Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:15

“Rusiyanın hərbi gücünün 70 faizi...”


Krıma yerləşdirilmiş vertolyotlar, peyk təsviri
Krıma yerləşdirilmiş vertolyotlar, peyk təsviri

“Bunun təlim olmaması dəqiqdir. Bu ideyaya zidd xeyli fakt var”

“Oğlum Ukraynaya getmək istəmirdi. Ailəmiz borc içindədi, nişanlısı analıq məzuniyyətinə çıxıb, o da hərbi kontrakt imzalamalı oldu”, – Baykal gölü yaxınlığındakı Buryatiyadan bir rus əsgərinin anası anonimlik şərtilə AzadAvropa/AzadlıqRadiosu-na bunları deyib.

“Dekabrın sonunda ona rəsmən deyildi ki, ‘təlimə’ göndərilir. Nədənsə, üç aylıq göndərdilər, baxmayaraq ki, təlimlərin 10 gün çəkəcəyini deyirdilər”, – ana danışır.

Rusiya həftələrdir Ukrayna ilə sərhəd yaxınlığına və ilhaq etdiyi Krım yarımadasına hərbi qüvvə cəmləyir. Fevralın 13-də Birləşmiş Ştatlar ərazidəki Rusiya əsgərlərinin sayının 130 minə çatdığını bildirib. Daha öncə bu sayın 100 min olduğu deyilirdi.

Moskva Ukraynaya hücuma hazırlaşması haqda deyilənləri rədd edir, qonşu Belarusda, eləcə də Qara dəniz və Azov dənizində legitim hərbi təlim keçdiyini bildirir.

“Bu ideyaya zidd xeyli fakt var”

Amma Münaqişə Kəşfiyyatı Komandası (Conflict Intelligence Team – CIT) qeyri-hökumət təşkilatının təsisçisi Ruslan Leviyev belə düşünmür. Bu qurum Rusiya ordusunun yerdəyişmələri haqda açıq mənbələrin informasiyasını monitorinq edir.

“Bunun təlim olmaması dəqiqdir. Bu ideyaya zidd xeyli fakt var”, – Leviyev AzadlıqRadiosu-na deyib.

Onun sözlərinə görə, Rusiyanın Belarusa göndərdiyi qüvvələr əvvəlki təlimlərdəkindən xeyli çoxdur və manevrlər üçün nəzərdə tutulmuş ərazilərə yerləşdirilməyib. Bu qüvvələr Belarusun Ukrayna ilə sərhədinə cəmləşdirilir.

“Bu regionda təlim keçirilməsi nəzərdə tutulmayıb, amma oraya həyəcan yaradan sayda qüvvə yerləşdirilib. Bu heç də əsgərlər üçün səhra düşərgəsi deyil. Xeyr, bu, hücum avadanlığı üçün ön düşərgədir”, – o vurğulayıb.

Əsgərlərə deyilən müddət

CIT-nin rusiyalı əsgərlərdən və onların qohumlarından aldığı saysız məlumatlar Buryatiyadan ananın dediklərini təsdiqləyir – əsgərlərə əsas bazadan azı iki ay uzaqda olacaqları deyilib. Bəzilərinə bu müddətin doqquz ay çəkəcəyinin deyildiyi də söylənir.

“Təlimlər isə cəmi 10 günlük nəzərdə tutulub. Hətta əsgərlərə deyilən minimum müddət belə təlimlərin rəsmi tarixinə uyğun gəlmir”, – Leviyev söyləyib.

Rusiya-Belarus təlimlərinin fevralın 20-də başa çatacağı bildirilir.

Fevralın 11-də “The Washington Post” qəzetinə müsahibəsində ABŞ-da mənzillənən CAN təhlil mərkəzinin hərbi təhlilçisi Maykl Kofman qeyd edib ki, Rusiyanın Belarusa göndərdiyi avadanlıq sayı belə təlimlər üçün normal deyil.

“Təlimlər Belarusda keçirilir”

Leviyev Rusiyanın Ukrayna ilə sərhəd regionlara qoşun yığmasını təlimlərlə izah etməyin çətin olduğunu vurğulayır.

“Bryansk, Kursk, Rostov regionlarında, ilhaq edilmiş Krımda onları görürük. Bütün bu ərazilərdə əsgər və avadanlıq var, baxmayaraq ki, təlimlər Belarusda keçirilir”, – Leviyev deyir.

Rusiyanın Müdafiə Nazirliyi ötən həftə bildirdi ki, Qərb və Cənub hərbi dairələrindən bölmələr planlaşdırılmamış hazırlıq təlimindən sonra bazalarına qayıdırlar. Ancaq Leviyev bu təlimin Ukrayna yaxınlığında qoşun yığmağa aidiyyatı olmadığını deyir.

CIT “Rusiyanın hərbi gücünün 70 faizə yaxınının” sərhədə qoşun cəmləməyə cəlb olunduğunu bildirir.

“Bu, görünməmiş bir şeydir. Heç vaxt belə şey baş verməyib. Diqqətinizə çatdırım ki, qüvvələrin irəliləməsi prosesi hələ də davam edir”, – Leviyev vurğulayır.

Böyük 7-lər ölkələri Rusiyaya xəbərdarlıq etdi
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

“Hər şey yerindədir”

Dekabrda bəzi təhlilçilər deyirdilər ki, böyük hücum ehtimalı yoxdur, çünki Rusiya hücum üçün vacib hava qüvvələrini, yaxud tibbi bölmələri, səhra qospitallarını səfərbər etməyib. Amma Leviyev bu səfərbərliyin ilin əvvəlindən baş verdiyini söyləyir.

“Hər şey yerindədir. Müharibəyə başlamaq üçün gərəkən hər şey sərhəddədir”, – o deyir, amma bunun heç də müharibənin qaçılmaz olması anlamına gəlmədiyini vurğulayır. Ola bilsin ki, Kreml “hücum hazırlanması görüntüsü üçün ən inandırıcı vəziyyət yaratmaq istəyir”.

“Amma bununla da qüvvələri sərhədə çox yaxınlaşdırırlar, bu isə partlayıcı vəziyyət yaradır. İstənilən əhəmiyyətsiz insident planları alt-üst edə bilər”, – Leviyev deyir.

“Hər şey partlaya və müharibə ola bilər. Buna görə də nəyisə öncədən proqnozlaşdırmaq mümkün deyil”, – o deyib.

XS
SM
MD
LG