Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:46

Araşdırma: Rövnəq Abdullayevin oğlunun 22 milyon dollarlıq London mənzili


Rəşad Abdullayev
Rəşad Abdullayev

Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsi - OCCRP Azərbaybaycan Dövlət Neft Şirkəti SOCAR-ın keçmiş rəhbəri Rövnəq Abdullayevin oğlunun 20 milyon dollardan çox qiyməti olan London mülkiyyətinin olmasından yazır.

Rəşad Abdullayevin aldığı “ultrabahalı” mülk Londonun prestijli Grosvenor Square ünvanında yerləşir.

Araşdırmanın hesabatında deyilir ki, bu dəbdəbəli mənzil Görnsi adasında qeydiyyatdan keçmiş ofşor şirkəti vasitəsilə alınıb.

Bu da qeyd olunur ki, sözü gedən mənzil uzun illər SOCAR-ın prezidenti olmuş Rövqnəq Abdullayevin ailə üzvlərinə xarici ölkədə aid olduğu aşkar olunan ilk daşınmaz əmlakdır.

Hesabatda vurğulanır ki, Rövnəq Abdullayevin hələ ötən ilə qədər rəhbərlik etdiyi şirkət fəaliyyətinin qeyri-şəffaflığına və Azərbaycan elitasının ictimai vəsaitlər hesabına varlanmasına xidmət etdiyinə görə sərt tənqid olunur.

OCCRP yazır ki, Rəşad Abdullayevin Londonun ən bahalı məhəllələrində birində yerləşən mənzilinin adı məxfi ofşor şirkəti vasitəsilə 2019-cu ildə 17.3 milyon funt sterlinqə (22.4 milyon dollar) alındığı məlum olub.

General Eyzenhauerin yaşadığı bina

Araşdırmaçı jurnalistlər yazırlar ki, bu çoxmənzilli binadan vaxtilə ABŞ Dəniz Donanması istifadə edib və II Dünya Müharibəsində müttəfiq qoşunlara komandanlıq edən general Duayt D. Eyzenhauer (Dwight D. Eisenhower) bu binada qonaq olub.

Sonralar bu bina özünün şərab zirzəmisi, şəxsi somelyesi (şərabçı-red) və 25 metrlik hovuzu olan elitar yaşayış sahəsinə çevrilib.

The Telegraph qəzeti ötən mart ayında yazırdı ki, bu binadakı mənzillər Rusiya milyarderi Dmitri Rıbolovlev də daxil, tanınmış əcnəbi biznesmenlərə məxsusdur.

OCCRP-nin hesabatında deyilir ki, bu binada Rəşad Abdullayevə məxsus dörd yataq otaqlı mənzili isə yenicə aşkar etmək mümkün olub.

Bu sirrin indiyədək açılmamasına səbəb o olub ki, daşınmaz əmlak Görnsi adasında qeydiyyatdan keçmiş şirkətin vasitəsilə alınıb və bu adada korporativ mülkiyyət barədə informasiya ictimaiyyət üçün qapalı idi.

Lakin Britaniyada ötən il qəbul edilmiş İqtisadi Cinayət (Şəffaflıq və Qanunçuluq) haqqında qanun (Economic Crime (Transparency and Enforcement) Act) bütün ofşor vahidlərdən malik olduqları mülkiyyətin mənfəətdar sahiblərinin kimliyinin 2023-cü il, yanvarın sonunadək açıqlanmasını tələb edir.

“Əgər hətta Rəşad Abdullayev o mənzili almışdırsa da...”

Məhz bu qanunun tələblərinə riayət edən Görnsi şirkəti - Mount Street Investments PCC öz bəyannaməsini bir həftə bundan əvvəl təqdim edib.

Bu sənəddən Rəşad Abdullayevin 2019-cu ilin iyunundan bu şirkətin sahibi olması məlum olub. Britaniyanın torpaq reyestrinin məlumatına görə şirkət London mənzilini həmin ilin dekabrında alıb.

Transparency International U.K. antikorrupsiya təşkilatının təhqiqatlar bölməsinin rəhbəri Ben Koudokun (Ben Cowdock) sözlərinə görə aşkar olunmuş əmlakın qiyməti onun sahibinin qanuni gəlir mənbələrinın imkanı xaricindədirsə, qanuna görə belə sahiblik polis təhqiqatının predmeti olmalıdır.

OCCRP yazır ki, sözü gedən mənzil üçün ödənmiş pulun mənşəyi məlum deyil. Rəşad Abdullayev araşdırma müəlliflərinin sorğularına cavab verməyib. Onun atası Rövnəq Abdullayev isə email vasitəsilə cavabında yazıb ki, o oğlunun sözü gedən mənzili üçün heç bir ödəniş etməyib və mənzilin alınması üçün verilən pulun mənşəyi barədə heç nə bilmir:

“Əgər hətta Rəşad Abdullayev sözü gedən mənzili almışdırsa da, mən səmimi şəkildə inanıram ki, o heç bir qanunsuz ödənişlər etməmişdir və bu məsələ ilə bağlı bütün zəruri sənədləri vardır və bu sənədlər qanun çərçivəsindədir”.

16 yaşlı ekspert

Hesabatda deyilir ki, SOCAR-ın illik hesabatından prezidentin və onadək vitse-prezidentlərin illik maaş və mükafatlarının toplam 800 min dollardan az olduğu görünür. Bu həm də onu göstərir ki, yalnız Rövnəq Abdullayevin maaşı ilə sözü gedən London mənzilini almaq mümkün olmamalıydı.

Hesabatda qeyd olunur ki, Rəşad Abdullayevin indi artıq Linkedln saytından silinmiş profilində onun 16 yaşında SOCAR Trading şirkətində çalışdığı bildirilirdi. Onun rəsmi vəzifəsi “ticarət və biznes eksperti” olaraq göstərilmişdi.

OCCRP-nin təhqiqat hesabatında deyilir ki, Rəşad Abdullayevin atası Linkedln profilindəki məlumatı mübahisələndirib. O deyib ki, oğlu SOCAR Trading-də yox, SOCAR-a bağlı başqa bir şirkətdə təcrübəçi olub.

Hesabatda qeyd olunduğuna görə üç il sonra, 19 yaşında Rəşad Abdullayev Türkiyədə yaşayarkən daşınmaz əmlaka investisiyalar, konsaltinq və əmlak menecmenti şirkətini yaradıb, habelə Bodrum kurort şəhərində restorana, Gürcüstanda yanacaqdoldurma stansiyaları şəbəkəsinə şərik olub.

Bildirilir ki, onun hazırkı iş yeri və gəliri barədə məlumat yoxdur.

1.35 milyon dollarlıq saat, 300 min dollarlıq Mercedes söhbəti

Bundan əvvəl OCCRP-nin başqa bir araşdırmasında söhbət SOCAR şirkətinin iki filialının böyük qaz layihəsindən 1.7 milyard dollar əldə etməsindən bəhs olunurdu.

Araşdırmaçılar iddia edirlər ki, həmin layihə Rövnəq Abdullayevin qayınatası da daxil iç çevrəyə daxil olanların varlanmasına imkan yaradıb.

Hesabatda bu da xatırladılır ki, Grosvenor Square ünvanındakı evin alındığı ildə, yəni Rəşad Abdullayevin 25 yaşı olanda onun adı ailəsinin ifrat zənginliyini göstərən başqa bir işdə də hallanmışdı.

OCCRP yazır ki, o vaxt SOCAR-ın sözçüsü İbiza kurortunda qiyməti 1.35 milyon dollar olan qol saatının oğurlandığına dair söz-söhbəti inkar etmişdi. OCCRP bildirir ki, ona məlum olan polis sənədlərinə görə Rəşad Abdullayev həmin saatın ona məxsus olmadığını bildirmişdi.

Hesabatda bəzi məlumatlara görə Rəşad Abdullayevin Londonda qiyməti 300 min dollar olan nadir Mercedes avtomobilini sürərkən göründüyü iddia olunur.

OCCRP yazır ki, Grosvenor Square 20 ünvanındakı binanın inzibatçı masası bu binadakı mənzillərdən birinin Rəşad Abdullayevə məxsus olduğunu təsdiq edib.

XS
SM
MD
LG