Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:05

Həbsdəki məmurun qardaşı etiraz edir: 'Mülklərimə həbs qoyulub'


Beytulla Hüseynov
Beytulla Hüseynov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu, «Bakı Telefon Rabitə» İstehsalat Birliyinin rəisi olmuş Beytulla Hüseynovun qardaşı şikayətçidir. Ramiz Hüseynov deyir ki, qardaşına görə onun əmlaklarının üzərinə də həbs qoyublar. O, bu haqda məktubla Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşının və daha 11 nəfərin işinə baxan hakim Əfqan Hacıyevə müraciət edib.

Məhkəmə önünə çıxarılanlar arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, «Aztelekom»un keçmiş direktoru Məhəmməd Məmmədov da var.

«HƏMİN MÜLKLƏRİN B.HÜSEYNOVA DƏXLİ YOXDUR»

Aprelin 28-də keçirilən məhkəmədə hakim Ramiz Hüseynovun məktubunu elan edib.

«Beytulla Hüseynovun mülkiyyətinə həbs qoyularkən mənim də əmlaklarımın üzərinə həbs qoyulub. Şamaxıdakı evimə, Nizami rayonunda yerləşən torpaq sahəmin üzərində həbs var. Halbuki, həmin mülklərin Beytulla Hüseynova heç bir dəxli yoxdur. Ona görə xahiş edirəm, həmin mülklərin üzərindəki həbs götürülsün», – məktubda belə yazılıb.

***Buna da bax-Keçmiş nazir ifadəsində Eldar Mahmudov barədə nə deyib?

Məhkəmədə o da bəlli olub ki, təqsirləndirilən şəxslərdən Emin Məmmədov, Namazalı Məmmədov və Səhrab Hümbətov onlar tərəfindən mənimsənildiyi iddia olunan vəsaiti ödəyiblər. Yəni, dəymiş ziyan ödənilib. Nazirlikdən də rəsmi məktub verilib ki, bu təqsirləndirilənlərə qarşı mülki iddiası yoxdur.

«23 MİLYON MANAT ƏDV YAZILIB»

Nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun vəkili Ceyhun Yusifov dəymiş ziyanla bağlı rəqəmlərin şişirdildiyini deyir: «İttihamı 74 dəfə oxumuşam. Dəymiş ziyanla bağlı birinci səhifədə yazılan məbləği dördüncü səhifədə özləri təkzib ediblər. Biz ona görə vaxtında vəsatətlər verdik ki, həmin məbləğləri hesablayan şəxslər gəlib məhkəmədə ifadə versinlər, aydınlıq gətirsinlər. Təsəvvür edin, verilən 153 milyonluq ittihama ƏDV-ni də daxil ediblər. 23 milyon manat ƏDV-dən söhbət gedir».

***Buna da bax-'AzEurotel'də 800 minlik kondisioner müəmması

Vəkil məbləğlərin düzgün hesablanması üçün ekspertiza keçirilməsi haqda vəsatət qaldırıb: «Xahiş edirəm ki, pullar düzgün hesablansın. İttiham veriblər ki, guya bütün işlərin başında olub. Vidadi Zeynalov paket alan olub, paket verən yox».

«10 MİLYONU SÜBUT ELƏSİNLƏR, ÖDƏYİM»

«Bakı Telefon Rabitə» İB-nin baş mühasibi olmuş Anar Mustafayevin vəkili Gülşən Salmanova da məbləğlərə etiraz edib: «Anar Mustafayevə 867 min manatlıq ittiham verilib. Başa düşmürəm ki, bu məbləğ haradan çıxıb. Ekspertiza keçirilməlidir ki, bu məsələlər araşdırılsın».

Beytulla Hüseynov da məbləğlərin şişirdilməsindən gileylənib: «İstədiklərini yazıblar bura. Mənə 10 milyonluq mənimsəmə yazıblar. Oturaq, mənə bu məbləği sübut eləsinlər, dəymiş ziyanı ödəyim. Rəqəmləri elə şişirdiblər ki, elə bil nazir mən olmuşam».

Amma məhkəmə ekspertiza ilə bağlı vəsatəti təmin etməyib.

Məhkəmə mayın 3-də davam edəcək.

XATIRLATMA

Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə təqsirli bilinirlər. Cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

XS
SM
MD
LG