Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:24

Qoca Səmədov azadlığa buraxılıb


Qoca Səmədov
Qoca Səmədov

Həbsdə olan keçmiş icra başçılarından Qoca Səmədov cəza müddəti başa çatmadan azadlığa buraxılıb. İyulun 26-da Bakı Apellyasiya Məhkəməsində Elmar Rəhimovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar çıxarıb. Məhkəmə sabiq icra başçısının səhhətindəki problemlərlə bağlı ekspertizanın rəyinə əsaslanıb. Ekspertizanın rəyində Səmədovun ürək xəstəliyindən əziyyət çəkməsi əksini tapıb.

Qoca Səmədov uzun müddətdir ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Onun vaxtından əvvəl azadlığa buraxılması üçün bir müddət öncə vəkili Elnur Vəliyev Nizami rayon Məhkəməsinə ərizə versə də, təmin olunmamışdı. İyulun 26-da həmin qərardan verilən şikayətə baxılıb və təmin edilib.

Vəkili AzadlıqRadiosu-na bildirib ki, Qoca Səmədov uzun müddətdir ürək xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə cərrahiyyə əməliyyatı da keçirib.

Səmədovun həmçinin kəskin hipertoniya (təzyiq xəstəliyi) və şəkərli diabetdən də əziyyət çəkdiyi bildirilir.

Müdafiəçi bildirib ki, sabiq icra başçısı həbs olunmamışdan əvvəl də açıq ürək əməliyyatı keçirmiş, ürəyinə stendlər qoyulmuşdu.

2021-ci ilin sentyabrında Səmədovun işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan dövrdə də onun vəziyyəti pisləşmişdi. Öncə Şəkidəki Mərkəzi Xəstəxanaya, oradan isə Bakıya göndərilmiş, üzərində cərrahiyyə əməliyyatı aparılmışdı. Bunu nəzərə alaraq, məhkəmə sabiq icra başçısının ev dustaqlığına buraxılmasına qərar vermişdi. Bir müddət sonra hökm oxunanda Səmədov yenidən məhkəmə zalında həbs olunmuşdu.

Xatırlatma

64-yaşlı Qoca Səmədov 2019-cu ilin dekabrında həbs edilib. Mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və s. ittihamlarla Şəki Ağır Cinayətlər Məhkəməsində ona 7 il 3 ay həbs cəzası kəsilib. Sonradan apellyasiya instansiyası bu cəzanı 6 ilə endirib.

Səmədovun özünə və yaxınlarına məxsus xeyli evlər, torpaq sahələri, obyektlər müsadirə olunub. Həmin əmlaklar arasında Bakıda hər birinin 377 min və 220 min manat dəyəri olan iki mənzil, Yevlax şəhərində 63 min 700 manat və 57 min 400 manatlıq iki obyekt, Yevlaxın Qoyunbinəsi, Havarlı, Salahlı kəndlərində, Goranboy rayonunda torpaq sahələri, obyektlər, uşaq bağçası da var.

Səmədov 2011-2019-cu illərdə Yevlax rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Bundan öncə isə o, 5 il icra başçısının müavini və birinci müavini olub.

Cinayət işinin materiallarında iddia olunur ki, müxtəlif dövlət orqanlarına işçi kimi rəsmiləşdirilmiş 133 nəfər üçün açılan maaş kartlarından çıxarılan 236 min manat vəsaiti sabiq icra başçısı mənimsəyib. Səmədov həmçinin 2017-2019-cu illərdə Yevlaxda abadlıq işləri üçün büdcədən ayrılan və müxtəlif şirkətlərin hesablarına köçürülmüş vəsaitlər nağdlaşdırılandan sonra onun 616 min manatını geri alıb mənimsəməkdə ittiham edilir.

Səmədov özünü qismən təqsirli bilir.

XS
SM
MD
LG