Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 16:45

Ukrayna nümayəndələri Rusiya ilə danışıqlara yollanıb


Xarkovda Karazin Universitetinin binası
Xarkovda Karazin Universitetinin binası

Bu da bildirilir ki, danışıqlar Belarusun qərbindəki Brest regionunda keçiriləcək

Rusiya və Ukrayna aralarındakı danışıqların martın 3-də keçiriləcək ikinci raundunda atəşkəsi müzakirə edəcəklər.

Bu barədə məlumatı Rusiyanın baş danışqıçısı Vladimir Medinski verib.

Ukrayna prezidentinin administrasiyası xəbər təsdiq edib və bildirib ki, Ukrayna nümayəndələri artıq “yoldadırlar”.

Bu da bildirilir ki, danışıqlar Belarusun qərbindəki Brest regionunda keçiriləcək.

Bundan əvvəl CNN və Reuters agentliyinə müsahibəsində Ukrayna prezidenti Violodimir Zelenski demişdi ki, Ukrayna şəhərlərinin bombardman edildiyi bir vaxtda keçirilən danışıqlarda irəliləyişin əldə olunması çətindir.

Ukrayna: Xarkov nəzarətdədir, Xersonda döyüş gedir

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı martın 2-də bəyan edib ki, bəzi ərazilərdə Ukrayna əsgərləri “təşəbbüsü Rusiya işğalçılarından almaqdadır”. Ordu Rusiyanın üstünlüyü itirdiyi əraziləri açıqlayıb.

Ukrayna Daxili İşlər Nazirliyi Xarkovda yaşayış binalarının atəşə tutulduğunu, milli polisin qərargahının, Karazin Dövlət Universitetinin hədəfə alındığını bildirir.

Region qubernatoru Oleq Sinyehubov ötən gecəki zərbələrin şəhərdə xeyli yanğına səbəb olduğunu, amma şəhərin Ukrayna qüvvələrində qaldığını deyib. “Bütün hücumlar dəf edilib. Düşmən Rusiya ciddi itkilər verib”, – o, dpa agentliyinə deyib.

Ukraynanın UNIAN xəbər agentliyi Rusiyanın altı müasir tankının ələ keçirildiyini xəbər verir.

Xerson şəhərinin statusu da mübahisəlidir. Rusiya şəhəri nəzarətə aldığını bildirsə də, Ukrayna prezidentinin müşaviri martın 2-də günorta döyüşlərin davam etdiyini söyləyib.

“Şəhər ələ keçməyib, bizim tərəf onu müdafiə etməkdədir”, – Aleksey Arestoviç deyib.

***

Bu gün axşam Belarusda Rusiya-Ukrayna danışıqlarının ikinci raundu keçirilməlidir. Bunu Ukrayna prezidenti idarəsinin müşaviri Aleksey Arestoviç deyib.

***

Martın 2-də Ukrayna və Rusiya təmsilçiləri arasında Belarusda keçirilməsi gözlənən danışıqların ikinci raundu təxirə salınıb, Rusiya mediası bunu danışıqlara yaxın mənbəyə istinadla xəbər verir.

Kremlin martın 2-də bildirdiyinə görə, planlaşdırılan danışıqlar haqda “ziddiyyətli informasiya” var, Rusiya görüşə hazırdır, amma Ukrayna nümayəndə heyətinin gələcəyi bəlli deyil.

“Nümayəndə heyətimiz axşamüstü orada olacaq və Ukrayna təmsilçilərini gözləyəcəklər. Nümayəndə heyətimiz gecəyarıyadək danışıq aparmağa hazır olacaq”, – Kremlin sözçüsü Dmitri Peskov martın 2-də deyib.

Xarkov yenidən raket atəşinə tutuldu,dağıntılar var
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Ukrayna Xarici İşlər naziri Dmitri Kuleba isə ölkəsinin danışığa hazır olduğunu, amma nə vaxt keçiriləcəyinin aydın olmadığını söyləyib.

“Biz danışıqlara hazırıq, biz diplomatiyaya hazırıq, amma heç bir halda Rusiyanın ultimatumlarını qəbul etməyə hazır deyilik”, – o vurğulayıb.

Kuleba Rusiyanın mövqeyinin hələlik dəyişməz qaldığını söyləyib. Moskva Ukraynanın Krımın Rusiya tərəfindən ilhaqını, qondarma “DXR” və “LXR” “respublikaları”nın müstəqilliyini tanımasını, eləcə də bu ölkənin “demilitarizasiyasını” tələb edir.

***

Ukrayna silahlı qüvvələri Baş Qərargahının martın 2-də yaydığı rəqəmlərdə Rusiyanın 5 min 800-dək əsgər itirdiyi bildirilir. Amma bu rəqəmləri müstəqil təsdiqlətmək mümkün olmayıb. Həm də açıqlanan statistikanın yalnız öldürülən əsgərləri əhatələdiyi bəlli deyil.

Eyni zamanda Rusiyanın 30 təyyarəsinin, 31 helikopterinin, 211 tankının vurulduğu deyilir.

Ukrayna tərəfin itkiləri açıqlanmayıb. Ukrayna daha öncə yüzlərlə itki verdiyini deyirdi.

BMT-nin insan haqları ofisi Ukraynada 136 dinc sakinin öldürüldüyünü, 660 min nəfərin ölkədən çıxdığını bildirir.

BMT-nin qaçqınlar üzrə agentliyi isə Ukraynadan 870 min nəfərin qaçdığını açıqlayıb.

Rusiya isə itki sayını açıqlamır.

Ukrayna-Rusiya danışıqlarının baş tutub-tutmayacağı bəlli deyil. Ukrayna prezidentinin müşaviri martın 2-də “Reuters”ə deyib ki, danışıqların aparılması müzakirə olunur, amma “əsaslı gündəm” yaradılmalıdır.

Fevralın 28-də danışıqların birinci raundunda irəliləyiş əldə olunmayıb.

***

Rusiya qüvvələri Ukraynanın yaşayış məskənlərini bombardman etməkdədir, hərbi-desant qüvvələri Ukraynanın ikinci böyük şəhəri Xarkova eniblər.

Martın 2-də Rusiyanın Ukraynaya qarşı müharibəsi yeddinci günə girib, hələlik, Ukraynanın heç bir böyük şəhəri tutulmayıb.

Ekspertlər Moskvanın yaşayış məskənlərinə daxil olmazdan həmin əraziləri ağır atəşə tutması haqda xəbərdarlıq edirlər. Beynəlxalq Cinayət Məhkəməsi (ICC) Rusiya qüvvələrinin həyata keçirdiyi mümkün hərbi cinayətləri araşdırmaq planlarını açıqlayıb.

Xarkov

Ölkənin şimal-şərqindəki Xarkov ən ağır bombardmana məruz qalıb, son günlər raket zərbələrində onlarla sakin öldürülüb.

Region qubernatoru Oleq Singubov martın 2-də bildirib ki, son 24 saat ərzində azı 21 nəfər öldürülüb, azı 112 nəfər yaralanıb.

Xarkovdan gələn xəbərlərə görə, martın 2-də Rusiya desantçıları şəhərə daxil olub, Rusiya qüvvələri hərbi tibbi mərkəzə hücum edib. Ukraynanın UNIAN xəbər agentliyi Ukrayna qüvvələrinin Rusiyanın altı tankını ələ keçirdiyini xəbər verir.

Rusiya Xersonun nəzarətə alındığını deyir

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov martın 2-də televiziya ilə çıxışında deyib ki, “Silahlı qüvvələrin Rusiya bölmələri Xerson şəhərinin mərkəzini tam nəzarətə alıblar”.

Qara Dəniz sahilində yerləşən, 280 minədək əhalisi olan bu şəhər strateji əhəmiyyətli gəmiqayırma mərkəzi və limandır.

Mariupolun merinin martın 2-də səhər bildirdiyinə görə, Azov dənizi sahilində yerləşən bu şəhər atəş altındadır, yaralıları evakuasiya etmək mümkün deyil. Bu şəhər Rusiya ilə Ukraynanın şərqindəki separatçıların əsas hədəfidir.

Kiyev

Rusiya qüvvələri Ukrayna paytaxtı Kiyev ətrafına qoşun cəmləməkdədir. Martın 1-də şəhərdəki teleqülləyə raket zərbələri endirilib. Teleqüllə Holokost qətliamı məkanı yaxınlığında yerləşir.

Ukraynanın Daxili İşlər Nazirliyi teleqüllənin tüstü bürümüş fotosunu yayıb. Hücumda azı 5 nəfərin həlak olduğu xəbər verilir.

Kiyev ətrafında 65 km-dən çox uzanan artilleriya və zirehli maşın konvoyu mövqe tutmaqdadır.

Xarkovda azərbaycanlılar xilas olunmalarını gözləyir
Gözlə

No media source currently available

0:00 0:01:41 0:00

Hərbi cinayət iddiaları araşdırılacaq

Fevralın 28-də ICC prokurorluğu Ukraynada törədilmiş mümkün hərbi cinayətləri araşdırmağa başladığını açıqlayıb. Söhbət həm Rusiyanın fevralın 24-də başlamış təcavüzü, həm də onadək olan müddətdən gedir. Rusiya Ukraynanın Krım yarımadasını 2014-cü ildə ilhaq edib.

Məhkəmə indiyədək 2013-2014-cü illərdə Kiyevdə avropayönlü etirazların zorakılıqla yatırdılması, eləcə də Rusiyanın ilhaqından sonra Krımda törədildiyi bildirilən cinayətlər üzrə ilkin təhqiqat aparıb.

Martın 1-də Kanada ICC-yə dəstəyini bildirib, Rusiyanı məhkəmə ilə əməkdaşlığa çağırıb.

Kiyevə raket zərbələri endirilir. Teleqülləyə də raket düşüb
Gözlə

No media source currently available

0:00 0:01:09 0:00

Rusiya 2014-cü ildə Ukraynanın şərqindəki separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan münaqişədə 13 mindən çox insan öldürülüb.

Fevralın 22-də Ukraynanın şərqindəki separatçı Donetsk və Luqansk qurumlarını tanıyan Rusiya Prezidenti Vladimir Putin iki gün sonra bu ölkəyə hücuma başlayıb.

Qərb Moskvaya sanksiyalar tətbiq edir.

XS
SM
MD
LG