Keçid linkləri

2024, 20 Dekabr, Cümə, Bakı vaxtı 10:50

Moskva və Praqa arasında ‘zəhər qalmaqalı’ böyüyür (VIDEO)


Praqa meri Zdenek Hrib
Praqa meri Zdenek Hrib

Rusiyanın xarici işlər naziri Sergei Lavrov Moskvanın Praqaya bu şəhərin merini və başqa iki rəsmini zəhərləmək üçün casus göndərməsinə dair iddiaları “qondarma ittiham” adlandırıb.

Bu, iki ölkə arasında son zamanlar gərginliyi daha da artırmış “zəhər qalmaqalı” ilə bağlı Rusiyadan göstərilən ən yüksək səviyyəli reaksiya olub.

Bundan əvvəl Çexiyanın Respekt təhqiqat jurnalı adı çəkilməyən təhlükəsizlik mənbələrinə istinadən Rusiya kəşfiyyatının zabiti olduğu düşünülən bir nəfərin diplomatik pasportla Praqaya gəldiyini yazmışdı.

Jurnalın məqaləsində iddia edilirdi ki, bu şəxs Çexiyaya bir neçə rəsmini zəhərləmək üçün göndərilib.

Bu da bildirilirdi ki, həmin şəxsin çemodanından risin maddəsi tapılıb.

Sergei Lavrov aprelin 30-da deyib ki, Çexiya hakimiyyətinin özü ilə zəhər gəzdirən birisini müəyyən etdikdən sonra ölkəyə buraxması “ağlasığmaz” hadisə olardı:

“Onlar ölümcül zəhər aşkar ediblər və sonra onu ölkəyə buraxıblar? Ağlı başında olan kim belə qondarma söhbətə inanar?”

2018-ci ildə Britaniyada keçmiş Rusiya casusu Sergei Skripal və onun qızının zəhərlənməsində ittiham olunmuş Moskva zəhər barədə son iddiaları Çexiya tərəfinin “dezinformasiya kampaniyasının” bir hissəsi adlandırıb.

Kreml bildirib ki, bu cür ittihamların ikitərfli münasibətlər üçün “ciddi nəticələri” ola bilər.

“Diplomatik pasportlu casuslar”

Çexiyanın əks-kəşfiyyat orqanı BIS Rusiyanın Praqadakı səfirliyinə sığınan “diplomatik pasportlu casusların” ölkəyə qarşı təşkil etdikləri hədələr barədə son zamanlar dəfələrlə xəbərdarlıq edib.

Respekt jurnalının məqaləsində deyilir ki, sözü gedən şəxs hava limanından diplomatik maşınla Rusiya səfirliyinə aparılıb.

Məqalədə iddia olunurdu ki, çemodanında risin zəhəri olan Rusiya vətəndaşı Çexiyaya 3 həftə bundan əvvəl gəlib.

Jurnal bunu da yazırdı ki, zəhər sərhəddən diplomatik protokola görə yoxlanmadan buraxıla bilərdi.

Çexiyanın baş naziri Andrej Babis aprelin 28-də deyib ki, suveren Çexiya Respublikası “heç bir dünya gücünün” onun daxili işlərinə qarışmasına yol verməyəcək:

"Əgər deyilənlər həqiqətdirsə, xarici bir dövlətin bizim vətəndaşlarımıza qarşı hərəkəti qeyri-məqbuldur”.

Əgər çex rəsmilərin başına bir iş gəlsə…

Bəzi xəbərlərə görə Çexiyanın xarici işlər naziri Tomas Petricek Rusiyanın Praqadakı səfiri Aleksandr Zmeyevsky-yə hər hansı Çexiya rəsmilərinin “başına bir iş gələcəyi” təqdirdə bunun çox ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib.

Adları “zəhər iddialarında” yer alan Çexiya rəsmilərinin üçü də Kremli qəzəbləndirən hərəkətlərə yol veriblər və ya belə hərəkətləri dəstəkləyiblər.

Söhbət ilk növbədə bu yaxınlarda Rusiya səfirliyinin qarşısındakı meydana Putinin qatı tənqidçisi, qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun adının verilməsindən və sovet marşalı Ivan Konevin Praqa meydanlarının birindəki heykəlinin demontaj olunmasından gedir.

Çexiya habelə ölkənin rəsmi orqanları və xəstəxanalarına son kiberhücumları da Moskvanın mümkün qisası kimi qiymətləndirir.

Praqa meri zəhərlənmə təhlükəsinə görə polis nəzarətində olmasını təsdiqləyib
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

Üç rəsmi kimdir?

Sözü gedən Praqa rəsmilərinin üçü də onlara polis mühafizəsinin verildiyini təsdiq ediblər.

Onlardan biri – Praqa meri Zdenek Hrib aprelin 30-da AzadlıqRadiosuna deyib ki, ona polis mühafizəsinin verilməsi ilə bağlı təfərrüatlı şərh verməyə ixtiyarı yoxdur.

Lakin cənab Hrib təxminən bir ay bundan əvvəl demişdi ki, o, izlənməsi ilə əlaqədar polisə rəsmi şikayət edib.

Praqanın 6-cı rayonunun bələdiyyə başçısı Ondrej Kolar aprelin 28-də Prima TV kanalına deyib ki, sözü gedən iş barədə məlumat verə bilməz. Praqanın başqa bir rayonunun bələdiyyə rəhbəri Pavel Novotny da detallı məlumat verməkdən boyun qaçırıb.

Ondrej Kolar deyib:

"Mən yalnız bunu deyə bilərəm ki, mənə fasiləsiz polis mühafizəsi verilib. Mühafizənin verilməsi müəyyən faktlarla bağlıdır. Bu faktlar isə bundan ibarətdir ki, məni ləğv etmək üçün göndərilmiş rusiyalı var. Təkcə məni yox, cənab Hrib və cənab Novotny-nı da”.

Konev postamentdən endirildikdən dərhal sonra…

Kolar onun rəhbərlik etdiyi paytaxt rayonunda aprelin 3-də sovet marşalı Ivan Konevin heykəlinin sökülməsinə görə Kreml tərəfindən sərt tənqid olunub.

Konev II Dünya Müharibəsində Çexoslovakiyanın əksər ərazilərini alman nasistlərdən azad edən qoşun birləşmələrinin komandanı idi.

Heykəl postamentindən endirildikdən bir neçə gün sonra Çexiyanın Moskvadakı səfirliyinə maskalı adamların hücumu olub.

Onlar səfirliyin ərazisinə tüstü qumbarası atmış, diplomatik missiyanın hasarından “Faşizmi dayandırın” plakatını asmışdılar.

“Dostluq müqaviləsi”

Aprelin 30-da bu heykəlin meydandan götürülməsini şərh edən Lavrov bildirib ki, Praqa bu aktla 1993-cü il dostluq müqaviləsinin şərtlərini pozub.

Nazir deyib ki, bu müqaviləyə görə Çexiya II Dünya Müharibəsinin “rusiyalı qəhrəmanlarına” qoyulmuş abidələrin qorunması üçün öhdəlik götürüb.

Kolar bundan əvvəl demişdi ki, heykəl yeni muzeyə aparılacaq.

Praqada vlasovçuların xatirə daşı
Praqada vlasovçuların xatirə daşı

Novotny isə II Dünya Müharibəsində sovetlərə qarşı döyüşən rusiyalı əsgərlərə və onların komandanı general Vlasova abidə qoyulmasını təklif etməklə Kremlin qəzəbinə səbəb olub.

Rusiya general Vlasovu müharibədən sonra vətən xaini kimi güllələyib.

Aprelin 28-də AzadlıqRadiosuna danışan Novotny “zəhər məsələsində” qəti əmin olduğunu deyib.

O bildirib ki, “onlar belə bir hərəkəti törətməyə tam qadirdirlər”.

XS
SM
MD
LG