Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:28

Moskva Ukraynaya dair məxfi yazışmanı açdığına görə tənqid olunur


Sergey Lavrov
Sergey Lavrov

Moskva bildirir ki, yazışmanı xarici işlər naziri Sergey Lavrovun iclasa qatılmayacağı barədə əvvəlcədən bildiriş verməsinin isbatı üçün dərc edib

Fransa və Almaniya Moskvanı Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsi üçün göstərilən səylərə dair məxfi yazışmanı açmaqla diplomatik protokolu pozmaqda ititham ediblər.

Fransa Xarici İşlər Nazirlyinin sözçüsü Ann-Kler Legendre noyabrın 18-də deyib ki, “biz belə yanaşmanı diplomatik qayda və etiketlərə zidd sayırıq”.

Almaniya XİN də buna bənzər bəyanatla çıxış edib.

Moskva Ukrayna, Rusiya, Fransa və Almaniyanın daxil olduğu və Normand Formatı adlanan qrupla yazışmasını onun mövqeyinin təhrif edildiyini göstərmək üçün açıqladığını bildirib.

Paris bundan əvvəl Rusiyanı Normand Formatının nazirlər səviyyəsində görşündə iştirak etmədiyinə görə tənqid etmiş, habelə Rusiyanın Ukrayna münaqişəsinə dair təkliflərinə cavab verilmədiyi barədə Moskvanın iddialarını rədd etmişdi.

Moskva bildirir ki, 28 səhifədən ibarət yazışmanı xarici işlər naziri Sergey Lavrovun bu iclasa qatılmayacağı barədə əvvəlcədən bildiriş verməsinin isbatı üçün dərc edib.

Görüş noyabrın 11-də keçirilməli idi.

Lavrov inciyibmiş

Moskva sözü gedən sənədləri dərc etdikdən sonra Kiyev Rusiyanı Normand prosesini pozmaq cəhdində ittiham edib.

Bu sənədlərdən birində, 4 noyabr tarixli məktubda deyilirdi ki, Almaniya və Fransa nazirləri Moskvanın rusiyayönlü separatçılarla Ukrayna arasında davam edən münaqişənin “Ukraynanın daxili məsələsi” olduğuna dair mövqeyinə etiraz ediblər.

Legendre deyib ki, Moskvanın bu yazışmanı açıqlaması onun başqa tərəflər üçün qeyri-məqbul müxtəlif ön şərtlər qoymaqla prosesə mane olmaq istədiyini nümayiş etdirib.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Rusiyanı mümkün qədər tez danışıqlar masasına qayıtmağa çağırıb.

Öz növbəsində Lavrov deyib ki, nazirlərin görüşü planlaşdırılarkən Almaniya və Fransa tərəfləri “lovğa, yaraşmayan və çox da etik olmayan” bəyanatlar veriblər.

Ukraynanın şərqində Moskva tərəfindən dəstəklənən separatçılarla Kiyev arasında davam edən münaqişədə indiyədək 13 min 200 nəfər həyatını itirib.

Rusiya bu münaqişə ilə hər hansı bağlılığını israrla inkar edir.

XS
SM
MD
LG