçmiş hakimi və QHT rəhbəri Klara Sooronkulova
Konstitusiya Məhkəməsinin keçmiş hakimi və QHT rəhbəri Klara Sooronkulova

"Hansı axmaq restoranda, ictimai yerdə dövlət çevrilişdən danışar axı?", – Konstitusiya Məhkəməsinin keçmiş hakimi, QHT rəhbəri Klara Sooronkulova AzadlıqRadiosunun qırğız xidmətinə müsahibəsində söyləyib. Sooronkulova həmin görüşdən sonra saxlanan qadınlardan biri idi, bu ilin aprelində zaminə buraxılıb.

71 yaşlı məhbəs qonşusundan cəsarət alıb

İnsan haqları müdafiəçisi, bir dəfə prezidentliyə namizəd olmuş Rita Karasartova iyunun sonunadək həbsdə saxlanılıb.

Kempir-Abad həbslərinin ildönümü ərəfəsində o, AzadlıqRadiosunun qırğız xidmətinə deyib ki, həbsdə kamera qonşusu, həbs olunanda 71 yaşlı olan Asiya Sasikbayevadan cəsarətlənib. Çoxdanın fəalı, keçmiş deputat Sasikbayeva həbsdə vaxtını digər məhbuslar üçün salat düzəltmək və onlara rus dilini öyrətməklə keçirib. O, yanlışlıqla həbs olunmuş 24 yaşlı bir qadının məhbəsdən çıxmasına da yardım edib.

"Düşünürdüm ki, Sasikbayeva belə yaxşı dayandığı halda, öz səhhətimdən necə gileylənə bilərəm?", – Karasartova deyir.

Saliya Taştanova və Çınıgül Şerkulova hökumətin zorakılıqla devrilməsinə çağırışda ittiham olunurlar.
Saliya Taştanova və Çınıgül Şerkulova hökumətin zorakılıqla devrilməsinə çağırışda ittiham olunurlar.

Təqaüdçü saxlanılıb, ...azadlığa buraxılıb

Bu ay Qırğızıstanın cənubunda iki qadının həbsi də Kempir-Abad su anbarı ilə bağlı münaqişə ilə əlaqədar görünür. Qadınlardan daha gənci, tənha ana Çınıgül Şerkulova hələ də həbsdədir. Oktyabrın 17-də azadlığa çıxmış təqaüdçü Saliya Taştanovanın həbsi isə çox adamı sarsıdıb.

"Qırğızıstan tarixində belə hallar olmayıb – yaşlı qadınlar həbsə atılmayıb", – Bişkekdə vətəndaş cəmiyyəti liderlərindən Dinara Oşuraxunova danışır.

Şerkulova və Taştanova hökumətin zorakılıqla devrilməsinə çağırmaqda ittiham olunurlar.

"Avrasiya üçün Azadlıq" təşkilatından Leyla Nazgül Seyitbek AzadlıqRadiosuna deyib ki, hazırda Qırğızıstanda siyasi təzyiq saydıqları 70-ə yaxın işi monitorinq edirlər, onların azı 20-də qadınlar da var.

Onun sözlərinə görə, Qırğızıstan parlamenti oktyabrın 25-də xaricdən maliyyələşən QHT-lərə məhdudiyyətləri sərtləşdirən qanunu qəbul edəndən sonra qurbanların sayı, çox güman, artacaq.

XS
SM
MD
LG