Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Şoyqu və Duma deputatları da sanksiya siyahısındadır (Video)


Rusiyaya qarşı sanksiyalar genişlərir, Moskva qisas vəd edir
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Rusiyaya qarşı sanksiyalar genişlərir, Moskva qisas vəd edir

Sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünə və Ukrayna ərazisindəki iki qondarma separatçı bölgəni müstəqil dövlətlər kimi tanımasına görə qoyulur

Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları fevralın 23-dən qüvvəyə minib.

Rusiyanın Ukraynaya təcavüzünə görə qoyulan bu sanksiyalar Rusiyada Ukraynanın “ərazi bütövlüyünü hədələyən” 27 fərd və vahidi hədəfləyir.

Sanksiyalar müdafiə naziri Sergey Şoyquya, prezident Vladimir Putinin yükək vəzifəli müşavirlərindən birinə və qondarma Donetsk və Luqansk respublikalarının müstəqiliyinin tanınmasına səs vermiş 351 Duma deputatına qoyulur.

Sanksiya siyahısına salınanların Avropadakı aktivləri dondurulur və onların ittifaq ərazisinə səfərləri qadağan edilir.

Aİ bildirib ki, ehtiyatda yenə də sərt sanksiyalar saxlayır və əgər Putin Rusiya qoşunlarını Ukraynanın dərinliklərinə yeridərsə, bu cəza tədbirinə də əl atılacaq.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Aİ sanksiyalarını “yalnız ilk addım” adlandırıb və deyib ki, bunun ardınca yeni sanksiyalar gəlir.

Rusiya Dövlət Duması
Rusiya Dövlət Duması

Aİ bildirib ki, Şoyqunun üzərinə sanksiyalar onun qanunsuz ilhaq edilmiş Krımda Rusiya qoşunlarının təlimlərinə və qoşunların Ukrayna sərhədləri yaxınlığında yerləşdirilməsinə komandanlıq etdiyinə görə qoyulur.

Bu da əlavə edilir ki, Ukrayna ərazisində baş verən bütün hərbi əməliyyatlara görə Sergey Şoyqu da şəxsən məsuliyyət daşıyır.

Putin administrasiyasının rəhbəri Anton Vaynonun üzərinə sanksiyalar Kremlin qərarları qəbuletmə prosesində iştirakına və “Putinin düşüncəsinə təsir göstərdiyinə” görə qoyulur.

Sanksiyalar habelə Rusiya silahlı qüvvələrini maliyyələşdirən bankları hədəfləyir.

Bu bankların Avropa İttifaqının kapital və maliyyə bazarlarına girişi qadağan edilir.

Bayden Şimal Axını 2-yə sanksiya qoyur

Birləşmiş Ştatlar Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql etməli olan Şimal Axını 2 kəmərinə və onun rəhbərliyinə sanksiya qoyduğunu bəyan edib.

Prezident Co Baydenin fevralın 23-də verdiyi bəyanatda deyilir ki, sanksiyalar Rusiyanın Ukraynaya təcavüzünə və Ukrayna ərazisindəki iki qondarma separatçı bölgəni müstəqil dövlətlər kimi tanımasına görə qoyulur.

Almaniya əvvəllər ABŞ-ın bu qaz kəmərinə sanksiya qoymasına qarşı çıxırdı.

Buna baxmayaraq Almaniya kəmərə lisenziya verilməsi prosesini dayandırmışdı.

ABŞ sanksiyaları Moskvanı qəzəbləndirib

Moskva Birləşmiş Ştatların Rusiya üzərinə qoyduğu sanksiyalara acıqlı reaksiya verib.

Fevralın 22-də ABŞ prezidenti Co Bayden Rusiya bankları və fiziki şəxsləri üzərinə sanksiyaları elan etmişdi.

Rusiya Xarici İşlər Nazirliyi fevralın 23-də verdiyi bəyanatda bildirib ki, Moskva bu sanksiyalara sərt cavab verəcək:

"Heç şübhə olmasın ki, bu sanksiyalara, ola bilsin heç də simmetrik olmayan, Amerika tərəfi üçün ağrılı olmasına hesablanmış cavab veriləcək”.

Rusiyaya sanksiyalar artır

Kanada, Yaponiya və Avstraliya hökumətləri də Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçı “DXR” və “LXR” qurumlarını tanımasına görə Moskvaya sanksiyalar tətbiq edib.

Kanadanın Baş naziri Castin Trüdo Rusiyaya qarşı iqtisadi sanksiyaların ilk paketini açıqlayıb. Hökumət Kanada vətəndaşları və şirkətlərinə “DXR” (“Donetsk Xalq Respublikası”) və “LXR”də (“Luqansk Xalq Respublikası”) hər hansı maliyyə əməliyyatı aparmağı, Rusiyadan suveren borc istiqrazlarının alqı-satqısını qadağan edir.

Duma üzvləri, maliyyə sanksiyaları

Qondarma “respublikalar”ın müstəqilliyinin tanınmasına səs vermiş Dövlət Duması üzvlərinin hamısına sanksiya tətbiq edilir.

Kanada həmçinin adlarını açıqlamasa da, iki dövlət bankına sanksiya qoyulduğunu, onlarla maliyyə tranzaksiyalarının qadağan edildiyini bildirir.

Yaponiyanın Baş naziri Fumio Kisida Rusiyanı “Ukrayna ətrafında vəziyyətin tənzimlənməsi üçün diplomatik addımlara qayıtmağa” çağırıb. Onun sözlərinə görə, “LXR” və “DXR”in müstəqilliyinin tanınması “Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulmasıdır”.

Kisida qondarma “respublika” təmsilçilərinə viza verilməyəcəyini, onların kapitalının dondurulacağını, “DXR” və “LXR” ilə ixrac-idxalın və Yaponiyada Rusiya istiqrazlarının qadağan ediləcəyini bildirib.

Avstraliya

Avstraliyanın Baş naziri Skot Morrison da Rusiyaya sanksiyaları açıqlayıb. Təhlükəsizlik Şurasının səkkiz üzvünə şəxsi maliyyə sanksiyaları və səyahət qadağası tətbiq ediləcək. Rusiyanın ilhaq etdiyi Krıma və Sevastopola qarşı qüvvədə olan sanksiyalar isə “DXR” və “LXR”ə də şamil olunacaq.

Artıq Britaniya və ABŞ da sanksiyalarını açıqlayıb. Almaniya Şimal axını-2 qaz kəmərinin sertifikasiyasını dayandırıb.

Avropa İttifaqı Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə sanksiya tətbiq edəcək.

Putin fevralın 21-də Ukraynanın şərqində iki separatçı region müstəqil dövlətlər kimi tanıyıb, oraya qoşun yeridəcəyini bəyan edib. Kiyev, BMT, Qərb, digər ölkələr bu addımları pisləyiblər.

XS
SM
MD
LG